• Təqvim

  • Maraq



“...Qazaxın dörd kəndinin azadlığına aparan yol gənclərin gözü ilə”

Respublika mətbuatı Qazax haqqında


Qazaxda “1990-cı illərin əvvəllərində işğal altına düşmüş Qazaxın dörd kəndinin azadlığına aparan yol gənclərin gözü ilə” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə həmçinin "Dünya Vətəndən başlayır" adlı kitab təqdim olunmuşdur. 

Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, təhsil və mədəniyyət işçiləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri iştirak etmişlər. 

Qeyd edilmişdir ki, 2024-cü ilin ən önəmli hadisələrindən biri də Qazaxın 4 kəndinin bir güllə atılmadan doğma sakinlərinə qaytarılması oldu. Bildirilmişdir ki, bu kəndlərin geri qaytarılmasına gedən yol Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qazandığımız şanlı Qələbələrdən keçdi. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün doğma Qarabağda - Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

Tədbirdə çıxış edən Rəcəb Babaşov bildirmişdir ki, azad olunmuş kəndlərlə bağlı Azərbaycan dövləti heç vaxt öz mövqeyindən bir addım da olsun geri çəkilmədi: “Bütün məsələləri inamla və ardıcıllıqla həyata keçirdi. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsi, sonra isə işğal altında qalan hissə işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması dövlətimizin növbəti qələbəsi oldu”.

Sonra Səməd Seyidov çıxış edərək tədbirin əhəmiyyətini vurğulamışdır. “1990-cı illərin əvvəllərində işğal altına düşmüş Qazaxın dörd kəndinin azadlığına aparan yol gənclərin gözü ilə” mövzusunda tədbirin əhəmiyyətini diqqətə çatdıran millət vəkili qazandığımızın tarixi qələbənin kökündə Müzəffər Ali Baş Komandanın düşünülmüş siyasətinin, qətiyyətinin dayandığını söyləmişdir. 

Barat Vüsal isə tədbir iştirakçılarına səmimi ürək sözlərini çatdırmış, "Dünya Vətəndən başlayır" adlı kitab haqqında fikirlərini bölüşərək sözügedən kitabın hər cəhətdən dəyərli bir kitab olduğunu qeyd etmişdir.

Sonra kitabın müəllifi İradə Qədirova çıxış edərək təqdimat mərasimində səmimi sözlər söyləyən iştirakçılara minnətdarlığını bildirmişdir. 

Sabir ƏLİYEV, 

“Azərbaycan” qəzetinin bölgə müxbiri

26 yanvar 2025-ci il

https://www.azerbaijan-news.az/az/posts/detail/qazaxin-dord-kendinin-azadligina-aparan-yol-genclerin-gozu-ile-1737837615/350976 




Facebook-da paylaş