• Təqvim

  • Unutma

  • Maraq



Şəhid Süleyman Süleymanovun məzarı ziyarət olunub

Ermənistanla 168 km məsafədə sərhəddi olan Qazax rayonu da torpaqlarımızın ərazi bütövlüyünün qorunması yolunda yüzlərlə şəhid verib. Bu gün rayonun 285 nəfər şəhidi, o cümlədən 7 nəfər Milli Qəhrəmanı var. Vətən torpağı daim var olsun deyə qəhrəmanlıq zirvəsinə yüksələn şəhidlərimizdən biri də Süleymanov Süleyman Elçin oğludur. O, 11 noyabr 1997-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır. 2016-cı il yanvar ayının 26-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Ağdam rayonunda başlamışdır.

2017-ci il mart ayının 2-də Ağdamda ermənilərlə təmas xəttində ön cəbhədə hərbi xidmət vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən snayperlə vurularaq şəhid olmuşdur. Şəhid doğuluğu Daş Salahlı kənd Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Şəhidin adına doğulduğu kənddə Fidat Məmmədov küçəsində xatirəsinə bulaq abidə kompleksi tikilmişdir.

Bəli, bu gün şəhid Süleyman Süleymanovun şəhidlik adlı zirvəyə ucaldığı gündən 2 il ötür. Lakin o, hər zaman biz qazaxlıların, Daş Salahlıların qəlbində əbədi olaraq yaşayır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi və "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin əməkdaşları, aidiyyəti şəxslər, şəhidin doğmaları bu gün igid Vətən oğlunun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Keçdiyi döyüş yoluna nəzər salıb, göstərdiyi şücaətdən söhbət açıblar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov çıxış edərək qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda qurban gedən şəhidlərimizin qanının yerdə qalmayacağını, Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildirib. Şəhid Süleyman Süleymanov kimi igid oğullarımızın göstərdikləri şücaətin gələcək nəsillərə örnək olduğunu qeyd edib.

 

"QMƏVŞA” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri, II qrup Qarabağ müharibəsi əlili Kamandar Məmmədov, sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, ictimai birliyin fəal üzvlərindən Vaqif Xanbabayev, Elxan Məmmədov çıxış edərək bildiriblər ki, canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazan şəhidlərimiz heç zaman unudulmayacaqdır. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır. Onlar ölümləri ilə ölməzlik qazanan və əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır. Qeyd ediblər ki, bu gün Süleyman Süleymanov kimi oğullar sayəsində Azərbaycan dövləti, Vətən torpağı azad və firəvandır.

Şəhid atası Elçin Süleymanov çıxış edərək övladı ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Respublika Prezidenti İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizə göstərilən səmimi münasibətdən söz açıb. Ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib.


GOYEZEN.AZ



Facebook-da paylaş