• Təqvim

  • Maraq



Qarabağ qaziləri məktəblilərlə görüşüb


"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsi hər zaman nümunəvi addımları ilə seçilir. Qazaxda aparılan abadlıq, quruculuq işlərini, keçirilən tədbirləri yüksək qiymətləndirən ictimai birliyin üzvləri həmişə yeniliklər etməyə can atır, öz töhfələrini verməyə çalışırlar.

Bu gün ictimai birliyin Səlim Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbdə şagirdlərlə vətənpərvərlik mövzusunda keçirdiyi görüş də bu dediklərimizin bariz nümunəsidir. "Heç kəs və heç kim heç vaxt unudulmur” devizi altında hərbi vətənpərvərlik mövzusunda keçirilən görüşdə "QMƏVŞA” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri, II qrup Qarabağ müharibəsi əlili Kamandar Məmmədov, sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, ictimai birliyin fəal üzvləri II qrup Qarabağ müharibəsi əlillərindən Bəxtiyar İsayev, Razin Həsənov, Mədəd Xəlilov, Rəsul Məmmədov, Aydın Abdullayev və məktəbin şagirdləri iştirak ediblər.

Gənclərimizin hərbi vətənpərvərlik ruhunda böyüməsində, tərbiyə olunmasında istiqamətləndirmək məqsədilə maarifləndirici söhbətlər aparıb, şəhidlərimizin, qazilərimizin keçdiyi döyüş yolundan danışaraq nümunə göstəriblər.

İctimai birliyin Qazax rayon şöbəsinin sədri, II qrup Qarabağ müharibəsi əlili Kamandar Məmmədov çıxış edərək filial olaraq hər zaman Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin mənafelərini və hüquqlarını müdafiə etdiklərini, sosial, ictimai və mənəvi problemlərinin həlli istiqamətində məqsədyönlü işlər gördüklərini bildirib. O, gənclərlə iş sahəsində də bir sıra tədbirlərin həyata keçirildiyini qeyd edib. Bugünkü görüşün də məhz həmin tədbirlər sırasında olduğunu çatdırıb. Görüş üçün yaradılan şəraitə görə məktəbin rəhbərliyinə öz minnətdarlığını bildirib.


Məktəbin direktoru Bəsdi Ələkbərova çıxış edərək gənclərin və yeniyetmələrin Vətənə, Anaya sədaqət, məhəbbət, şəhidlərimizə ehtiram, qazilərimizə hörmət hissi ilə formalaşmasında bu cür görüşlərin böyük əhəmiyyət daşıdığını qeyd edib. Ümumtəhsil məktəblərində təşkil olunan görüşlərin ilk olaraq 1 saylı məktəbdən başlanılmasına görə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını çatdırıb.

İctimai birliyin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək Respublika Prezidenti İlham Əliyev tərəfindən Qarabağ müharibəsi əlillərinə, veteranlarına, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Ölkə başçısının imzaladığı son Sərəncamlardan söz açan Qarabağ qazisi bildirib ki, bu Sərəncamla öz həllini tapan məsələlər bir daha onu sübut etdi ki, dövlət və dövlət başçısı hər zaman bizlərin yanındadır.

 

Məktəbin Əməkdar tarix müəllimi Mustafa Mirzəyev çıxış edərək mütəmadi olaraq məktəblilərlə vətənpərvərlik mövzusunda tədbirlər keçirildiyini qeyd edib. Bu gün keçirilən görüşü həmin tədbirlərin davamı kimi qiymətləndirib və alqışa layiq bir hal olduğunu qeyd edib.

Görüşdə məktəblilərin diqqətinə çatdırılıb ki, Vətən yalnız coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, bütün varlığı, taleyi, gücü, qüdrəti, əbədi səcdəgahıdır. Vətənpərvərlik insanın öz Vətəninə sevgi və sədaqətindən, doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir. 

Məktəblilərə hər bir gəncin şəhidlərimizin keçdiyi döyüş yoluna nəzər salaraq bu torpaq uğrunda göstərdikləri şücaətdən nümunə götürmələri bildirilib. Azadlığımızı, müstəqilliyimizi qorumaq üçün canlarından keçən şəhidlərimizi daim yad etmələri, sağlamlıqlarını itirən qazilərimizə hər zaman hörmət hissi ilə yanaşmaları tövsiyə olunub.

Maraqlı söhbət əsasında keçən görüşdə məktəbliləri düşündürən suallar da cavablandırılıb.



GOYEZEN.AZ



Facebook-da paylaş