Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüş keçirilib
Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Bu siyasətin əsası isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün bu siyasət yeni mərhələyə qədəm qoyub. Məhz dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Ulu öndərin təşəbbüsü ilə 2001-ci ildə "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin təsis edilməsi bu qəbildən olan insanlara verilən ən böyük dəyərdir. Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, onların müasir həyat şəraitinə uyğunlaşdırılmasına, sosial-iqtisadi və mənəvi probremlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək, onların əməkdaşlığını və qarşılıqlı əlaqələrini möhkəmləndirmək məqsədilə yaradılan birlik dövlətin bu cür insanlara dəstək olması deməkdir.
Qazax rayonunda da Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə hər cür qayğı göstərilir. Onları narahat edən məsələlər rayon rəhbərliyi tərəfindən daim nəzarətdə saxlanılır. Rayon rəhbərinin müharibə əlilləri, veteranları və şəhid ailələri ilə mütəmadi olaraq görüşlər keçirməsi bunun bariz nümunəsidir.
Bu gün də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə növbəti dəfə Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb.
"Qazilər çay ocağı” evində səmimi söhbət əsasında keçirilən görüşdə dövlət və dövlət başçısı tərəfindən müharibə veteranlarına və əlillərinə, şəhid ailələrinə göstərilən qayğıdan söz açılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, Qazaxda Vətənin müstəqilliyi uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına olan qayğı həmişə yüksək səviyyədə olub. Rayon rəhbəri kimi fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, şəhidlərin ailə üzvlərinə daim qayğı ilə yanaşım. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi istiqamətində məqsədyönlü işlər görüm. Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında əsaslı şəkildə abadlıq işlərinin aparılması, 285 şəhidin adı və şəkli əks olunmuş lövhələrin vurulması, xiyabanın ətrafında abadlıq işləri görülərək yaşıllıq salınması, yeni işıqlanma sisteminin qurulması şəhidlərimizə verilən ən böyük dəyərdir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqların, nümayəndə heyətlərinin qürur yerimiz olan bu müqəddəs məkana baş çəkmələrini, memorial önünə tər çiçək düzmələrini, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad etmələrini onlara olan ehtiramın ən böyük təcəssümü kimi qiymətləndirib. Qeyd edib ki, rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar almaları, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər Xiyabanında ruhlarına dualar oxunduğunu, əziz xatirələrinin dərin ehtiramla yad olunduğunu çatdırıb.
İcra başçısı bildirib ki, istər şəhid ailələrinə, istər Qarabağ müharibəsi əlillərinə, veteranlarına olan qayğı bundan sonra da yüksək səviyyədə olacaqdır. Bu günə kimi ölkə başçısının sizlərə olan qayğısı iş fəaliyyətimin əsas hissəsini təşkil edib, bu, bundan sonra da belə davam edəcəkdir.
Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov Qarabağ müharibəsi əlilləri və veteranları ilə səmimi söhbət edərək bildirib ki, sizlər dövlətə sadiq olan insanlar olduğunuz üçün hər cür diqqət və qayğıya layiqsiniz. Çünki sizlər o sadiqliyi öz əməllərinizlə bu gün də sübut edirsiniz. Necə ki, Vətən, torpaq uğrunda döyüşərək, həyatınızı heç düşünmədən bu amal uğrunda qurban verməyi, ölümü gözə almısınız. Bu gün də gənclərin bu ruhda və tərbiyədə böyümələri üçün işlər görürsünüz. Vətənpərvərlik hissinin aşılanmasına çalışırsınız. Ona görə də sizin kimi insanlar hər cür qayğıya layiqdir. Ölkə başçısı tərəfindən Qarabağ müharibəsi əlilləri və veteranları, eləcə də şəhid ailələri ilə bağlı həyata keçirilən genişmiqyaslı işlərdən, uğurlu layihələrdən söz açan natiq onlara olan diqqətin, qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib.
"Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri, II qrup Qarabağ müharibəsi əlili Kamandar Məmmədov çıxışı zamanı deyib ki, müharibə əlilləri və şəhid ailələrinin dövlət hesabına mənzillərlə, əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təminatına da ümummilli lider Heydər Əliyev tərəfindən başlanılıb. Ötən dövrdə minlərlə Qarabağ müharibəsi əlili və şəhid ailələri mənzillə təmin edilib. Bununla yanaşı, hərəkət-dayaq sistemi pozulmuş əlillərin reabilitasiyası, müalicəsi istiqamətində atılan addımlarla bərabər, onların minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülüb. Prezident müharibə əlilləri və şəhid ailələrinin övladlarının təhsil haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı müvafiq sərəncam da verib. Bütün bunlar isə dövlətin öz vətəndaşına kimliyindən asılı olmayaraq sahib çıxması, qayğı göstərməsi deməkdir. Bu gün biz öz dövlətimizə və dövət başçımıza arxalanaraq onun ətrafında sıx birləşmişik. Ali Baş Komandan İlham Əliyevin əmri ilə düşmən tapdağı altında qalan torpaqlarımızı hər an azad etməyə, dövlət başçısının bizlərə olan etimadını hər an doğrultmağa hazırıq və buna qadirik.
İctimai Birliyin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək Respublika Prezidenti İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə, veteranlarına göstərdiyi diqqət və qayğıya görə ictimai birliyin bütün üzvləri adından minnətdarlığını çatdırıb. Qeyd edib ki, biz Qarabağ müharibəsi əlilləri və veteranları rayon rəhbərliyinin diqqət və qayğısını fəaliyyətə başladığı ilk gündən hiss etmişik. Bunu rayonda keçirilən tədbirlərə dəvət almağımızdan, bayramlarda, xüsusi günlərdə yad olunmağımızdan aydın şəkildə görmək olar. Bu gün bizlərə olan isti və səmimi münasibətin nəticəsidir ki, biz öz qayğılarımızı rayon rəhbərinə rahat şəkildə çatdıra bilirik. Bir problemimiz olan zaman ilk olaraq ona üz tuturuq. Çünki bilirik ki, ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda həmişə ön planda olub. Məhz bunun nəticəsidir ki, rayonda qazi kəlməsi yüksəkdə tutulur. Bütün bunlara görə öz dərin minnətdarlığımızı bildiririk.
"Qazilər çay ocağı” evi haqqında məlumat verən N.Alıyev qeyd edib ki, 1 ildir ki, çay evi fəaliyyət göstərir. Burada ictimai birliyin rayon şöbəsinin imkanları hesabına çay evinə gələn müharibə əlillərinə və veteranlarına təmənnasız olaraq xidmət göstərilir. Bildirib ki, çay evinin yaradılmasında əsas məqsəd bura gələn hər bir əlil və veterana öz qayğılarını paylaşmaq, fikirlərini bölüşmək imkanı yaratmaq və gücümüz çatan miqdarda maddi və mənəvi olaraq yardım etməkdir. Bu gün ictimai birliyin rayon şöbəsinin mindən çox üzvü vardır. Çalışırıq ki, onlara lazımi köməklikləri edək, az da olsa öz töhfəmizi verək. Ən əsası da gənclərimizin vətənpərvər, anaya, Vətənə, xalqa, dövlətə sadiq ruhda böyümələri üçün nələrsə edək, dövlətə sadiqliyimizi nümayiş etdirək.
II qrup Qarabağ müharibəsi əlili Rəşad Qocayev də çıxış edərək ölkə başçısına minnətdarlığını çatdırıb. Bugünkü görüşün mənəvi cəhətdən əlillərə və veteranlara verilən ən böyük dəstək olduğunu bildirib.
II qrup Qarabağ müharibəsi əlili Natiq Bağırov da çıxışı zamanı dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Onlara dəstək olan insanlardan söz açaraq Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilmiş, "Şöhrət” ordenli məşqçi Firdovsi Umudov tərəfindən hər zaman dəstək aldığını bildirib. Qeyd edib ki, F.Umudovun Qazaxa hər gəlişi zamanı çay evində olması, bizlərlə söhbət aparması, istər maddi, istər mənəvi dəstək olması bizi çox sevindirir. Sevinirik ki, dövlətimiz və xalqımızın mərd oğulları bizləri unutmur. Daim arxamızda dayanaraq bizlərə qayğı göstərirlər. Buna görə bütün əlillər və veteranlar adından minnətdarlığımı bildrirəm.
Səmimi söhbət əsasında keçən görüşdə ofis binasının və cəmiyyətin bir nəfər üzvünün sığınacaqla təmin olunması ilə bağlı müraciətlər də dinlənilib. Rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə yanaşlacağını və baxılacağını bildirib.
Səmimi keçən görüşün sonunda xatirə şəkli çəkilib.
GOYEZEN.AZ
Facebook-da paylaş