• Təqvim

  • Maraq



“Daha mən tənha deyiləm”

Bu sözləri xanlıqlar kənd sakini, 90 yaşlı Şahniyar Yusifova söylədi
“Daha mən tənha deyiləm”
Həyatda hər bir insan abad, yaraşıqlı evinin olması arzusu ilə yaşayır. İnsan yaşadığı ev abad və yaraşıqlı olanda onun həyatı da normal keçir. Və insan yaşadıqca həyat sürdüyü ev doğma ocağa çevrilir. Xanlıqlar kənd sakini Şahniyar Əziz qızı Yusifova adi bir insan ömrü yaşamışdır. Sovet dönəmində kənd təsərrüfatının müxtəlif sahələrində çalışmış, öz halal zəhməti ilə dolanmışdır.

Çalışqan olmasına baxmayaraq həyat onun üzünə gülməmiş və ömrünün ahıl çağlarında tənha qalmışdır. Köməksiz və kimsəsiz olan bu qadın vaxtilə rayon rəhbərliyindən, insanlardan imdad diləmiş, kömək istəmişdir. Bu tənha qadının ən böyük arzusu yaşamaq üçün normal bir evinin olması idi. Bu arzu ilə çox adamlara ağız açmış, çox qapılar döymüşdü Şahniyar ana. Lakin arzusu elə arzu olaraq da qalmışdı.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən həyatımızın bütün sahələrinə diqqət yetirir, insanlara qayğı ilə yanaşır. Rayon rəhbərliyinin ağsaqqallara, ağbirçəklərə olan hörmətini Şahniyar Yusifovanın timsalında aydın şəkildə görmək olar. Rayon rəhbərliyinin tapşırığına əsasən
Ş.Yusifovanın vaxtı ilə yaşadığı uçuq, kimsəsiz daxmanın yerində yeni ev tikilmişdir. Ev inşa edilib başa çatdıqdan sonra rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov Ş.Yusifovaya yenidən baş çəkmişdir. İcra başçısını böyük sevgi və mehribanlıqla qarşılayan 90 yaşlı bu tənha qadın ona öz sonsuz hörmət və ehtiramını bildirmişdir. “Allah axır ki, mənim dualarımı qəbul etdi, səsimi eşitdi. Rəcəb müəllimi mənə arxa, dayaq kimi göndərdi- söyləyir Şahniyar Yusifova. Elə bilirəm ki, yenidən dünyaya gəlmişəm. Axır ki, mənim də öz evim, öz ocağım oldu”. Ş.Yusifova onu da dedi ki, artıq mən tənha deyiləm.

Elçin İSMAYIL


Facebook-da paylaş