Qazax Rayon Mərkəzi Xəstəxanasında 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla anılıb
Yanvarın 18-də “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda edən Vətən oğullarının, 1990-cı il yanvarın 20-də qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov çıxış edərək 35 il öncə Bakı şəhərində və ölkəmizin digər bölgələrində SSRİ hərbi birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş qırğınlar barədə məlumat verib, qan yaddaşımızın ən mühüm məqamlarından biri olan həmin hadisə ilə xalqımızın demokratiya və suverenlik uğrunda apardığı mübarizəsinin dönməzliyini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. Qeyd edib ki, respublikanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş hadisələr barədə həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdır. Həmin zaman Ümummilli Lider Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi.
Tədbirdə daha sonra “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə həkim-pediatr Üzeyir Vəliyev, həkim-lor Gültac Qədimalıyeva, həkim-terapevt Ramiz Osmanov, həmkarlar ittifaqının sədri Cəhanə Xasməmmədova çıxış edərək həmin faciəni doğuran səbəblər barədə danışıblar. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusunun və xüsusi təyinatlı birləşmələrinin, habelə daxili qoşunların kontingentinin Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarına yeridilməsi nəticəsində dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı amansız qırğınlar törədilib. Hərbi təcavüz nəticəsində 147 dinc sakin həlak olub, 744 nəfər ağır yaralanıb, 4 nəfər isə itkin düşüb. Qeyd olunub ki, xalqımızın o ağır günlərində faciədən dərhal sonra – yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev burada beynəlxalq media nümayəndələri üçün mətbuat konfransı keçirərək dünya ictimaiyyətini baş vermiş bəşəri cinayət barədə məlumatlandırıb, törədilmiş amansız qırğını kəskin şəkildə pisləyərək, faciəyə siyasi-hüquqi qiymət verilməsini tələb edib. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib. Çıxış edənlər qan yaddaşımız olan Qanlı Yanvar faciəsinin mahiyyətinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışaraq, ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən sistemli tədbirlərdən söz açıblar. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin mütərəqqi siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi, onların xatirəsinin daim ehtiramla anılması, şəhid ailəsi üzvlərinin sosial problemlərinin həlli istiqamətində davamlı olaraq zəruri addımlar atılır.
Sonda 20 Yanvar faciəsi ilə əlaqədar qısametrajlı film nümayiş olunub.
Facebook-da paylaş