Şəhidlik zirvəsinə ucalmağı özlərinə ən böyük şərəf sayan oğullarımızı tanıtmaq hər birimizin vətəndaşlıq borcudur
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Öz məzmununa görə çoxşaxəli olan "Vətənpərvərlik” məfhumu. Bu elə bir məfhumdur ki, onu heç bir sözlə əvəz etmək mümkün deyil. İnsan dünyanı dərk etdikcə Vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Bu hiss öz dövlətinin tərəqqisi üçün can yandırmaq, doğma xalqının tarixi, keçmişi, dünəni və bu günü ilə fəxr etmək, Vətənin rifahı naminə əlindən gələni etmək deməkdir. Müstəqil dövlət quruculuğu yolunda gənc və yeniyetmələrin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz Vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilir. Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində görülən işlərdə hər birimiz səfərbər olmalıyıq. Gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində başlıca amillərdən biri isə xalqımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın keçdikləri döyüş yollarını nümunə göstərməkdir. Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var ki, o da Şəhidlik zirvəsidir. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmağı özlərinə ən böyük şərəf sayan oğullarımızı tanıtmaq isə hər birimizin vətəndaşlıq borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik.
Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.
Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Milli Qəhrəman Şamoy Çobanovun, gizir Elvin Əhmədovun, İlqar Poluyevin, çavuş Akşın Məmmədovun, İlqar əsgər Hüseynovun, Akif İsmayılovun, Arif Məsmalıyevin, leytenant Rizvan Qasımovun əziz xatirəsini ehtiramla yad edirik.
Milli Qəhrəman Çobanov Şamoy Məhyəddin oğlu
Çavuş Çobanov Şamoy Məhyəddin oğlu 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1972-ci ildə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra bir il avtobazada çilingər kimi çalışmışdır. 1983-85-ci illərdə keçmiş sovetlər birliyinin Leninqrad şəhərində hərbi xidmətdə olmuşdur. Xidməti başa vurduqdan sonra Vətənə dönmüş və yenidən çilingər kimi çalışmışdır. 1988-ci ildə Qazax rayonunun polis şöbəsində polis nəfəri kimi işə qəbul edilmişdir. Bağanıs Ayrım, Aşağı Əskipara, Barxudarlı kəndlərində dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində xüsusi qəhrəmanlıq göstərmişdir. 1990-cı il avqust ayının 19-da Yuxarı Əskipara kəndinə işləyən sərnişin avtobusu Şamoy Çobanov və başqa polis nəfəri tərəfindən mühafizə olunmuşdur. “Səməd Ağa vurulan dərə” deyilən ərazidə mənfur ermənilər avtobusu atəşə tutmuşdular. Atışma başlamış və Şamoy Çobanov avtobusun qapısını açaraq ermənilərin üstünə getmişdir və bir müddət atışandan sonra qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 8 okyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə respublikamızın suverenliyi və dinc əhalinin təhlükəsizliyinin təmin olunmasında göstərdiyi şəxsi igidliyinə və şücaətinə görə ölümündən sonra Azərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülmüşdür.
Hazırda Ağköynək tam orta məktəbi Milli Qəhrəmanın adını daşıyır və məktəbdə onun büstü qoyulmuşdur. Eyni zamanda şəhərin mərkəzində və doğulduğu Ağköynək kəndində xatirəsinə tikilmiş bulaq var.
2013-cü ildə onunla yanaşı digər iki Milli Qəhrəman - Mərifət Nəsibov və Rafiq Alıcanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir. 2015-ci ildə üç igidin - Şamoy Çobanov, Mərfət Nəsibov və Rafiq Alıcanov haqqında “İZ Production” studiyası tərəfindən çəkilmiş “Ölümə qənşər” adlı sənədli-bədii filmdə onların döyüş yolundan söz açılmış, yaxın dostlarının, ailə üzvlərinin və qohumlarının xatirələrinə yer verilmişdir.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir Əhmədov Elvin Qələndər oğlu
Şəhid gizir Əhmədov Elvin Qələndər oğlu 15 yanvar 1990-cı ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyi bitirdikdən sonra qəbul imtahanlarından yüksək bal toplayaraq Gəncə Texnologiya Universitetinin Turizm fakültəsinə daxil olmuşdu. Elvin 2011-ci ildə tələbəlik həyatı ilə vidalaşıb, hərbi xidmətə yola düşür. Həmin dövrdən onun həyatı dəyişməyə başlayır. Ali təhsil almasına baxmayaraq, babası Qələndərin yanında böyüməsindən və yaxud nədənsə o, babasının yolu ilə getmək, hərbçi olmaq istəyirdi. Çox keçmədi ki, ürəyinin sözünə qulaq asıb çətin, çətin olduğu qədər də şərəfli olan bu yola könül verdi, həyatını həmişəlik bu peşəyə bağladı. 2013-cü ilin avqustundan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi fəaliyyət göstərməyə başladı. Gizir Elvin Əhmədov Gəncə şəhərində xidmət edirdi. Çox keçmədi ki, onun sinəsində Daxili İşlər Nazirliyi tərəfindən verilmiş "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal parıldamağa başladı.
Gizir Elvin Əhmədov 19.09.2023-cü ildə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 21.09.2023-cü ildə Qarapapaq kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, 1 övladı var, Əsmər adlı qız övladı bizlərə yadigar qalıb.
Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən gizir Elvin Əhmədov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz gizir Elvin Əhmədovun adı verilib.
Poluyev İlqar Rəşid oğlu
Poluyev İlqar Rəşid oğlu 27 avqust 19867-ci ildə Qazax rayonunun Aşağı Salahlı kəndində anadan olmuşdur. 01.09.1975-ci ildə Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1985-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1985-1987-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1987-1992-ci illərdə Xəzər dənizi neft qazma idarəsində işləmişdir. 15 yanvar 1994-cü ildə Ağdərə rayonu ərazisində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Xəzər dənizində şəhidin adını daşıyan yük gəmisi var.
Çavuş Məmmədov Akşın Vəlyəddin oğlu
Məmmədov Akşın Vəlyəddin oğlu 23 mart 1976-cı ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbi bitirdikdən sonra 1994-cü ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmişdir. 1997-ci il yanvar ayının 16-da Murovdağda Gülüstan qəsəbəsində döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı zamanı şəhid olmuşdur. İstehkamçı manqa komandiri olmuşdur. Subay idi.
Əsgər Hüseynov İlqar Yaşar oğlu
İlqar Hüseynov 17 yanvar 2001-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin 1-ci sinifinə getmişdir. 2016-cı ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. Həmin ildə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin elektrik təchizatı ixtisasına daxil olmuş, 2020-ci ildə bitirmişdir. Kolleci bitirdikdən sonra 07.07.2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Ağdam rayonunun Xındırıstan kəndində xidmət etmişdir. 28.09.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində düşmənin hücumunun qarşısını alarkən "N" saylı hərbi hissənin artilleriya batareyasının əsgəri Hüseynov İlqar Yaşar oğlu şəhid olmuşdur. Şəhid əsgərimiz 29.09.2020-ci il tarixdə şəhərdəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Şəhid İlqar Hüseynov da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Qəhrəman şəhidin yaşadığı küçənin girişində magistral yolun kənarında adını əbədiləşdirən dayanacaq qoyulub.
İsmayılov Akif Qabil oğlu
İsmayılov Akif Qabil oğlu 19 aprel 1970-ci ildə Qazax rayonunun Ağköynək kəndində dünyaya göz açmışdır. Akif anadan olduğu kəndin orta məktəbində 1977-85-ci illərdə 8 illik təhsil aldıqdan sonra 117 saylı texniki peşə məktəbində qaynaqçı peşəsinə yiyələnir. 1988-90-cı illərdə sovetlər birliyinin İrkutsk vilayətində hərbi xidmətini başa vuraraq Vətənə dönür və sovxozda öz ixtisası üzrə işləyir. 1988-ci ildə başlayan Ermənistan-Azərbaycan münaqişəsi zamanı düşmənlərimizin torpaqlarımızı zəbt etməsi hər kəs kimi Akifi də narahat edir. 1993-cü ilin may ayında Milli Ordu sıralarına yazılan Akif torpaqlarımızın müdafiəsi uğrunda əlinə silah alaraq sərhəd bölgələrinə yollanır. O, Ballı Qaya, Bala Cəfərli sərhəd bölgələrində döyüş yolları keçir. 1994-cü il yanvar ayının 18-də Ballı Qaya yüksəkliyi uğrunda döyüşdə mənfur erməni quldurlarının gülləsi Akifin sinəsinə tuşlanır. Həmin an bir igid Vətən oğlu torpağın müdafiəsi uğrunda, torpaq üzərində əbədi olaraq gözlərini yumur, Şəhidlik zirvəsinə ucalır. İgid Vətən oğlu yanvar ayının 19-da doğulduğu Ağköynək kənd qəbiristanlığında dəfn olunmuşdur.
Məsmalıyev Arif Rəhim oğlu
Məsmalıyev Arif Rəhim oğlu 2 may 1971-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1978-ci ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 825-ci Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məsmalıyev Arif Rəhim oğlu 19 yanvar 1994-cü ildə Lələkənd ətrafı ərazilərdə gedən döyüşlərdə şəhid olmuşdur.
Leytenant Qasımov Rizvan Eldar oğlu
Qasımov Rizvan Eldar oğlu 20 yanvar 1967-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1974-82-ci illərdə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbində təhsil almışdır. Təhsilini Texniki Peşə Məktəbində davam etdirmişdir. 1987-ci ildə sovetlər birliyində hərbi xidmətdə olmuşdur. Orada gizir rütbəsi almışdır. Ermənistan-Azərbaycan münaqişəsi zamanı Rizvan Milli Ordu sıralarına yazılmışdır. O, Qazax rayonunun sərhəd bölgələrində düşmənə qarşı cəsurluqla vuruşmuşdur. 1994-cü il iyul ayının 14-də yoldaşlarının dediyinə görə döyüş əmri ilə Ağstafaya gedərkən qəza nəticəsində həlak olmuşdur. Dəmirçilər kəndində adına şəhid bulağı tikilmişdir.
Facebook-da paylaş