• Təqvim

  • Maraq



Qazaxda 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib


Yanvarın 18-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar “21 yanvar 1990-cı il Bəyanatı - böyük cəsarət nümunəsidir” başlıqlı tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva və digər əməkdaşlar, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əməkdaşları, tələbələr, təhsil, mədəniyyət işçiləri iştirak ediblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. “20 Yanvar hadisələrindən 35 il ötürfilmi nümayiş olunub.


Tədbiri giriş sözü ilə Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. C.Hüseynova bildirib ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş 20 Yanvar faciəsindən 35 il ötür. Xalqımızın azadlığa və zəfərə gedən yolunun başlanğıcı məhz 20 Yanvar günü qoyulub. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Quluyeva xalqımızın qan yaddaşına böyük faciə, müstəqilliyə yol açan şərəf və qəhrəmanlıq səlnaməsi kimi həkk olunan 20 Yanvar hadisələri ilə bağlı geniş məlumat verərək qeyd edib ki, 20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir 20 Yanvar. Elə bu məqamda 40 il qul kimi yaşamaqdansa, bircə gün azad yaşamağı üstün tutan Babəkin “Azadlıq verilmir, alınır” ifadəsi yerinə düşər. 35 ildir Azərbaycan xalqı bu günü, Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarımızın xatirəsini dərin hörmət və ehtiramla yad edir. Bəli, 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası MK baş katibi M.Qarbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyinin, DTK-nın və DİN-nin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. 20 yanvara qədər dövlət partiya, dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlərin, eləcə də Bakıda gedən ziddiyyətli proseslərin təhlili göstərir ki, 20 yanvar faciəsi qabaqcadan planlaşdırılmış hərbi əməliyyatın nəticəsi olmuşdur. 


1989-cu ilin axırından yanvar hadisələrinə kimi respublika rəhbərləri Ə.Vəzirov və A.Mütəllibovun imzaları ilə Moskvaya imzalanan şifroqramlar buna əsaslı sübutdur. Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurdu, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb oldu. Əlbəttə ki, bu faciə dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda Sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində 20 yanvar hadisələri öz hüquqi və siyasi qiymətini almışdır. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiymət verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev oldu. Ümummilli Liderimiz Heydər Əliyev demişdir: “20 yanvar faciəsi mənim üçün xalqımızın ən ağır faciəsidir. Amma eyni zamanda 20 yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsinə qalxmasının əyani nümunəsidir”. Bu gün Ulu Öndər Heydər Əliyevin, ökəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keşmiş bütün şəhidlərin ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan ordusu xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edərək bölgədə yeni reallıq yaratdı. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır, genişmiqyaslı quruculuq işləri həyata keçirilir.  


Bakı Dövlət Univeristetinin Qazax filialında İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova çıxış edərək bildirib ki, 20 yanvar hadisələrindən 35 il keçsə də, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində baş verən qanlı hadisə xalqımızın yaddaşında silinməz izlər buraxıb. 20 Yanvar faciəsi Azərbaycanın milli müstəqillik hərəkatında çox böyük rol oynadı və azadlığa gedən yolun qansız-qadasız ötüşmədiyini bir daha təsdiq etdi. Erməni separatizminin baş qaldırmasına və SSRİ rəhbərliyinin məkrli siyasətinə qarşı başlayan xalq hərəkatı sonradan daha geniş vüsət aldı və milli azadlıq hərəkatının güclənməsinə səbəb oldu. Topxana meşəsinin qırılmasına, Qarabağın Ermənistana birləşdirilməsinə etiraz olaraq ayağa qalxan Azərbaycan xalqı bütün dünyaya səs saldı. Bu hərəkatı yatırmaq üçün Kreml azərbaycanlılara qarşı məkrli plan həyata keçirməyə başladı. Erməni faşizmini dəstəkləyən Qorbaçovun əmri ilə yanvarın 19-u gecə saatlarında rus ordusu paytaxtımıza, dinc sakinlərin üzərinə yeridildi. Qadınlar, uşaqlar, qocalar aman verilmədən güllədən keçirildilər, qətlə yetirildilər. 20 Yanvar faciəsi xalqımızın azadlıq hərəkatının başlanğıcı oldu. Baş verən bu hərbi cinayətlər xalqımızın mübarizə əzmini qıra bilmədi. Azadlıq mübarizəsini qan içində boğmağa çalışan Sovet imperiyasına qarşı etirazlar daha da gücləndi. Repressiya, kütləvi qətliamlar qarşısında mətinləşən xalqımız bütün dünyaya örnək ola biləcək həmrəylik nümayiş etdirdi. Milyonlarla insan 20 Yanvar faciəsindən sonra da Bakı küçələrində azadlıq şüarı səsləndirdilər. 40 gün meydanlarda gecələyən xalqımız göstərdi ki, bütün dünyanı lərzəyə salan Sovet ordusunun hərbi cinayətləri, repressiyalar mübarizə əzmimizi qıra bilməz. O günlərdə bütün dünya azərbaycanlıları həmrəy oldular, azadlıq hərəkatına dəstək verdilər.  Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.


Qazax Dövlət Sosial-İqtisadi Kollecində Azərbaycan dili və ədəbiyyat müəllimi Türkan Allahverdiyeva çıxış edərək qanlı yanvar hadisələrinin Azərbaycan xalqının yaddaşında və tarixində qəhrəmanlıq səhifəsi kimi daim xatırlandığını qeyd edib. Bildirib ki, 1990-cı ilin 20 yanvar tariximizin qanla yazılmış səhifələrindən biridir. Ancaq təbii ki, bu gün öz müsibətli faciəsi ilə bərabər, həm də müstəqil gələcəyə, azad, firavan ölkəyə açılan bir qapı idi. 35 ildir o məsum gecə, haqq bayrağını ucaldaraq ölümsüzlük qazanan, mərdlik simvolu şəhidlərimiz Azərbaycan ədəbiyyatının, incəsənətinin əsas və yaralı mövzularından biridir. Şair və yazıçılarımız illərdən bəridir öz qələmləri ilə həmin gecə şəhid olan qəhrəman oğul və qızlarımızın can ağrısını, azadlıq uğrunda öz balalarını qurban verən, bir xalqın göz yaşını, haqq səsini poeziyanın, sözün qüdrəti ilə dünyaya car çəkirlər. Necə ki, Məmməd Araz öz şeiri ilə “Ağlamağın yeri deyil” deyərək xalqı qürura, nikbinliyə səsləyirdi. “Öz şəhid ömrü ilə öyünənlər basılmaz” deyən şair Musa Ələkbərli xalqı bu faciədən də qürurlu və gələcəyə inamlı çıxmağa çağırır. Ancaq nə qədər qürurlu olsaq da günahsız tökülən qanlara, cavan gedən canlar, azadlıq üçün sönən ömürlərə, necə qəlbin yanmasın, necə için sızıldamasın!? Bu gün biz 35 il keçməsinə baxmayaraq bu dəhşətli faciəni yad edirik. Şəhidlər Xiyabanında qürur hissi ilə dayanırıq. Çünki şəhidlərin qanı yerdə qalmadı, Vətən bütöv oldu. 


Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin Tarix müəllimi Hökumə Salehova çıxış edərək bildirib ki, qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 yanvarı uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutdu, misli görünməmiş qətliam törətdi. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu hadisələrə ilkin siyasi- hüquqi qiymət isə Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildi. 1990-cı il yanvarın 21-də bütün təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi, faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Ulu Öndər cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Həmin gün Heydər Əliyev Azərbaycan xalqına başsağlığı teleqramı göndərdi. Ümummilli Lider Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması istiqamətində mühüm işlər apardı. Məhz Ümummilli Liderin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu Öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. 


Bakı Dövlət Universitetinin Qazax filialının Azərbaycan dili və Ədəbiyyat fakultəsinin I kurs tələbəsi Gülər Məmmədli çıxış edərək bildirib ki, 20 yanvar günü Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Ölkəmizin azadlığı və müstəqilliyi naminə böyük bir ordunun, ağır texnika və artileriyanın qarşısına əliyalın çıxan Azərbaycan oğul və qızları 20 yanvar hadisəsində bir daha xalqımızın mərd, qorxmaz və şüacətli olduğunu nümayiş etdirmiş, özlərinin həlak olacaqlarını bilə-bilə Vətənin qorunması üçün geri addım atmadan öz canlarını fəda etdilər. Cəmiyyətimiz, xalqımız, dövlətimiz 20 Yanvar şəhidlərinin əziz xatirəsini layiqincə yaşadır və hər zaman da yaşadacaqdır. Zaman dəyişir, yeni nəsillər yetişir və heç kəs şəhidlərimizi unutmur. 44 günlük Vətən müharibəsində tarixi qələbədən sonra Şəhidlər Xiyabanını ziyarətimiz zamanı qürur, fəxr hissi keçiririk. Yüksək vətənpərvərlik ruhunda yetişmiş gənclik Azərbaycan xalqı qarşısında 30 il ərzində düşmən əsarətində qalmış torpaqlarımızı işğaldan azad edərək öz tarixi missiyasını ləyaqətlə yerinə yetirdi, gələcək nəsillərin qalib və müzəffər xalq kimi yaşamalarını təmin etdilər. Xalqımız onların adlarını özünün Zəfər tarixinə qızıl hərflərlə yazdı və bu adlar əbədiyyətə qədər yaşayacaq. 


Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbəsi Turxan Əliyev çıxış edərək bildirib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı qanlı yanvar hadisələrinin qurbanlarının və şəhidlərimizin xatirəsini hər zaman hörmətlə yad edir. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev daim şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün sosial müdafiə sistemi formalaşıb. Bu gün qürurla deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər ordumuz işğal altında olan torpaqlarımızı düşməndən azad edib. Bu şanlı Zəfərlə azadlıq uğrunda canlarını fəda edən həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını daim yüksək qiymətləndirərək Şəhidlər Xiyabanını ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş oğul və qızlarının əziz xatirələrini dərin ehtiramla yad edir.

Tədbir Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdləri Fatimə Veyisova, Güllər Pənahlı, Səma Yusubova, Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin VII sinif şagirdi Qəmər Tapdıqovanın Vətənə və möhtəşəm qələbəmizə həsr olunmuş ədəbi kompozisiyalar və şeirlər səsləndirmələri ilə sona çatıb.



Facebook-da paylaş