Vətən uğrunda Şəhid olanlar unudulmur
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Vətən torpaqlarının qorunmasında, Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu hər zaman gənclərimizə örnək olmalıdır. Hər bir Azərbaycan vətəndaşı Şəhidlərini, Milli Qəhrəmanlarını tanıtmaq uğrunda çalışmalı, şəhidlərimizin keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Çünki Vətən torpağı tam olsun deyə canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalan, ən böyük şərəf və qürur hissi ilə xatırlayacağımız igid oğullarımızı yad etmək hər birimizin ən müqəddəs vəzifəsidir.
Bugünkü yetişməkdə olan gənc nəsil şəhidlərimizin həyat yoluna nəzər salan zaman anlamalıdır ki, Şəhidlik adlı zirvəyə yol ancaq Vətəni, torpağı, milləti canından artıq sevməkdən keçir. Bu yolu gedənləri, Şəhidlik zirvəsini fəth edənləri, adlarını Vətənimizin, dövlətimizin tarixinə qızıl hərflərlə yazanları unutmamaq bizim mənəvi borcumuzdur.
Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur.
GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Məmməd Məmmədovun, Zülfüqar Mirzəliyevin, kiçik çavuş Elşad Yusifovun, Rövşən Alıyevin, Baləgədə Hacıyevin, Elburus Məmmədovun, Ədilxan Bəşirovun, Qalib Əliyevin, Əhməd Əliyevin əziz xatirəsini ehtiramla yad edirik.
Məmmədov Məmməd Zahid oğlu
Məmmədov Məmməd Zahid oğlu 3 avqust 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1976-cı ildə Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1986-cı ildə həmin orta məktəbi bitirmişdir. 1987-1989-cu illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Məmmədov Məmməd Zahid oğlu 6 yanvar 1993-cü ildə Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Mirzəliyev Zülfüqar Bəkir oğlu
Mirzəliyev Zülfüqar Bəkir oğlu 5 avqust 1970-ci ildə Qazax rayonunun Kommuna (indiki Bala Çaylı) kəndində anadan olmuşdur. 1976-cı ildə Kommuna kənd 8 illik orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1984-1986-cı illədə Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinifini bitirmişdir. Daha sonra SSRİ silahlı qüvvələrinə çağırılmış və 2 il hərbi xidmətdə olmuşdur. 1991-ci ildə könüllü olaraq Milli Orduya getmiş, kəşfiyyat dəstəsində xidmət etmişdir. Mirzəliyev Zülfüqar Bəkir oğlu 6 yanvar 1993-cü ildə Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Zülfüqar Mirzəliyev Çaylı kənd Şəhidlər xiyabanında dəfn edilmiş və adını əbədiləşdirmək üçün Bala Çaylı kəndində büstü qoyulmuş, adına bulaq çəkilmişdir.
Kiçik çavuş Yusifov Elşad İbrahim oğlu
Yusifov Elşad İbrahim oğlu 7 yanvar 1967-ci ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 20 may 1994-cü ildə Quşçu Ayrım kəndi ərazisində erməni işğalçılarının tankı partlatması nəticəsində şəhid olmuşdur. 1994-cü ildə şəhid statusu verilmişdir.
Alıyev Rövşən Cəbrayıl oğlu
Alıyev Rövşən Cəbrayıl oğlu 1 oktyabr 1977-ci ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1984-cü ildə Qızılhacılı kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuş, 1995-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 10-cu sinifini bitirmişdir. Sumqayıt şəhər Mədəniyyət şöbəsinin nəzdində mühasib ixtisası üzrə təhsil almışdır. 1997-ci ildə Azərbaycanın Milli Ordu sıralarına çağırılmışdır. 8 yanvar 1998-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndi istiqamətində gedən döyüşdə şəhid olmuşdur. Subay idi.
Hacıyev Baləgədə Həsən oğlu
Hacıyev Balagədə Həsən oğlu 8 yanvar 1941-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1948-ci ildə Qaymaqlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1958-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1959-62-ci illərdə Xaborovski şəhərində hərbi xidmətdə olmuşdur. 1963-cü ildən ömrünün sonuna qədər mexanizator vəzifəsində işləmişdir. 27 oktyabr 1991-ci ildə şəhid olmuşdur.
Məmmədov Elburus Veyis oğlu
Məmmədov Elburus Veyis oğlu 9 yanvar 1981-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 10 may 1996-cı ildə Kəmərli kəndində güllə yarasından şəhid olmuşdur.
Bəşirov Ədilxan Əmirxan oğlu
Bəşirov Ədilxan Əmirxan oğlu 10 yanvar 1972-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1979-cu ildə Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1990-cı ildə sovetlər birliyində hərbi xidmətə çağırılmış, 1992-ci ildə tərxis olmuşdur. Həmin il Azərbaycan Milli Ordusuna çağırılmışdır. 9 mart 1993-cü ildə Qazax bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kəndində adına bulaq var.
Əliyev Qalib Nazim oğlu
Əliyev Qalib Nazim oğlu 25 avqust 1975-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1981-ci ildə İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1991-ci ildə həmin orta məktəbin 10-cu sinifini bitirmişdir. 1993-cü ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmiş, 10 yanvar 1994-cü ildə Füzuli bölgəsində döyüş zamanı itkin düşmüşdür. Qazax rayon Məhkəməsinin 19 avqust 1997-ci il tarixli qətnaməsi ilə itkin düşmüş hesab edilmişdir. Subay idi.
Əliyev Əhməd Mirzə oğlu
Əliyev Əhməd Mirzə oğlu 15 fevral 1970-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1977-ci ildə Qaymaqlı kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1989-cu ildə sovetlər birliyində hərbi xidmətə çağırılmışdır. 1991-ci ildə tərxis olmuşdur. 1993-cü ildə Azərbaycan Milli Ordu sıralarına çağırılmışdır. 12 yanvar 1993-cü ildə Ağstafa bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kənd kitabxana filialı şəhidin adını daşıyır.
Facebook-da paylaş