Əsas Səhifə > Mədəniyyət > Əcəl gəlmiş cahanə, xəstəliklər bəhanə...

Əcəl gəlmiş cahanə, xəstəliklər bəhanə...


15-06-2019, 12:21

Babək Qurbanov və İlqar İmamverdiyev

23 aprel 2017-ci il Akcaabat

Bu təbiri ilk dəfə Türkiyədə eşitdiyimdə mənasının dərinliyinə görə o an ürəyimə yazıldı. Amma bilməzdim ki, bu təbir 2 ay öncə haqq dünyasına qovuşmuş böyük elm adamı, professor Babək Qurbanovun həyatda olmadığı zaman 80 yaşının iyunun 9-da tamam olduğu gündən üç gün əvvəl xatirə başlığı olaraq seçəcəyəm. Babək müəllimsiz günlərdə yazacağım xatirə məqaləmə bir başlıq da bulmuşdum. "Öz ürəyindən başqa kimsənin ürəyini sındırmayan insan”. Həqiqətən də Babək müəllimi tanıyan şəxslərdən bu alicənab insan barədə neqativ söz duymadım desəm bəlkə də inanmazlar. Əslində Babək müəllim nəinki onu tanıyanları və tanımayanları belə öz səhhəti, öz vaxtı-çalışması hesabına "yox” sözü deyə bilmirdi. "Yox” kəlməsini şəxsiyyətinə belə sığışdırmazdı. Ona görə də hər kəsin gerçək sevgisini, hörmətini, məhəbbətini yaşadığı sadə bir həyat tərzində, öz körpə qəlbli, duyğusal, həlim, xeyirxahlıq məramı ilə çırpınan ürəyində, Babək Qurbanov ömründə şərəflə qazana bilmişdi. Bu baxımdan da hər kəs Babək müəllimdən olduqca məmnun idilər. 18 il çalışdığımız dost ölkədə kimsə haqqında pis fikir, bəd söz demədiyi üçün də, onun barədə də çox şəxslərdən xoş sözlərdən başqa heç nə duymadım desəm buna inanın. Babək müəllim nəs fikirdən, qəlb incidən xoşagəlməz sözlərdən çox-çox uzaqda dayanan türk təbiri ilə desək əfəndi bir Bəy idi. Sözün əsl mənasında öz adına, Osman Sarıvəlli ocağına, Şıxlı yurduna, Qazax elinə, Odlar diyarımız Azərbaycanımıza şərəf-şan qazandıran tərbiyəli, qanacaqlı, əxlaq qaydalarına riayət edən, bu insani dəyərləri ünsiyyət məqamında həssascasına gözləyən, özünün, sözünün yerini tanıyıb bilən əsl vətənpərvər, xalq, millət təəssübünü çəkən ali insan səviyyəsini 700-dən artıq elmi yazıları, müəllifi olduğu 48 kitabları ilə alicənab adını fəth etmiş nurlu bir insan, üzündə peyğəmbər nuru olan ipək könüllü, səbrli, təmkinli əsilli-nəsilli ziyalımız, ağıryana təbiətli həqiqi elm xadimi idi. Çoxyönlü zəngin mütaliələri ilə özünü o qədər gəlişdirmişdi ki, elmin və sənətin ayrı-ayrı sahələri üzrə elmi məqalə yazmaq onun qələmində çox asan bir iş idi. Nə yazacaqdısa mütləq o barədə yazılan elmi mənbəəni öncədən çox qısa vaxt ərzində sürətlə mütaliə edib qeydlər apardıqdan sonra əlyazma halında vərəqələrə köçürərdi. Təbii ki, vaxtın azlığını nəzərə alıb məndən kompüterdə bu məqaləni təmizə çəkməmi xahiş edərdi. Qeyd etməliyəm ki, Babək müəllimin 100-lərlə məqaləsini yazdığım üçün ilk oxucusu olaraq fəxr edirdim. Hər bir məqaləsində elmilik yüksək səviyyəliliyi ilə diqqətimi çəkərdi. Mövzu baxımından aktual olduğu üçün heç bir məqaləsi biri digərinə bənzəməzdi. Babək müəllimi geniş şaxəli dünyagörüşü istər estetika, istər etika, istər fəlsəfi, ədəbi, muzikoloji, rəssamlıq, heykəltəraşlıq, kinoşünaslıq, istər kulturoloji elm sahəsi olsun, istərsə də xalq yaradıcılığı, muğam və aşıq, rəqs sənəti sahəsində olsun hər biri mütəfəkkir düşüncələri ilə yoğrulmuş şahanə əsərlər idi. Qeyd etməliyəm ki, bu ayrı-ayrı elm sahələrindəki özünəməxsus terminalogiyaları yalnız hədəfində olan sahə üzrə xırıd edirdi. Mən bu keyfiyyətinə məqalələrinin yazılmasına köməyimi əsirgəmədiyim zaman oxuyaraq heyrət edərdim. Allah Təala onu Azərbaycan elminə başucalığı gətirməsi üçün bu lütfü ondan əsirgəməmişdi. Müdrik fikirlərlə cilalanmış danışığı məqalələrinin samballığında da özünü biruzə verirdi. Boş sözlərdən, saxta fikirlərdən uzaq olan alimimizin məqalələrinin hər biri dərin mənalı məzmunla bahəm aktuallıq kəsb etməsi ilə elm camiasının diqqətini çəkərdi. Çünki zehni mükəmməl, düşüncəsi müdrik olanın qələmi də samballı olar.

Babək müəllimin yoxluğu Azərbaycan xalqı üçün böyük dərd, ağır itkidir. Sovetlər dönəmində Rus elminin dünyada tüğyan etdiyi zaman Babək müəllimin adı da yuxarı məqamlarda distansiyalardan diqqətçəkici elmi yazıları ilə aydın duyulmaqda idi. O, Azərbaycan musiqişünaslıq – estetika, fəlsəfə elmini həqiqətən vicdanla, qeyrətlə, ləyaqətlə tərənnüm edirdi. Babək müəllim özü o dünyaya getsə də gözü bu dünyada tamarzı qaldı. Çünki yazılası çoxsayda fundamental elmi əsərlər möhtəşəm qələmindən çoxsayda yazılara tökülmədən yarımçıq qaldı.

Nədənsə Babək müəllimin adı gələndə ilk öncə Xurrəmilər hərəkatının banisi və daha sonra Osmanoğlu Babəki hər zaman anıram. Təbiidir ki, ilk Babək xalq qəhrəmanı, ikinci Babək isə elm fatehi olub Azərbaycan musiqişünaslıq elmimizə keçən əsrin 70-ci illərindən qeyd etdiyimiz günə kimi sözün həqiqi anlamında əsl sərkərdəlik vəzifəsini heyrətamiz düşüncələrini ifadə edən müdrik, qılnc kimi kəsərli qələmi ilə yerinə yetirmişdir.

Babək müəllim bir ömür yaşadı. Hətta sirdaşına açmadan, bir kimsəyə bildirmədən belə dünyanın dərdi-sərini, problemlərini yalnız həssas ürəyində pünhan daşıdı. Üzündən nur yağsa da gözlərinin dərinliklərində böyük ağrı-acıların, dərdi-qəmin lövbər salması hiss olunurdu. Hər gün bir otaqda çalışsaq da nə qəm idi, nə dərd idi ürək məkanında yuvalanan heç cür biləmmədim-biləmmədim? Bəlkə də məni dərdə salmaması üçün heç bir kəlmə də dilinə gətirmədi. 18 yaş kiçik olsam da hər zaman mənə "dayı” deyərdi. Mən də eyni müraciətlə "dayı” deyərdim. Son illərə kimi bu müraciət beləcə davam etdi. Bir gün dedim ki, "Ay dayı bilmədik ki, kim-kimin bacısı oğludur”. Hələ də buna bir aydınlıq belə gətirə bilmədik. Bu fikri bir neçə dəfə təkrar etsəm də nədənsə bu sözümə bir dəfə də olsun cavab vermədi.

Babək müəllim hər il 10-a yaxın elmi məqalələrini Azərbaycanın jurnal və ya fərqli qəzetlərində yayınlatsa da bu barədə məlumat verməyi heç sevməzdi. Təsadüfən ağzından qaçırdığı zaman bilirdim ki, dayımın məqaləsi çap olunub. Bu səbəblə də deyirdim ki, "Həmin məqaləni də "Tərcümeyi-hal”ına əlavə edək”. Türkiyədə "Özkeçmiş” deyirlər. Universitetin personal dairə başkanlığı hər il müəllimlərdən fəaliyyət raporu istədikləri üçün yayınlatdığımız məqalə və ya kitabların adını məcburən siyahıya salırdıq. Bir neçə simpoziumlara Babək müəllimlə dəvət aldığımız  (Niğde, Nevşəhər, Sivas, İstanbul, Antaliya, Osmaniyə, Diyarbakır, Ankara, Trabzon və s.) zaman hörmətli alimimizin necə ətraflı, aktuallığı ilə seçilən maraqlı, təcrübəli və sərişdəli çıxışının şahidi olmaqdan qürur hissi keçirmişəm. Müxtəlif elm adamları bu çıxışdan sonra onunla tanış olmağa can atar, vizit kartlarını, telefon nömrələrini böyük həvəslə Babək müəllimə təqdim edərdilər.

 

Trabzonun valisi Yecel Yavuz, Babək Qurbanov və İlqar İmamverdiyev

23 aprel 2017-ci il

Babək Osmanoğlu müəllimlərə örnək olası nümunəvi pedaqoq idi. Tələbələrini elmə həvəsləndirməkdə Babək müəllimin tayı-bərabəri yox idi. Dərs bitdikdən sonra sinifinə kimi Babək müəllimi təqib edər və müxtəlif suallara cavab almaq həvəsində idilər. Bu hal Babək müəllimin pedaqoji fəaliyyət sahəsindəki uğurunun təcəlləsi idi. Ona görə də hər bir tələbə Babək müəllimə hörmət və ehtiramla, türk təbiri ilə desək "sayğıyla” yanaşardılar. Babək müəllimin çox böyük alim olmasını isbatlayan bir fakt, tələbələrin ona "Hocaların hocası” demələri idi. Doğrudan da bu nöqteyi-nəzərindən 33 aspirant Babək müəllimin xeyir-duası ilə elmin zirvəsinə yüksələ bilmiş, öz sahələrində uğurlu fəaliyyətlər göstərməkdədirlər.

Keçən əsrin 60-cı illərin sonlarından başlamış günümüzədək bir çox mətbuat səhifələrində yayınlatdığı, mövzu baxımından fərqli məqalələri köhnəlib saralmış qəzetlərdən xilas edib kiril alfabesindən təkrar latıncaya köçürməkdə əsas niyyətim bu azman alimimizin külliyyatını bir araya gətirib özünün iştirakı ilə çap etdirmək idi. Bu məqsədlə də bir neçə il bu işlə məşğul oldum və 9 cildlik kitabın ilkin halına gətirə bildim. Hər zaman deyirdim ki, "Ay dayı” bu külliyatları çap etdirməyin vaxtı çoxdan çatmışdır. Gənc nəsilin Babək Qubanovun zehnindən süzülən, qələmindən çıxanlarla tanış olmasına razılığını ver. Başqa işlərlə uğraşma. Daha yetər. Əsas işini bir kənara qoyub başqa elm adamlarının məqalələrini yayınladıb bizi bu xəzinədən məhrum etmə. Təəssüf ki, bu iradımı dinləmədi. Azərbaycana getmək ərəfəsində bütün külliyatını "Flaş disk”ə qeyd edilmiş halda özünə təqdim edib dedim: "Dayı bil ki, tək nüsxədir, o da səndədir. Məndə yoxdur”. Vətəndə olduğun zaman redaktə edib nəşriyyata ver qoy işıq üzü görsün. Lakin belə deyirlər. "Sən saydığını say, gör fələk nə sayır”.

Babək müəllimdəki bir dəyərli keyfiyyət o idi ki, heç bir yaxşılığı unutmazdı. Bir kimsədən xeyirxahlıq görsə, yəni bəstələrini bir musiqiçi (pianoçular Prof.Dr.Həqiqət Məhərrəmova, Əfqan Zəki Saleh, İlqar İmamverdiyev, Fərhat Ağamalızadə) konsertlədə çalmış olurdusa və ya adını hər hansı bir elmi dərgidəanırdısa, bir zaman bu əlamətdar hadisəni özününməqalələrinin bir yerində mütləq qeyd edər,həmin şəxsin qəlbini sevindirməkdən həzz alardı. Ağayana bir ömür yaşayan Babək müəllim heç kimin qarşısında günahkar olmadı. Çünki doğru-dürüst şəxs kimi yaşamağı əzəldən özünə məram götürdü. Göründüyü kimi oldu, olduğu kimi göründü. Bir insanoğluna əziyyət verməyib qəlbini sındırmadı. Edilən savab işin qarşılığını, əvəzini hər zaman xeyirxah əməlləri ilə layiqincəverməyə çalışardı. Babək müəllim heç kəsin qarşısında boynubükük, borclu olaraq qalmadı. Həyatının ən son finalında bir can borcu var idi, onu da 28 martda Allah Təalaya əmanət verib çəkib köç karvanını bu nahaq dünyadan haqq dünyasına, əbədi cənnətməkana qədəm qoyub onu sevənləri tərk etdi. Allah Rəhmət eləsin ay dayı! 80 yaşın tamam olur. Bu münasibətlə səni sevənlərin, əzizlərin, səmimi dostların, etibarlı qardaşların kövrəlmiş qəlbində niskil dolu duyğularla təbrik edirlər.

Prof. Dr. İlqar Cəmiloğlu İmamverdiyev

Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyası

6 iyun 2019-cu il, saat 20:27


Geri qayıt