Əsas Səhifə > Şəhidlər > Şəhidlərimizin Vətən və bizlər üçün etdikləri heç vaxt unudulmamalıdır

Şəhidlərimizin Vətən və bizlər üçün etdikləri heç vaxt unudulmamalıdır


30-08-2020, 17:42

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Vətənpərvərlik məfhumu öz məzmununa görə çoxşaxəlidir və onu heç bir sözlə əvəz etmək mümkün deyil. İnsan dünyanı dərk etdikcə Vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Bu hiss öz dövlətinin tərəqqisi üçün can yandırmaq, doğma xalqının tarixi, keçmişi, dünəni və bu günü ilə fəxr etmək, Vətənin rifahı naminə əlindən gələni etmək deməkdir. Müstəqil dövlət quruculuğu yolunda gənc və yeniyetmələrin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz Vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Hazırda torpaqlarımızın iyirmi faizdən çoxu işğal altındadır. Bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşüb. Vətənin belə bir çətin zamanda mərd, sadiq gənclərə böyük ehtiyacı var. Məhz buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində hər birimiz məqsədəuyğun işlər görməliyik. 

Gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində başlıca amillərdən biri isə xalqımızın azadlığı uğrunda canından keçən igid oğul və qızlarımızın keçdikləri döyüş yollarını nümunə göstərməkdir. Çünki bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var ki, o da Şəhidlik zirvəsidir. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmağı özlərinə ən böyük şərəf sayan oğullarımızı tanıtmaq isə hər birimizin vətəndaşlıq borcu olmalıdır.

Bu gün minlərlə şəhidi olan Azərbaycanda elə bir bölgə, elə bir kənd və qəsəbə tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub və bu, bundan sonra da belə olacaq. Bu gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, CəfərliBala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 288 şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən rayonunun Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olaraq bir daha sübut etdi ki, Qazaxın igid, mərd oğulları hər zaman olub və bundan sonra da olacaq...  

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi artıq bir ənənəyə çevrilib. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Əjdər Babayevin, Qalib Əliyevin, Nuridə Pirvəliyevanın, Müşfiq Məmmədovun, İlqar Poluyevin, Ziyad Məmmədovun, Məhəmməd Vəliyevin, Kamran Əmrahovun əziz xatirəsini yad edirik. 

Babayev Əjdər Xalıqverdi oğlu


Babayev Əjdər Xalıqverdi oğlu 26 avqust 1950-ci ildə Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur. Sonradan onun ailəsi Ağstafaya (Xətai kəndi) köçmüşdür. 1958-ci ildə burada məktəbə getmiş və 1967-ci ildə həmin məktəbi bitirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır sonra isə ordudan tərxis olunan Əjdər Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir. Nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdür. 1995-ci il 13-17 mart hadisələri Vətənin sarsıntılı günləri idi. Silahlı dəstələrin zərərsizləşdirilməsində Əjdər Babayev böyük şücaət göstərdi vətənimizin bu cəsur övladı qardaş gülləsinə tuş gələrək əbədiyyətə qovuşdu. Evli idi, dörd övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Əjdər Xalıqverdi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Ağstafa rayonunda dəfn edilmişdir, adına məktəb var.

Əliyev Qalib Nazim oğlu


Əliyev Qalib Nazim oğlu 25 avqust 1975-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1981-ci ildə Kosalar kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1991-ci ildə həmin orta məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmiş, 10 yanvar 1994-cü ildə Füzuli bölgəsində döyüş zamanı itkin düşmüşdür. Qazax rayon Məhkəməsinin 19 avqust 1997-ci il tarixli qətnaməsi ilə itkin düşmüş hesab edilmişdir. Subay idi.

Pirvəliyeva Nuridə Cəlal qızı


Pirvəliyeva Nuridə Cəlal qızı 26 avqust 1987-ci ildə Quşçu Ayrım kəndində anadan olmuşdur. 1 may 1993-cü ildə ermənilərin Quşçu Ayrım kəndinə atdığı top mərmisinin qəlpəsindən şəhid olmuşdur.

Məmmədov Müşfiq Sabir oğlu


Məmmədov Müşfiq Sabir oğlu 27 avqust 1967-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1974-1984-cü illərdə Qaymaqlı kənd tam orta məktəbində təhsil almışdır. 1985-1987-ci illərdə Primorski vilayətində hərbi xidmətdə olmuşdur. 1987-ci ildən Tiflis şəhərində 8-ci alayda iş fəaliyyətinə başlamışdır. 1992-ci ildən Milli Ordu sıralarına könüllü yazılan Müşfiq N saylı hərbi hissənin 3-cü alayında Rota komandiri kimi Vətənə xidmət etmişdir. O, 1993-cü il iyun ayının 4-də şəhid olmuşdur. "Azərbaycan bayrağı" ordeni, Türkiyənin Bətər federasiyası tərəfindən fəxri fərmanla təltif olunmuşdur.

Poluyev İlqar Rəşid oğlu


Poluyev İlqar Rəşid oğlu 27 avqust 1967-ci ildə Qazax rayonunun Aşağı Salahlı kəndində anadan olmuşdur. 01.09.1975-ci ildə Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1985-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1985-1987–ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1987-1992–ci illərdə Xəzər dənizi neft qazma idarəsində işləmişdir. 15 yanvar 1994-cü ildə Ağdərə rayonu ərazisində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Xəzər dənizində şəhidin adını daşıyan yük gəmisi var.

Məmmədov Ziyad Məhəmməd oğlu


Məmmədov Ziyad Məhəmməd oğlu 28 avqust 1965-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1972-1980-ci illərdə Dəmirçilər kənd tam orta məktəbində 8 illik təhsil almış və sonra 156 saylı Texniki Peşə məktəbində təhsilini davam etdirmişdir. 1983-1985-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi borcunu yerinə yetirərək Vətənə, öz kəndinə qayıdaraq sovxozda traktorçu-maşinist işləmişdir. 1993-cü ildə erməni quldurlarının torpaqlarımıza etdiyi təzavüz zamanı Ziyad da Milli Ordu sıralarına səfərbər olmuşdur. N saylı hərbi hissədə xidmət etmişdir. O, Qazax rayonunun Xanlıqlar kəndinin üstündəki Vəlixan meşəsi və Cəfərli kəndinin "Qaraçal” yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş və igidlik göstərmişdir. 1994-cü il fevral ayının 4-də "Vəlixan” meşəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dəmirçilər kənd körpələr–evi uşaq bağçası şəhid Ziyad Məmmədovun adını daşıyır.

Vəliyev Məhəmməd İbrahim oğlu


Vəliyev Məhəmməd İbrahim oğlu 10 iyun 1969-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1976-cı ildə (Əlibayramlı kənd) hazırkı Aslanbəyli kənd tam orta məktəbinin birinci sinfinə getmiş, 1986-cı ildə həmin  məktəbin onuncu sinfini bitirmişdir. 1987-89-cu illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1992-ci ildə Qazax rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına  çağırılmışdır. 28 avqust 1992-ci ildə N saylı hərbi hissənin Birinci Şıxlı döyüş bölgəsində şəhid olmuşdur.

Əmrahov Kamran Əziz oğlu


Əmrahov Kamran Əziz oğlu 29 avqust 1959-cu ildə Qazax rayonunun Çaylı kəndində  anadan olmuşdur. 1966-cı ildə Çaylı  kənd 1 nömrəli tam orta məktəbin birinci sinfinə  daxil olmuş, 1976-cı ildə həmin orta məktəbi bitirmişdir. Həmin il Neft Akademiyasının Geoloji Kəşfiyyat fakültəsinə daxil olmuş, 1981-ci ildə akademiyanı bitirmişdir. Həmin təyinatla Neft daşlarına mühəndis göndərilmiş və orada çalışmışdır. 1987-1989-cu illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Əmrahov Kamran Əziz oğlu 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə yaralanmış və ermənilər tərəfindən əsir götürülmüşdür. Sonra məlum olmuşdur ki, ermənilər tərəfindən vəhşicəsinə yandırılmışdır. Əmrahov Kamran Əziz oğlu Çaylı kənd Şəhidlər xiyabanında dəfn edilmişdir. Adını əbədiləşdirmək üçün adına bulaq çəkilmişdir.


Geri qayıt