Şəhidlərimizin Vətən və bizlər üçün etdikləri heç vaxt unudulmamalıdır
Vətənpərvərlik məfhumu öz məzmununa görə çoxşaxəlidir
və onu heç bir sözlə əvəz etmək mümkün deyil. İnsan dünyanı dərk etdikcə Vətəninə,
torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Bu hiss
öz dövlətinin tərəqqisi üçün can yandırmaq, doğma xalqının tarixi, keçmişi,
dünəni və bu günü ilə fəxr etmək, Vətənin rifahı naminə əlindən gələni etmək
deməkdir. Müstəqil dövlət quruculuğu yolunda gənc və yeniyetmələrin üzərinə
böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz Vətənini
sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır
olan gənclər yerinə yetirə bilər. Hazırda torpaqlarımızın iyirmi faizdən çoxu
işğal altındadır. Bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin
düşüb. Vətənin belə bir çətin zamanda mərd, sadiq gənclərə böyük ehtiyacı var.
Məhz buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da
gücləndirilməsi sahəsində hər birimiz məqsədəuyğun işlər görməliyik. Gənc nəslin milli vətənpərvərlik ruhunda
tərbiyə edilməsində başlıca amillərdən biri isə xalqımızın azadlığı uğrunda
canından keçən igid oğul və qızlarımızın keçdikləri döyüş yollarını nümunə
göstərməkdir. Çünki bütün yüksəkliklərdən ucada dayanan bir
zirvə var ki, o da Şəhidlik zirvəsidir. Torpaqlarımızın
qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik
zirvəsinə ucalmağı özlərinə ən böyük şərəf sayan oğullarımızı tanıtmaq isə hər
birimizin vətəndaşlıq borcu olmalıdır. Bu gün minlərlə
şəhidi olan Azərbaycanda elə bir bölgə, elə bir kənd və qəsəbə tapılmaz ki,
orada bir şəhid məzarı olmasın. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı
gənclərdə hər zaman yüksək səviyyədə olub və bu, bundan sonra da belə olacaq.
Bu gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kimi 5
kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs
Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara,
Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan
Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 288 şəhid verib. 7
nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən
döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən rayonunun Yuxarı Salahlı
kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlu da
qəhrəmancasına şəhid olaraq bir daha sübut etdi ki, Qazaxın igid,
mərd oğulları hər zaman olub və bundan sonra da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz
nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması
bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı
dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs
məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli
əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax rayonunda
torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və
anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc
etməsi artıq bir ənənəyə çevrilib. Bu həftə də ənənəmizə sadiq
qalıb doğum və anım günü olan şəhidlərimizdən – Əjdər Babayevin, Qalib Əliyevin, Nuridə Pirvəliyevanın, Müşfiq Məmmədovun,
İlqar Poluyevin, Ziyad Məmmədovun, Məhəmməd Vəliyevin,
Kamran Əmrahovun əziz xatirəsini yad
edirik. Babayev Əjdər
Xalıqverdi oğlu Babayev Əjdər Xalıqverdi oğlu 26 avqust 1950-ci ildə Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur. Sonradan onun
ailəsi Ağstafaya (Xətai
kəndi) köçmüşdür. 1958-ci ildə burada məktəbə getmiş və 1967-ci ildə həmin məktəbi bitirmişdir. 1969-cu
ildə hərbi xidmətə çağırılır sonra isə ordudan tərxis olunan Əjdər Nərimanov
rayon polis şöbəsinə işə qəbul edilir. Nümunəvi polis işçisi kimi dəfələrlə
DİN-in mükafatlarına layiq görülmüşdür. 1995-ci il 13-17 mart hadisələri Vətənin sarsıntılı günləri idi. Silahlı dəstələrin zərərsizləşdirilməsində Əjdər Babayev böyük şücaət göstərdi vətənimizin bu cəsur övladı qardaş gülləsinə tuş gələrək əbədiyyətə qovuşdu. Evli idi, dörd övladı yadigar qalıb. Azərbaycan
Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev
Əjdər Xalıqverdi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülmüşdür. Ağstafa rayonunda dəfn edilmişdir, adına məktəb var. Əliyev Qalib Nazim oğlu Əliyev
Qalib Nazim oğlu 25 avqust 1975-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan
olmuşdur. 1981-ci ildə Kosalar kənd tam orta məktəbinin birinci sinfinə daxil
olmuş, 1991-ci ildə həmin orta məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə
Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmiş, 10 yanvar 1994-cü ildə Füzuli
bölgəsində döyüş zamanı itkin düşmüşdür. Qazax rayon Məhkəməsinin 19 avqust
1997-ci il tarixli qətnaməsi ilə itkin düşmüş hesab edilmişdir. Subay idi. Pirvəliyeva Nuridə Cəlal qızı Pirvəliyeva
Nuridə Cəlal qızı 26 avqust 1987-ci ildə Quşçu Ayrım kəndində anadan olmuşdur.
1 may 1993-cü ildə ermənilərin Quşçu Ayrım kəndinə atdığı top mərmisinin qəlpəsindən
şəhid olmuşdur. Məmmədov Müşfiq Sabir oğlu Məmmədov
Müşfiq Sabir oğlu 27 avqust 1967-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində
anadan olmuşdur. 1974-1984-cü illərdə Qaymaqlı kənd tam orta məktəbində təhsil
almışdır. 1985-1987-ci illərdə Primorski vilayətində hərbi xidmətdə olmuşdur. 1987-ci
ildən Tiflis şəhərində 8-ci alayda iş fəaliyyətinə başlamışdır. 1992-ci ildən
Milli Ordu sıralarına könüllü yazılan Müşfiq N saylı hərbi hissənin 3-cü
alayında Rota komandiri kimi Vətənə xidmət etmişdir. O, 1993-cü il iyun ayının
4-də şəhid olmuşdur. "Azərbaycan
bayrağı" ordeni, Türkiyənin Bətər federasiyası tərəfindən fəxri
fərmanla təltif olunmuşdur. Poluyev İlqar Rəşid oğlu Poluyev
İlqar Rəşid oğlu 27 avqust 1967-ci ildə Qazax rayonunun Aşağı Salahlı kəndində
anadan olmuşdur. 01.09.1975-ci ildə Nizami Hüseynov adına Aşağı Salahlı kənd
tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1985-ci ildə həmin məktəbin
onuncu sinfini bitirmişdir. 1985-1987–ci illərdə sovet ordusu sıralarında hərbi
xidmətdə olmuşdur. 1987-1992–ci illərdə Xəzər dənizi neft qazma idarəsində işləmişdir.
15 yanvar 1994-cü ildə Ağdərə rayonu ərazisində gedən döyüşdə qəhrəmancasına şəhid
olmuşdur. Xəzər dənizində şəhidin adını daşıyan yük gəmisi var. Məmmədov Ziyad Məhəmməd oğlu Məmmədov Ziyad Məhəmməd oğlu 28
avqust 1965-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1972-1980-ci illərdə Dəmirçilər kənd tam orta məktəbində 8 illik təhsil almış və sonra 156 saylı Texniki Peşə məktəbində təhsilini
davam etdirmişdir. 1983-1985-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi borcunu yerinə yetirərək Vətənə, öz kəndinə qayıdaraq sovxozda
traktorçu-maşinist işləmişdir. 1993-cü ildə erməni quldurlarının torpaqlarımıza
etdiyi təzavüz zamanı Ziyad da Milli Ordu sıralarına səfərbər olmuşdur. N saylı hərbi hissədə
xidmət etmişdir. O, Qazax rayonunun Xanlıqlar kəndinin üstündəki Vəlixan
meşəsi və Cəfərli kəndinin "Qaraçal” yüksəkliyi
uğrunda gedən döyüşlərdə iştirak etmiş və igidlik göstərmişdir. 1994-cü il fevral ayının 4-də "Vəlixan” meşəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dəmirçilər kənd körpələr–evi uşaq bağçası şəhid Ziyad Məmmədovun
adını daşıyır. Vəliyev Məhəmməd İbrahim oğlu Vəliyev
Məhəmməd İbrahim oğlu 10 iyun 1969-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki
Aslanbəyli) kəndində anadan olmuşdur. 1976-cı ildə (Əlibayramlı kənd) hazırkı
Aslanbəyli kənd tam orta məktəbinin birinci sinfinə getmiş, 1986-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1987-89-cu illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1992-ci ildə Qazax
rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 28 avqust 1992-ci ildə N saylı
hərbi hissənin Birinci Şıxlı döyüş bölgəsində şəhid olmuşdur. Əmrahov Kamran Əziz oğlu Əmrahov
Kamran Əziz oğlu 29 avqust 1959-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1966-cı ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin birinci
sinfinə daxil olmuş, 1976-cı ildə həmin
orta məktəbi bitirmişdir. Həmin il Neft Akademiyasının Geoloji Kəşfiyyat fakültəsinə
daxil olmuş, 1981-ci ildə akademiyanı bitirmişdir. Həmin təyinatla Neft
daşlarına mühəndis göndərilmiş və orada çalışmışdır. 1987-1989-cu illərdə
SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Əmrahov Kamran Əziz oğlu
24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə
yaralanmış və ermənilər tərəfindən əsir götürülmüşdür. Sonra məlum olmuşdur ki,
ermənilər tərəfindən vəhşicəsinə yandırılmışdır. Əmrahov Kamran Əziz oğlu Çaylı
kənd Şəhidlər xiyabanında dəfn edilmişdir. Adını əbədiləşdirmək üçün adına
bulaq çəkilmişdir.Şəhidlərimizi tanıyaq və
tanıdaq----------------------------
Facebook-da paylaş