Şəhidlik zirvəsinə ucalan oğullarımızı yad etmək hər birimizin vətəndaşlıq borcudur
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Öz məzmununa görə çoxşaxəli olan "Vətənpərvərlik” məfhumu. Bu, elə bir məfhumdur ki, onu heç bir sözlə əvəz etmək mümkün deyil. İnsan dünyanı dərk etdikcə Vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Bu hiss öz dövlətinin tərəqqisi üçün can yandırmaq, doğma xalqının tarixi, keçmişi, dünəni və bu günü ilə fəxr etmək, Vətənin azadlığı, ərazi bütövlüyü naminə əlindən gələni etmək deməkdir. Müstəqil dövlət quruculuğu yolunda gənc nəslin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz Vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilir. Gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində başlıca amillərdən biri isə xalqımızın, Vətənimizin azadlığı uğrunda canından keçən igid oğullarımızın keçdikləri döyüş yollarını nümunə göstərməkdir. Çünki bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var ki, o da Şəhidlik zirvəsidir. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmağı özlərinə ən böyük şərəf sayan oğullarımızı tanıtmaq, yad etmək hər birimizin vətəndaşlıq borcu olmalıdır.
Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur.
GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən leytenant Rizvan Qasımovun, əsgər Elçin Qurbanovun, Ramin Əliquluyevin, Kamal Kazımovun, Rəsul Mirzəliyevin, Elman Musayevin, Ayaz Mehtiyevin, Vasif Haqverdiyevin, Rövşən Pənahovun əziz xatirəsini ehtiramla yad edirik.
Leytenant Qasımov Rizvan Eldar oğlu
Qasımov Rizvan Eldar oğlu 20 yanvar 1967-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1974-82-ci illərdə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbində təhsil almışdır. Təhsilini Texniki Peşə Məktəbində davam etdirmişdir. 1987-ci ildə sovetlər birliyində hərbi xidmətdə olmuşdur. Orada gizir rütbəsi almışdır. Ermənistan-Azərbaycan münaqişəsi zamanı Rizvan Milli Ordu sıralarına yazılmışdır. O, Qazax rayonunun sərhəd bölgələrində düşmənə qarşı cəsurluqla vuruşmuşdur. 1994-cü il iyul ayının 14-də yoldaşlarının dediyinə görə döyüş əmri ilə Ağstafaya gedərkən qəza nəticəsində həlak olmuşdur. Dəmirçilər kəndində adına şəhid bulağı tikilmişdir.
Əsgər Qurbanov Elçin Məcid oğlu
Şəhid Elçin Qurbanov 22 yanvar 2002-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 2008-ci ildə Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2020-ci ilin 27 yanvarında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Elçin Qurbanov Füzuli-Cəbrayıl-Xocavənd rayonlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. “N” saylı hərbi hissənin 2-ci mexanikləşdirilmiş taborun tank əleyhinə tağımının tank əleyhinə idarə olunan raket manqasının operatoru əsgər Elçin Qurbanov 04.11.2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 6 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Elçin Qurbanov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Əliquluyev Ramin Eldar oğlu
Əliquluyev Ramin Eldar oğlu 10 oktyabr 1977-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Xanlıqlar kənd tam orta məktəbini bitirmişdir. 1995-ci ildə hərbi xidmətə getmişdir. Qarabağ zonasında xidmət edib. 22 yanvar 1998-ci ildə düşmən gülləsindən şəhid olmuşdur. Subay idi.
Kazımov Kamal Abdulla oğlu
Kazımov Kamal Abdulla oğlu 22 yanvar 1972-ci ildə Qazax rayonunun Əlibayramlı (hazırkı Aslanbəyli) kəndində anadan olmuşdur. 1979-cu ildə (Əlibayramlı kənd) hazırkı Aslanbəyli kənd orta məktəbin 1-ci sinifinə getmiş, 1989-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1992-ci ildə Qazax rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 5 yanvar 1993-cü ildə Laçın döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Mirzəliyev Rəsul Məmmədyar oğlu
Mirzəliyev Rəsul Məmmədyar oğlu 24 yanvar 1968-ci ildə Qazax rayonunun Alpout kəndində anadan olmuşdur. 1975-1985-ci illərdə Alpout kənd tam orta məktəbində təhsil almşdır. 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1993-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. 7 mart 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hazırda Alpout kənd tam orta məktəbi Rəsul Mirzəliyevin adını daşıyır.
Musayev Elman İmran oğlu
Musayev Elman İmran oğlu 24 yanvar 1966-cı ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1973-cü ildə Cəfərli kənd əsas məktəbin 1-ci sinifinə daxil olmuş, 1981-сi ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1981-ci ildə Qazax rayon Peşə liseyinə daxil olmuş, 1984-cü ildə həmin liseyi bitirmişdir. 1984-1986-cı illərdə SSRİ silahlı qüvvələrində Almaniya Federatif Respublikasında hərbi xidmətdə olmuşdur. “Qazax Tinglik” sovxozunda sürücü işləmişdir. 1992-1995-ci illərdə Azərbaycan Respublikasının silahlı qüvvələrində xidmət etmişdir. 1 noyabr 2001-ci ildə Cəfərli kəndində təmas xəttinə yaxın ərazidə göbələk yığarkən ermənilər tərəfindən avtomat silahla vurulmuşdur.
Mehtiyev Ayaz Oruc oğlu
Mehtiyev Ayaz Oruc oğlu 25 yanvar 1973-cü ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22 mart 1992-ci ildə UAZ markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni işğalçılarının yola qoyduqları minanın partlaması nəticəsində şəhid olmuşdur. 1992-ci ildə şəhid statusu verilmişdir.
Haqverdiyev Vasif Mirzə oğlu
Haqverdiyev Vasif Mirzə oğlu 1971-ci il yanvar ayının 26-da Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1977-1988-ci illərdə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1988-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1993-cü il mart ayının 2-də Ağdərə rayonundakı Sərsəng su anbarı ətrafında gedən döyüşdə itkin düşmüşdür.
Pənahov Rövşən Fərman oğlu
Pənahov Rövşən Fərman oğlu 3 fevral 1975-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1982-1993-cü illərdə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1994-cü il yanvar ayının 26-da Füzuli rayonunun Aşağı Əbdürəhmanlı kəndində gedən döyüşlərdə şəhid olmuşdur.
Facebook-da paylaş