Qazaxda icra başçısının yanvar ayı üzrə vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü rayonun Kəmərli kəndində olub
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, bütün sahələrdə hiss olunur. Ölkə Prezidentinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bu məqsədə xidmət edir.
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2025-ci ilin yanvar ayı üzrə vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü rayonun Kəmərli kəndində yaşayan sakinlərlə olub.
Yanvarın 27-də Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, Kəmərli kəndində 2025-ci ilin ilk səyyar görüşün keçirildiyini qeyd edərək Yeni il münasibətilə səmimi ürək sözlərini bölüşüb. Ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyənin əsasında vətəndaş amilinin dayandığını söyləyən icra başçısı bunu hər bir dövlət məmurunun öz fəaliyyətində nümunə götürməli olduğunu bildirib. Rayon rəhbəri bugünkü görüşün də bu məqsədə xidmət etdiyini qeyd edib. Görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını söyləyib. Keçirilən bugünkü səyyar görüşün əsas məqsədinin ərazidəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Rayon rəhbəri ötən səyyar görüşlərdə qaldırılmış məsələlərin əksəriyyətinin öz müsbət həllini tapdığını qeyd edərək bugünkü görüşün də təməlində bu amilin dayandığını bir daha söyləyib.
Rayon rəhbəri qeyd edib ki, ölkə başçısının vurğuladığı kimi, 2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir ki, onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. İcra başçısı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti qələbəsi kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib.
İcra başçısı ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax rayonunun sərhədyanı bölgədə yerləşən Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihə icra olunduğunu, sözügedən layihənin uğurla icra olunmasının, su çəkilişindən sonra yollarda yaranmış mövcud vəziyyətin nəzarətdə saxlanıldığını, aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını diqqətə çatdırıb.
Kənd ağsaqqalı Rəhim Rəhimov və başqaları çıxış edərək onlarla görüşə gəldiyinə, daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının rəhbərliyi altında son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini və hər zaman dəstəklədiklərini qeyd ediblər. Son illər rayonda, eləcə də Kəmərli kəndində dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.
Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin pay torpaqlarının suvarılması üçün su nasoslarını elektrik enerjisi ilə təmin edən və yararsız vəziyyətdə olan 53 ədəd elektrik dayağının yenisi ilə əvəz edilməsi, kənddə bulaq layihəsinin çəkilişi zamanı suyun verilişində mövcud nöqsanların aradan qaldırılması və əhalinin tələblərinə uyğun istifadəyə verilməsi, kənddə həyata keçirilən bulaq layihəsi zamanı sıradan çıxmış kəndarası yolların təmiri və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını, aidiyyəti təşkilatlar qarşısında bir daha məsələ qaldırılacağını bildirib.
Facebook-da paylaş