• Təqvim

  • Maraq



Qazaxda “1990-cı illərin əvvəllərində işğal altına düşmüş Qazaxın dörd kəndinin azadlığına aparan yol gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib


Yanvarın 23-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qazaxda “1990-cı illərin əvvəllərində işğal altına düşmüş Qazaxın dörd kəndinin azadlığına aparan yol gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib. Həmçinin, gənc yazar, tarixçi, səyyah-fotoqraf İradə Qədirovanın "Dünya Vətəndən başlayır" adlı kitabının təqdimatı olub. 


Qazax Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, AYB üzvləri, kitab müəllifinin ailə üzvləri, yaxınları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Cənab Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciət videosu nümayiş etdirilib.  


Tədbirin aparıcısı, deputat köməkçisi Akif Əmirov çıxış edərək iştirakçıları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. A.Əmirov qeyd edib ki, tədbirin adından da göründüyü kimi, eləcə də ölkə Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa etdiyi müraciətində səsləndirdiyi kimi 2024-cü ilin ən önəmli hadisələrindən biri Qazaxın 4 kəndinin güllə atılmadan doğma sakinlərinə, qazaxlılara qaytarılması hadisəsi oldu. Natiq çıxışında Qazaxın 4 kəndinin geri qaytarılmasına aparan yolun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qazandığımız şanlı Qələbədən keçdiyini vurğulayıb. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda, eləcə də Qazaxın 4 kəndində üçrəngli Azərbaycan Bayrağının dalğalandığını söyləyib. Gənc yazar, tarixçi, səyyah-fotoqraf İradə Qədirovanın qələmə aldığı "Dünya Vətəndən başlayır" adlı kitabın da məhz şanlı qələbələrimizdən sonra ərsəyə gəldiyini, müəllifin şanlı zəfərimizdən ruhlanaraq ürək sözlərini, dünyanın Vətəndən başladığını kitabda oxucularına çatdırdığını söyləyib. Müəllifin kitabda Vətənin şəhidlərimizin qanı tökülən torpaqdan, onların bizlərə əmanət qoyduqları torpağı göz bəbəyi kimi qorumaqdan başladığını sözlərin, kəlmələrin dili, ucqar sərhəd kəndlərində yaşayan insanların fikirləri, düşüncələri ilə öz oxucularına çatdırdığını bildirib. "Dünya Vətəndən başlayır" adlı kitabda Qazaxın, qazaxlıların adlarının çəkilməsinə görə gənc yazara razılığını ifadə edən natiq müəllifə gələcək fəaliyyətində uğurlar arzulayıb. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək iştirakçıları və qonaqları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Ölkə Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa etdiyi müraciətində söylədiyi sözləri bir daha diqqətə çatdıran rayon rəhbəri qeyd edib ki, ölkə başçısının vurğuladığı kimi “2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib”. İcra başçısı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti qələbəsi kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. Yazıçı, tarixçi, səyyah-fotoqraf İradə Qədirovanın Qazax rayonuna səfərləri barədə fikirlərini bölüşən icra başçısı 2017-ci ildə Qazax Dövlət Rəsm Qalereyasında gənc rəssamların, fotoqrafların əl işlərindən ibarət sərgi təşkil olunduğunu, Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan "Qazaxda üç gün" adlı sərgidə 69 ədəd rəsm əsəri və fotonun nümayiş olunduğunu, həmin fotoların arasında İradə Qədirovanın çəkdiyi fotoların da yer aldığını qeyd edib. İradə Qədirovanın çəkdiyi fotoşəkillərin “Qazaxın təbiət mənzərələri” başlıqla sosial şəbəkələrdə yayımlandığını qeyd edib. 2018-ci ildə yeni il ərəfəsində Qazax rayonunun Quşçu Ayrım kəndində Qazax Rayon İcra Hakimiyyəti və "Mountain Host Azerbaijan” turizm şirkəti tərəfindən Quşçu Ayrım kəndindən olan 96 uşağa bayramqabağı hədiyyələr təqdim etdiklərini söyləyib. 2021-ci ilin aprel ayında rəssamlar Akif Əmirov, Aynurə Mustafayeva, İradə Qədirovanın Rayon İcra Hakimiyyətinin dəstəyi və tapşırığı ilə rayon ərazisində olduqlarını, rayonun görməli yerlərinin foto və rəsmlərini çəkdiklərini diqqətə çatdırıb. Rayon rəhbəri kitabın əsas bölümlərindən birini Qazaxa, rayonun sərhəddə yerləşən Quşçu Ayrım, Məzəm, Cəfərli, Bala Cəfərli kəndlərində rastlaşdığı insanların hekayəsini, Qazaxın mətbəxi, Hacı Mahmud Əfəndi türbəsi və hekayəsinə həsr etdiyinə görə müəllifə razılığını ifadə edib, Vətənin tək doğulduğumuz torpaqdan, eldən-obadan deyil, bütövlükdə, Azərbaycandan başladığını gənc nəsillərə çatdırdığına görə minnətdarlığını bildirib. “1990-cı illərin əvvəllərində işğal altına düşmüş Qazaxın dörd kəndinin azadlığına aparan yol gənclərin gözü ilə” mövzusunda tədbirin əhəmiyyətindən söz açan icra başçısı bu gün Azərbaycanda böyük gənclər ordusunun formalaşdığını, yetişdiyini söyləyib. O gənclər ki, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdiklərini, 44 günlük Vətən müharibəsində qanları ilə tarrix yazaraq dastana döndüklərini qeyd edib. Bugünkü görüşün və "Dünya Vətəndən başlayır" adlı kitabın gənclərin vətənpərvərlik ruhunda böyüməsində böyük töhfə olacağını qeyd edən icra başçısı sonda bir daha gənc yazara razılığını ifadə edib.


Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini vurğulayaraq səmimi ürək sözlərini bölüşüb. Müəllifə kitabda Qazaxa ayırdığı diqqətə, qazaxlılar haqqında qeyd etdiyi sözlərə, ümumilikdə, torpağa, Vətənə verdiyi yüksək dəyərə görə razılığını ifadə edib. “1990-cı illərin əvvəllərində işğal altına düşmüş Qazaxın dörd kəndinin azadlığına aparan yol gənclərin gözü ilə” mövzusunda tədbirin əhəmiyyətini diqqətə çatdıran millət vəkili qazandığımızın tarixi qələbənin kökündə Müzəffər Ali Baş Komandanın düşünülmüş siyasətinin, qətiyyətinin dayandığını vurğulayıb. O qələbə ki, yazarlarımızı, şairlərimizi yeni əsərlər yazmağa, gənclərimizi daim bir yumruq tək birləşməyə sövq etdiyini söyləyərək İradə Qədirovanın şanlı qələbəmizdən ruhlanaraq qələmə aldığı "Dünya Vətəndən başlayır" adlı kitabın bunun bariz nümunəsi olduğunu vurğulayıb. Gənc yazara gələcək fəaliyyətində və yaradıcılığında uğurlar arzulayan millət vəkili bugünkü görüşün onun həyatında yeni izlər açacağını qeyd edib. Millət vəkili S.Seyidov fəaliyyətə başladığı ilk gündən gənclərə göstərdiyi qayğıya görə rayon rəhbərliyinə razılığını bildirərək bugünkü tədbiri həmin qayğının davamı olduğunu söyləyib və buna görə təşəkkürünü çatdırıb. 



Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarına səmimi ürək sözlərini çatdırıb, "Dünya Vətəndən başlayır" adlı kitab haqqında fikirlərini bölüşərək sözügedən kitabın hər cəhətdən dəyərli bir kitab olduğunu vurğulayıb. 

“Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Natiq qədim tarixə, yüksək mədəniyyətə malik olan Azərbaycanın tarixini, milli irsini, mənəvi dəyərlərini qoruyub saxlamaq və inkişaf etdirməyə kömək məqsədilə təsis edilmiş Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun 2005-ci ildən fəaliyyət göstərdiyini söyləyib. Fondun fəaliyyətinin əsas məqsədinin milli irsi, mədəni, tarixi dəyərlərimizi tədqiq və təbliğ etmək, xarici ölkələrdə Azərbaycanın milli irsini, mədəniyyətini, tarixini əks etdirən sərgilər, konfranslar və s. tədbirlər təşkil etmək, istedadlı gənclərə, yaşlı ziyalılara, qaçqın və məcburi köçkünlərə, kimsəsizlərə, əlil və veteranlara maddi və mənəvi kömək göstərmək, təhsil, səhiyyə, mədəniyyət və sosial sahədə xeyriyyə tədbirləri, simpoziumlar, seminarlar, müsabiqələr keçirmək və ayrı-ayrı şəxsləri Azərbaycan tarixi, mədəniyyəti, irsi üçün əhəmiyyətli olan uğurlara görə mükafatlandırmaqdan ibarət olduğunu qeyd edib. Vurğulayıb ki, Fondun ilk böyük layihəsinin ictimai fikir tariximizdə özünəməxsus yeri olan “Füyuzat” jurnalını 2007-ci ildə bərpa edərək nəfis şəkildə çap etdirməsi oldu. Artıq 18 ildir nəşri uğurla davam edən “Füyuzat” ölkə ziyalılarının dəstəyini, oxucuların rəğbətini qazanmışdır. Bu müddət ərzində “Füyuzat” Azərbaycan jurnalistika məktəbində özünəməxsus üslub yaratmağa nail olmuşdur. Bu sahədə fəaliyyətimizə ilk qadın mətbu orqanı olmuş “İşıq” qəzetinin (1911-1912) 100 ildən sonra yenidən nəşrini aid edə bilərik. 2012-ci ildən işıq üzü görən bu dərgi də geniş oxucu kütləsinin marağını cəlb edə bilmişdir. Fondun digər fəaliyyət sahəsini kitab nəşrləri təşkil edir. MİMTA Yayımları adı altında nəşr etdiyimiz kitablarla mövzu əhatəsini geniş tutaraq müxtəlif yaş qruplarına aid, fərqli janrlarda nəşrlər həyata keçiririk. MİMTA Yayımlarında işıq üzü görən dünya ədəbiyyatından tərcümələr, klassik ədəbiyyatla bağlı tərtib və tərcümə olunmuş əsərlər, uşaq ədəbiyyatı nümunələri, siyasi, fəlsəfi, tarixi, dərslik və s. tipli kitabları qeyd etmək olar. MİMTA Fondunun tərcümə və nəşr işi şöbəsi olduğuna görə, nəşriyyatımız çap etdirdiyi kitablarda milli dəyərlərə, maarifləndirmə amalına və tərbiyəvi-əxlaqi nüanslara xüsusi diqqət göstərir. Gənc yazar İradə Qədirovanın "Dünya Vətəndən başlayır" adlı kitabı və digər bir kitabın MİMTA Yayımları tərəfindən nəşr olunduğunu, növbəti üçüncü kitabın isə yaxınlarda dərc olunacağını söyləyib. Natiq gənc yazara gələcək yaradıcılığında uğurlar arzulayıb, səmimi ürək sözlərini bölüşüb. 


Kitabin müəllifi İradə Qədirova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, kitabının təqdimatına, sözünün qüdrətinə toplaşdıqlarına, bugünkü gündə yanında olduqlarına görə iştirakçılara minnətdarlığını bildirib. Kitab təqdimatının ərsəyə gəlməsində göstərdiyi dəstəyə, gənclərə, yaradıcı insanlara verdiyi dəyərə, göstərdiyi etimada, inama görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. İlk gündən hiss etdiyi qayğını bu gün bir daha hiss etdiyini söyləyib. "Dünya Vətəndən başlayır" adlı kitabın necə ərsəyə gəlməsindən söz açan müəllif kitabda Vətəni, torpağı, yurdu, el-obanı, insanları sevməyin gələcək nəsillərə çatdırıldığını qeyd edib. Gənc yazar özünü qalib ölkənin vətəndaşı hesab edən hər kəsin öz əməli, tutduğu mövqe, gördüyü işlərlə töhfə verməli olduğunu vurğulayıb. “Azərbaycanın giriş qapısıdır Qazax”, - söyləyən gənc yazar Qazaxla, rayonun tarixi kökləri, insanları, sərhəddə yaşayan mərd, qorxmaz sakinləri ilə bağlı fikirlərini bölüşüb. Öz kitabında Qazaxla bağlı məlumatların yer almasına görə məmnunluq duyduğunu söyləyib. 

Kitab müəllifinin anası Elmira Qədirova da çıxış edərək səmimi ürək sözlərini, Qazaxla bağlı təəssüratlarını bölüşüb, Qərbin qapısı sayılan Qazaxda, xüsusilə də sərhəddə yerləşən Quşçu Ayrım kəndində olmaqdan, orada yaşayan qəhrəman sakinlərlə ünsiyyətdə olmaqdan məmnunluq duyduğunu söyləyib. Onlara göstərilən qonaqpərvərliyə, kitab təqdimatının təşkilində göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə, millət vəkilinə övladı və öz adından dərin minnətdarlığını bildirib. Bugünkü təqdimat mərasiminin övladının timsalında gənclərə göstərilən dövlət qayğısı kimi qiymətləndirib. Bugünkü tədbirin təşkilində əziyyəti keçənlərə razılığını ifadə edib, övladının həyatında, gələcək fəaliyyətində, yaradıcılığında bu tədbirin dərin izlər buraxacağını söyləyib. 

Sonda müəllif gəncləri maraqlandıran sualları cavablandırıb, ürək sözlərini bölüşüb. 

 

Qeyd edək ki, yazıçı, tarixçi, səyyah-fotoqraf İradə Qədirova 1984-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tarix ixtisasını bitirib. 2014-cü ildən peşəkar fotoqrafiya ilə məşğuldur. 2010-cu ildən səyahət həyatına başlayıb, 2021-ci ildən tam zaman səyahətçisi olub. 2022-ci ildə "Əfşan" adlı ilk, 2023-cü ildə "Eşqin izi ilə" adlı ikinci, 2024-cü ildə "Dünya Vətəndən başlayır" adlı üçüncü kitabı işıq üzü görüb.

Bakı şəhərində 2022-ci ilin oktyabrında Pakistan, 2023-cü ilin noyabrında Venesuela, 2024-cü ilin avqustunda Çin səyahətlərindən ibarət fotosərgiləri nümayiş edilib. 

"Dünya Vətəndən başlayır" kitabı Azərbaycanın təbiəti, tarixi və insanlarına ithaf olunub. Səyahətçinin 2016-cı ildən başlayan Azərbaycan səyahəti, səfərlərdə rastlaşdığı hadisələr, insanların hekayələri, Vətənin füsunkar təbiəti və təsəvvüf (ərəb mənşəli sözdür, islamda mənəviyyatın inkişaf yolunu göstərən xüsusi təlim) izləri qələmə alınıb. Kitabın əsas ana qayəsi də budur elə - Dünya Vətəndən, Vətən bir evdən, o ev də hər birimizdən başlayır. Kitabın əsas bölümlərindən biri Qazaxdır. Burada yazar özünün Qazax səfərlərini, ucqar kəndlərdə rastlaşdığı insanların hekayəsini, Qazaxın mətbəxi, Hacı Mahmud Əfəndi türbəsi və hekayəsi haqqında yazmışdır. Kitab 264 səhifədən ibarət olan kitabın sonluğu fotoşəkillərlə tamamlanıb. Qeyd edək ki, buna qədər səyahətçinin "Əfşan" və "Eşqin izi ilə" kitabları çap edilib ki, oxucular tərəfindən çox sevilib.        



Facebook-da paylaş