Ülvi xatirələrdə məbəd inşa edən müqəddəs insan
Babək Osmanoğlu Qurbanov (09.06.1939 – 28.03.2019) Bu məbədin sahibi BABƏK OSMANOĞLU QURBANOVDUR Sağlığında əməlləri ilə qəlbimizdə şahlara layiq
möhtəşəm taxt-tac qurdu ürəyimizdə, qəlbimizdə, xəyalımızda, amalımızda. İndi də
yaşayır, ürəyimizdə, qəlbimizdə, xəyalımızda, amalımızda, bu məbədin sahibi.
Örnək həyatı ilə, fəaliyyəti ilə nümunə oldu hər kəsə. Nur saçdı bir yaşam boyu
hər bir kəsə. Yol göstərdi elm yolunda hər kəsə. Dayaq oldu, arxa oldu imdad
diləyən köməksizə. Görməyənin gözü oldu, eşitməyənin qulağı oldu, duymayanın
duyğusu, hissi oldu. Qarışıq fikirlərin çözümü oldu. Şam kimi közərdi, həzin-həzin
alışdı, pünhan yandı öz içində. Niskilli, qəmli-kədərli yandı-yaxıldı öz
dünyasında. Bir kimsəni küsdürmədi, heç kimsənin qəlbinə, ruhuna belə toxunmadı,
könül aynasını sındırmadı, həssas yaşadı, pak yaşadı, dumduru, parlaq bir ömür
yaşadı Babək Qurbanov. Bu müqədəəs yolun yolçusu idi Babək Qurbanov. Sənət
yolunun dərvişi oldu. Bu dərvişə özü yoldaş oldu, sirdaş oldu, qardaş oldu,
taytuş oldu, həmdəm oldu ömür yolunu sonadək vəfalı insan olaraq mübarək qədəmləri
ilə son mənzilə addımladı ürəyimizdə, qəlbimizdə, xəyalımızda. Məskən saldı,
yurd saldı, əbədi məkan saldı çox insanların könül dünyasında. Belə bir örnək
ömrün sahibi indi anılarda yaşamaqdadır. Bəzən röyamda görürəm, məsləhət verir,
məqalə mövzusu verir ki, çalışam, yazam. Hiss edir ki, məsləhət almağa çox
möhtacam, dəyərli fikir almağa ehtiyacım böyükdür, çox-çox böyük. Həyatda bu
ehtiyaclarıma səmimiyyəti ilə yön verib yönləndirərdi, dəyərli məsləhətini heç
bir zaman əsirgəməzdi. Ağzından çıxan hər kəlmə mənim üçün önəmli idi, qiymətli
idi, əziz idi. Boğazdan yuxarı saxta söz deməzdi. Nə deyərdisə inanıb deyərdi,
təcrübədən, sınaqdan çıxarıb, min yol ölçüb biçdikdən sonra fikrini izhar edər,
tövsiyələrini ərmağan edərdi. Bir çıraq idi onu tanıyanların əhatəsində. Hər kəs
öz işıq payını alardı bu müdrik zəka günəşindən. Ağır xəstə olduğu zaman deyərdi
ki: "Hər yerim quruyub. Əlim qolum daha
tutmur məqalə yazam. Bircə başım işləyir”. Buna da şükür deyirdi. Şikayət
etmirdi. Tək bir gileyi vardı o da yaza bilməmək dərdi. Çox arzu edirdi ki, nəsə
yazıb çap etdirib böyük xalqına bəxş etsin. Bu istəyini gerçəkləşdirdiyi zaman
onda rahat olurdu. Bunu edə bilməməyin sıxıntısını yaşayır, son aylarda yazıb-yaratmağın
xiffətini çox çəkirdi Babək Qurbanov. Gözü-könlü
tox bir insan olaraq xatirəmdə məskən saldı. Heç kəsə möhtac deyildi. Xəstələndikdən
sonra bir tək həkimlərə möhtac qaldı... Şəfa tapa bilməsi üçün qurban demişdim.
Fəqət qurbanı kəsə bilmək mənə nəsib olmadı. Sağalsaydı bu qismətim müstəcəb
olacaqdı. Heyif olmadı. Niyyətim, diləyim gözümdə qaldı. Həyatın son aylarında
soldu gül kimi, fəqət qəlbimdə, xəyalımda, amalımda solmadı əbədi gül kimi. Gül
kimi insan idi Babək Qurbanov. Gül kimi ətir saçdı elmimizdə. Rövnəq gətirdi, şərəf
gətirdi, başucalığı gətirdi incəsənət dünyamızda. Hər kəs bəhrələndi bu
qoxudan. Bu ətirdən hər kəs nəsibini aldı. Xeyir tapdı elm yolunda. Göstərişləri
doğru, tövsiyələri sərrast oldu Babək müəllimin. Əsl sənət xiridarı idi Babək
müəllim. Elmin hər incəliklərindən baş açan təfəkkürə malik idi. Bu incəlikləri
zərgər dəqiqliyi ilə görən gözlərə malik idi. Elmin hər cığırına, hər keçidinə aşina
idi. Babək müəllimdə aspirantları öz ardınca çəkə bilmək məharəti var idi. Məqsədyönlü
hədəfə doğru düz istiqamətləndirməkdə səriştəsi çox idi, bol idi. Bu səxavətini
kimsədən əsirgəməzdi. Təmənnasız bəxş edərdi biliyini, təcrübəsini. Bu xasiyyətindən
əl çəkməzdi. Xeyir tapan insanların xoşbəxtliyinə öz uğuru kimi necə də ürəkdən
sevinərdi. Bu işindən həzz alardı, ləzzət alardı, zövq alardı. İnsan bağbanı
idi Babək müəllim. Örnək idi hər bir kəsə, nümunə idi onu tanıyanlara. Elmin mərkəzində
dayanmışdı. Hamını ora cəzb edirdi, maqnit kimi gənc elm adamlarını özünə çəkə
bilmək qüdrətinə sahib idi. Xeyriyyəçilik üçün gəlmişdi Azərbaycanımıza.
Xeyriyyə əməlləri ilə yaddaşlarda qaldı, dəyər verən ürəklərdə yerini aldı,
könüllərdə zəfər marşı çaldı. Ruhun şad olsun əziz insan, doğma qardaş, Vətənimizin
əsl alicənab övladı, böyük şəxsiyyət, böyük ziyalı, böyük insan. O dünyaya getsən
də, bil ki, bu dünyada bizimləsən. Bizim aramızda, səni sevənlərin əhatəsində,
dostların, qardaşların cərgəsindəsən. Haqq dünyasına gedişin mənim üçün ölüm
deyil əbədi yaşamaqdı Allahın hüzurunda, Səni tanıyanların, səni ananların qəlbində,
könül dünyasında. Ey böyük insan bu dünyaya pir gəldin, pir getdin, nur
gəldin, nur getdin. İnamla gəldin, inamla getdin. Qürurlu gəlib, qürurlu
getdin, məğrur gəlib, məğrur getdin, əzimlə gəldin, əzimlə getdin, ipək gəldin,
ipək getdin. Könlümüzdə əlvan ipəklərdən, bəzəyi zəngin ilmələrdən yuva qurdun.
O yuvanın bülbülü idi Babək müəllim. İndi içi boş qalıb. Kimsə o yuvanı zəbt edə
bilməz. O yuvanın bir sahibi var idi Babək Qurbanov ismində. Məkanın cənnət,
ruhun şad olsun ey nəhəng alim. Atan Osman Qağa istəyirdi yüz yaşayasan, fəqət
ömrün yetmədi. 20 il borclu qaldınsa da həyatda kimsəyə borclu qalmadın. Sözlərin
yadımda, fikirlərin amalımda yaşayıram səssiz-səmirsiz, xiffət çəkirəm sənsiz.
Alışıram sənsiz, korun-korun yanıram sənsiz. Bir kimsə bilməz nə çəkirəm. Aşıq
Ələsgər demiş: "Dərd əkib, qəm biçirəm”. Bir quşun iki qanadı idik. Biri sındı
tək qanadla uça bilmirəm Babək müəllim. Səkə-səkə qalmışam, dərdi-qəmi pünhan-pünhan,
için-için çəkə-çəkə yaşayıram, Babək müəllim. Bir zamanlar qoşa gəzdiyimiz yerləri
sən olmadan ziyarət edə bilmirəm. O məkanı sənsiz görmək istəmirəm. Mübarək qədəmlərin
toxunduğu yeri pisləmirəm. Tək səni görmək istərəm, çox istərəm... Prof.Dr. İlqar İMAMVERDİYEV, Gaziantep Universiteti, Türk Musiqisi Dövlət
Konservatoriyasının müəllimi 20 mart 2020-ci il
Facebook-da paylaş