“Sağlam gələcək bizimlə gələcək!” layihəsinin icrası davam edir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş “Sağlam gələcək bizimlə gələcək!” layihəsi uğurla icra olunur. Qeyd edək ki, "Sağlam gələcək bizimlə gələcək!" qrant layihəsinin müəllifi Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin Fizika müəllimi Nuranə Şərifova, layihənin icraçısı isə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin İngilis dili müəllimi Tahirə Xasməmmədovadır. Layihənin məqsədi məktəblilər, gənc müəllimlər və valideynləri cəlb etməklə şagirdlər arasında sağlam həyat tərzinin təbliği ilə yanaşı asudə vaxtın səmərəli istifadəsi və rayonumuzda ekoloji təmizliyin qorunmasına nail olmaqdır. Hazırda layihənin icrasına Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəb, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəb və Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəb olmaqla 10 nəfər müəllim, 30 nəfər şagird cəlb olunmuşdur. Bu rəqəm könüllülərin istəyi əsasında arta da bilər. Şagirdlər əsasən 7-8-9-cu sinifləri əhatə edir. Ekspert, layihə icraçısı və təlimçidən ibarət olan komanda müəllim-şagird-valideyn kontingentini layihənin icrası boyu daha sıx əlaqələrlə birləşdirir.
Yanvarın 24-də “Sağlam gələcək bizimlə gələcək!” Yaşıl dünyanın təşviqi layihəsinin iştirakçıları layihədə nəzərdə tutulmuş fəaliyyətə əsasən Qazax şəhərində yerləşən böyük ticarət mərkəzi olan “Bazarstore”də olublar. Aksiya iştirakçıları özləri ilə gətirdikləri təbiəti qorumaq, onu çirkləndirməmək haqqında olan informativ plakatları vitrinalardan asıblar. “Bazarstore” administrasiyasının icazəsi ilə başlayan aksiya 1 saat davam edib.
Layihə iştirakçılarının hər biri özləri ilə əvvəlcədən tikdikləri çantaları gətiriblər. Onlar bəzi sakinləri könüllü olaraq saxlayıb, onlara aldıqları məhsulları necə uzunmüddət saxlaya bilirlər, suya, işığa necə qənaət edirlər, plastik və şüşə butulkaları təkrar emala verirlərmi və yaxud onlardan ikinci dəfə necə istifadə edə bilərlər deyə suallar ünvanlanyıblar. Könüllü olaraq layıhə iştirakçılarının suallarına cavab verən və onları qane edən cavabların müqabilində şagirdlərimiz öz əlləri ilə hazırladıqları parça çantaları onlara hədiyyə ediblər.
Bu aksiya şagirdlərə nə verib?. İctimaiət arasında davranış qaydalarına əməl etmək, insanlara necə müraciət etmək, özünü təqdimat, ekologiyanı qorumaq üçün insanlara hansı istiqamətdə suallar vermək, lazımsız bildikləri əşyalardan yeni lazımlı şeylər hazırlamaq, əl əməyinə hörmətlə yanaşmaq, paylaşmağı bacarmaq və s. müsbət emosiyaların yaranmasına kömək edib.
Ətraf mühiti çirkləndirməmək haqqında suallar vermək ətraf mühitin qorunmasına daha çox diqqət yetirmək və bu sahədə daha yaxşı qərarlar qəbul etmək üçün faydalıdır. Tullantılarımı necə düzgün atıram, gündəlik həyatda təkrar istifadə edə biləcəyim hansı məhsullar var, ətraf mühiti çirkləndirməmək üçün nə qədər enerji və su israfını azalda bilərəm, hansı ekoloji təmiz məhsulları istifadə etmək daha yaxşıdır, təkrar emal edilə bilən materialları necə düzgün təsnif edə bilərəm, plastik əvəzinə hansı materialları istifadə edə bilərəm, yerli və ekoloji cəhətdən təmiz məhsullar alaraq nə qədər ekoloji izimi azalda bilərəm, geri dönüşüm prosesi haqqında nə qədər məlumatlıyam, iqlim dəyişikliyinə qarşı mübarizəyə necə daha çox dəstək verə bilərəm, nəqliyyat vasitələrini daha az necə istifadə edə bilərəm, yaşadığım ərazidə təbii resursları necə daha səmərəli istifadə edə bilərəm, suyu daha az necə israf edə bilərəm, biolojik parçalanan tullantıları necə düzgün idarə edə bilərəm, təbii sərvətlərin qorunmasına necə daha çox töhfə verə bilərəm mövzularda suallar ünvanlanıb.
Layihə iştirakçıları, şagirdlər onların layihələrini diqqət və maraqla izləyən, çətinliklərin öhtəsindən gəlmək üçün layihəyə öz qayğı və köməyini əsirgəməyən rayon rəhbərliyinə minnətdarlıq etməyi də unutmurlar.
Facebook-da paylaş