• Təqvim

  • Maraq



Prezident İlham Əliyev: “Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir”


Cari ilin 17 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər. 

Prezident İlham Əliyev bildirdi ki, Baş nazir İrakli Kobaxidzenin səfərinin xüsusi əhəmiyyəti var. Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu ilk xarici səfərdir. Fürsətdən istifadə edərək, təmsil etdiyiniz “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu qərara görə Sizə xüsusilə təşəkkürümü bildirmək istəyirəm.

Ölkə başçısı qeyd etdi ki, bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.

Dövlət başçısı söylədi ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir. Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır.


Ölkə rəhbəri vurğuladı ki, Orta Dəhliz hər iki ölkənin mənafeyinə uyğundur. Bu gün, Orta Dəhliz layihəsini müzakirə etdik. Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır. Bilirəm ki, Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi. Yəni, biz bu işləri paralel apararaq təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk.

Azərbaycan Respublikası və Gürcüstan arasında münasibətlərin tarixinə gəlincə qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir.

Enerji və nəqliyyat-logistika sahəsində əməkdaşlıq da nümunədir. Xüsusilə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.


Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları vacib rol oynayır.

Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.

Dövlət başçılarının qarşılıqlı səfərlərinə gəlincə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana (1 dövlət, 1 rəsmi, 9 işgüzar) səfər etmişdir. Son rəsmi səfər 05-06 noyabr 2015-ci ildə, işgüzar səfər 08 oktyabr 2023-cü ildə həyata keçmişdir.

Gürcüstanın sabiq Prezidenti xanım Salome Zurabişvili ölkəmizə 2 (1 rəsmi, 1 işgüzar) səfər etmişdir. Rəsmi səfər 27-28 fevral 2019-cu ildə, işgüzar səfər (IX Qlobal Bakı Forumunda iştirak) isə 16 iyun 2022-ci ildə baş tutmuşdur.

Hökumət başçılarının qarşılıqlı səfərlərinə gəlincə 26 oktyabr 2023-cü ildə AR Baş naziri Əli Əsədov Gürcüstana işgüzar səfər etmişdir.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 05 may 2021-ci ildə Azərbaycana rəsmi, 29 sentyabr 2022-ci, 07 aprel və 24 noyabr (SPECA-nın Zirvə Görüşü) 2023-cü illərdə isə işgüzar səfərlər etmişdir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə 11 noyabrın 2024-cü il tarixində Azərbaycanda işgüzar səfərdə olmuşdur.


Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2025-ci il yanvarın 17-də Azərbaycana səfərdə olmuşdur.

Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinə gəlincə 16 iyul 2022-ci ildə xarici işlər naziri Ceyhun Bayramov Tbilisi şəhərində Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili ilə görüşmüşdür.

27 iyun 2024-cü il tarixində  xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana rəsmi səfəri baş tutmuşdur.

Parlamentlərarası əlaqələrə gəlincə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan tərəfindən qrupun rəhbəri – Arzu Nağıyev.

Gürcüstan Parlamentinin Azərbaycan Respublikasının Milli Məclisi ilə dostluq  qrupu mövcuddur. Gürcüstan tərəfindən qrupun rəhbəri – vitse-spiker Arçil Talakvadze.

Müqavilə-hüquq bazasına gəlincə iki ölkə arasında 123 sənəd imzalanmışdır.



Facebook-da paylaş