Əcəl gəlmiş cahanə, xəstəliklər bəhanə...
Babək Qurbanov və İlqar İmamverdiyev 23 aprel 2017-ci il Akcaabat Bu təbiri
ilk dəfə Türkiyədə eşitdiyimdə mənasının dərinliyinə görə o an ürəyimə yazıldı.
Amma bilməzdim ki, bu təbir 2 ay öncə haqq dünyasına qovuşmuş böyük elm adamı,
professor Babək Qurbanovun həyatda olmadığı zaman 80 yaşının iyunun 9-da tamam
olduğu gündən üç gün əvvəl xatirə başlığı olaraq seçəcəyəm. Babək müəllimsiz
günlərdə yazacağım xatirə məqaləmə bir başlıq da bulmuşdum. "Öz ürəyindən başqa
kimsənin ürəyini sındırmayan insan”. Həqiqətən də Babək müəllimi tanıyan
şəxslərdən bu alicənab insan barədə neqativ söz duymadım desəm bəlkə də
inanmazlar. Əslində Babək müəllim nəinki onu tanıyanları və tanımayanları belə
öz səhhəti, öz vaxtı-çalışması hesabına "yox” sözü deyə bilmirdi. "Yox”
kəlməsini şəxsiyyətinə belə sığışdırmazdı. Ona görə də hər kəsin gerçək
sevgisini, hörmətini, məhəbbətini yaşadığı sadə bir həyat tərzində, öz körpə
qəlbli, duyğusal, həlim, xeyirxahlıq məramı ilə çırpınan ürəyində, Babək Qurbanov
ömründə şərəflə qazana bilmişdi. Bu baxımdan da hər kəs Babək müəllimdən
olduqca məmnun idilər. 18 il çalışdığımız dost ölkədə kimsə haqqında pis fikir,
bəd söz demədiyi üçün də, onun barədə də çox şəxslərdən xoş sözlərdən başqa heç
nə duymadım desəm buna inanın. Babək müəllim nəs fikirdən, qəlb incidən
xoşagəlməz sözlərdən çox-çox uzaqda dayanan türk təbiri ilə desək əfəndi bir Bəy
idi. Sözün əsl mənasında öz adına, Osman Sarıvəlli ocağına, Şıxlı yurduna, Qazax
elinə, Odlar diyarımız Azərbaycanımıza şərəf-şan qazandıran tərbiyəli, qanacaqlı,
əxlaq qaydalarına riayət edən, bu insani dəyərləri ünsiyyət məqamında həssascasına
gözləyən, özünün, sözünün yerini tanıyıb bilən əsl vətənpərvər, xalq, millət
təəssübünü çəkən ali insan səviyyəsini 700-dən artıq elmi yazıları, müəllifi
olduğu 48 kitabları ilə alicənab adını fəth etmiş nurlu bir insan, üzündə
peyğəmbər nuru olan ipək könüllü, səbrli, təmkinli əsilli-nəsilli ziyalımız, ağıryana
təbiətli həqiqi elm xadimi idi. Çoxyönlü zəngin mütaliələri ilə özünü o qədər
gəlişdirmişdi ki, elmin və sənətin ayrı-ayrı sahələri üzrə elmi məqalə yazmaq
onun qələmində çox asan bir iş idi. Nə yazacaqdısa mütləq o barədə yazılan elmi
mənbəəni öncədən çox qısa vaxt ərzində sürətlə mütaliə edib qeydlər apardıqdan
sonra əlyazma halında vərəqələrə köçürərdi. Təbii ki, vaxtın azlığını nəzərə
alıb məndən kompüterdə bu məqaləni təmizə çəkməmi xahiş edərdi. Qeyd etməliyəm
ki, Babək müəllimin 100-lərlə məqaləsini yazdığım üçün ilk oxucusu olaraq fəxr
edirdim. Hər bir məqaləsində elmilik yüksək səviyyəliliyi ilə diqqətimi
çəkərdi. Mövzu baxımından aktual olduğu üçün heç bir məqaləsi biri digərinə
bənzəməzdi. Babək müəllimi geniş şaxəli dünyagörüşü istər estetika, istər
etika, istər fəlsəfi, ədəbi, muzikoloji, rəssamlıq, heykəltəraşlıq,
kinoşünaslıq, istər kulturoloji elm sahəsi olsun, istərsə də xalq yaradıcılığı,
muğam və aşıq, rəqs sənəti sahəsində olsun hər biri mütəfəkkir düşüncələri ilə
yoğrulmuş şahanə əsərlər idi. Qeyd etməliyəm ki, bu ayrı-ayrı elm sahələrindəki
özünəməxsus terminalogiyaları yalnız hədəfində olan sahə üzrə xırıd edirdi. Mən
bu keyfiyyətinə məqalələrinin yazılmasına köməyimi əsirgəmədiyim zaman oxuyaraq
heyrət edərdim. Allah Təala onu Azərbaycan elminə başucalığı gətirməsi üçün bu
lütfü ondan əsirgəməmişdi. Müdrik fikirlərlə cilalanmış danışığı məqalələrinin
samballığında da özünü biruzə verirdi. Boş sözlərdən, saxta fikirlərdən uzaq
olan alimimizin məqalələrinin hər biri dərin mənalı məzmunla bahəm aktuallıq
kəsb etməsi ilə elm camiasının diqqətini çəkərdi. Çünki zehni mükəmməl,
düşüncəsi müdrik olanın qələmi də samballı olar. Babək
müəllimin yoxluğu Azərbaycan xalqı üçün böyük dərd, ağır itkidir. Sovetlər
dönəmində Rus elminin dünyada tüğyan etdiyi zaman Babək müəllimin adı da yuxarı
məqamlarda distansiyalardan diqqətçəkici elmi yazıları ilə aydın duyulmaqda idi.
O, Azərbaycan musiqişünaslıq – estetika, fəlsəfə elmini həqiqətən vicdanla,
qeyrətlə, ləyaqətlə tərənnüm edirdi. Babək müəllim özü o dünyaya getsə də gözü
bu dünyada tamarzı qaldı. Çünki yazılası çoxsayda fundamental elmi əsərlər
möhtəşəm qələmindən çoxsayda yazılara tökülmədən yarımçıq qaldı. Nədənsə
Babək müəllimin adı gələndə ilk öncə Xurrəmilər hərəkatının banisi və daha
sonra Osmanoğlu Babəki hər zaman anıram. Təbiidir ki, ilk Babək xalq qəhrəmanı,
ikinci Babək isə elm fatehi olub Azərbaycan musiqişünaslıq elmimizə keçən əsrin
70-ci illərindən qeyd etdiyimiz günə kimi sözün həqiqi anlamında əsl
sərkərdəlik vəzifəsini heyrətamiz düşüncələrini ifadə edən müdrik, qılnc kimi
kəsərli qələmi ilə yerinə yetirmişdir. Babək
müəllim bir ömür yaşadı. Hətta sirdaşına açmadan, bir kimsəyə bildirmədən belə
dünyanın dərdi-sərini, problemlərini yalnız həssas ürəyində pünhan daşıdı.
Üzündən nur yağsa da gözlərinin dərinliklərində böyük ağrı-acıların,
dərdi-qəmin lövbər salması hiss olunurdu. Hər gün bir otaqda çalışsaq da nə qəm
idi, nə dərd idi ürək məkanında yuvalanan heç cür biləmmədim-biləmmədim? Bəlkə
də məni dərdə salmaması üçün heç bir kəlmə də dilinə gətirmədi. 18 yaş kiçik
olsam da hər zaman mənə "dayı” deyərdi. Mən də eyni müraciətlə "dayı” deyərdim.
Son illərə kimi bu müraciət beləcə davam etdi. Bir gün dedim ki, "Ay dayı
bilmədik ki, kim-kimin bacısı oğludur”. Hələ də buna bir aydınlıq belə gətirə
bilmədik. Bu fikri bir neçə dəfə təkrar etsəm də nədənsə bu sözümə bir dəfə də
olsun cavab vermədi. Babək
müəllim hər il 10-a yaxın elmi məqalələrini Azərbaycanın jurnal və ya fərqli
qəzetlərində yayınlatsa da bu barədə məlumat verməyi heç sevməzdi. Təsadüfən
ağzından qaçırdığı zaman bilirdim ki, dayımın məqaləsi çap olunub. Bu səbəblə də
deyirdim ki, "Həmin məqaləni də "Tərcümeyi-hal”ına əlavə edək”. Türkiyədə
"Özkeçmiş” deyirlər. Universitetin personal dairə başkanlığı hər il
müəllimlərdən fəaliyyət raporu istədikləri üçün yayınlatdığımız məqalə və ya
kitabların adını məcburən siyahıya salırdıq. Bir neçə simpoziumlara Babək
müəllimlə dəvət aldığımız (Niğde, Nevşəhər, Sivas, İstanbul, Antaliya,
Osmaniyə, Diyarbakır, Ankara, Trabzon və s.) zaman hörmətli alimimizin necə
ətraflı, aktuallığı ilə seçilən maraqlı, təcrübəli və sərişdəli çıxışının
şahidi olmaqdan qürur hissi keçirmişəm. Müxtəlif elm adamları bu çıxışdan sonra
onunla tanış olmağa can atar, vizit kartlarını, telefon nömrələrini böyük həvəslə
Babək müəllimə təqdim edərdilər. Trabzonun valisi Yecel Yavuz, Babək Qurbanov və İlqar İmamverdiyev 23 aprel 2017-ci il Babək
Osmanoğlu müəllimlərə örnək olası nümunəvi pedaqoq idi. Tələbələrini elmə
həvəsləndirməkdə Babək müəllimin tayı-bərabəri yox idi. Dərs bitdikdən sonra sinifinə
kimi Babək müəllimi təqib edər və müxtəlif suallara cavab almaq həvəsində
idilər. Bu hal Babək müəllimin pedaqoji fəaliyyət sahəsindəki uğurunun
təcəlləsi idi. Ona görə də hər bir tələbə Babək müəllimə hörmət və ehtiramla,
türk təbiri ilə desək "sayğıyla” yanaşardılar. Babək müəllimin çox böyük alim
olmasını isbatlayan bir fakt, tələbələrin ona "Hocaların hocası” demələri idi. Doğrudan
da bu nöqteyi-nəzərindən 33 aspirant Babək müəllimin xeyir-duası ilə elmin
zirvəsinə yüksələ bilmiş, öz sahələrində uğurlu fəaliyyətlər göstərməkdədirlər. Keçən əsrin
60-cı illərin sonlarından başlamış günümüzədək bir çox mətbuat səhifələrində
yayınlatdığı, mövzu baxımından fərqli məqalələri köhnəlib saralmış qəzetlərdən
xilas edib kiril alfabesindən təkrar latıncaya köçürməkdə əsas niyyətim bu
azman alimimizin külliyyatını bir araya gətirib özünün iştirakı ilə çap
etdirmək idi. Bu məqsədlə də bir neçə il bu işlə məşğul oldum və 9 cildlik
kitabın ilkin halına gətirə bildim. Hər zaman deyirdim ki, "Ay dayı” bu
külliyatları çap etdirməyin vaxtı çoxdan çatmışdır. Gənc nəsilin Babək
Qubanovun zehnindən süzülən, qələmindən çıxanlarla tanış olmasına razılığını
ver. Başqa işlərlə uğraşma. Daha yetər. Əsas işini bir kənara qoyub başqa elm
adamlarının məqalələrini yayınladıb bizi bu xəzinədən məhrum etmə. Təəssüf ki,
bu iradımı dinləmədi. Azərbaycana getmək ərəfəsində bütün külliyatını "Flaş
disk”ə qeyd edilmiş halda özünə təqdim edib dedim: "Dayı bil ki, tək nüsxədir,
o da səndədir. Məndə yoxdur”. Vətəndə olduğun zaman redaktə edib nəşriyyata ver
qoy işıq üzü görsün. Lakin belə deyirlər. "Sən saydığını say, gör fələk nə
sayır”. Babək
müəllimdəki bir dəyərli keyfiyyət o idi ki, heç bir yaxşılığı unutmazdı. Bir kimsədən
xeyirxahlıq görsə, yəni bəstələrini bir musiqiçi (pianoçular Prof.Dr.Həqiqət
Məhərrəmova, Əfqan Zəki Saleh, İlqar İmamverdiyev, Fərhat Ağamalızadə) konsertlədə
çalmış olurdusa və ya adını hər hansı bir elmi dərgidəanırdısa, bir zaman bu əlamətdar hadisəni özününməqalələrinin bir yerində mütləq qeyd edər,həmin şəxsin qəlbini sevindirməkdən həzz alardı.
Ağayana bir ömür yaşayan Babək müəllim heç kimin qarşısında günahkar olmadı.
Çünki doğru-dürüst şəxs kimi yaşamağı əzəldən özünə məram götürdü. Göründüyü
kimi oldu, olduğu kimi göründü. Bir insanoğluna əziyyət verməyib
qəlbini sındırmadı. Edilən savab işin qarşılığını, əvəzini hər
zaman xeyirxah əməlləri ilə layiqincəverməyə çalışardı. Babək müəllim heç kəsin qarşısında boynubükük,
borclu olaraq qalmadı. Həyatının ən son finalında bir can borcu var idi, onu da
28 martda Allah Təalaya əmanət verib çəkib köç karvanını bu nahaq dünyadan haqq
dünyasına, əbədi cənnətməkana qədəm qoyub onu sevənləri tərk etdi. Allah Rəhmət
eləsin ay dayı! 80 yaşın tamam olur. Bu münasibətlə səni sevənlərin, əzizlərin,
səmimi dostların, etibarlı qardaşların kövrəlmiş qəlbində niskil dolu
duyğularla təbrik edirlər.
Prof.
Dr. İlqar Cəmiloğlu İmamverdiyev Qaziantep Universiteti Türk Musiqisi Dövlət
Konservatoriyası 6 iyun 2019-cu il, saat 20:27
Facebook-da paylaş