• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında 20 Yanvar faciəsinə həsr edilmiş anım mərasimi keçirilib


Bakı Dövlət Universitetinin Qazax filialında 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə professor-müəllim heyəti, tələbələr iştirak edib. 

Tədbir iştirakçıları əvvəlcə filialın foyesində 20 Yanvar faciəsinə aid məlumatları özündə əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar.

Sonra 20 Yanvar faciəsi qurbanlarının, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 


Filialın direktoru, dosent Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda rus və erməni hərbçiləri tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın törədildi. Bu qanlı hadisənin baş verməsində əsas məqsəd azadlıq, suverenlik arzusunda olan Azərbaycan xalqının iradəsini qırmaq idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da istəyinə nail ola bilmədi, xalqımız öz azadlığına qovuşdu.

Sonra faciəyə həsr olunmuş videoçarx nümayiş olunub.


Filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov ”20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyinin bərpa olunmasında zəfər salnaməsidir” mövzusunda məruzə ilə çıxış edərək qanlı faciə barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. 

Filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova “20 Yanvar Azərbaycan xalqının qan yaddaşı və qürur günüdür”, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbəsi Tərlan Aslanova “Qanlı Yanvar xalqımızın qəhrəmanlıq səhifəsidir”, həmin ixtisasın I kurs tələbəsi Gülər Məmmədli “20 Yanvar – qanlı tarix” mövzularında çıxış edərək 20 Yanvar faciəsindən 35 il ötməsinə baxmayaraq, bu qanlı tarixin hər birimizin yaddaşına əbədi həkk olunduğunu qeyd ediblər.

Elçin İSMAYIL,

Filialın Mətbuat Xidmətinin rəhbəri



Facebook-da paylaş