Tarixi köklərə dayanan əlaqələrimiz
Tarixi dostluq, yüksək səviyyəli qarşılıqlı etimad əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri gündən-günə möhkəmlənməkdədir. Azərbaycan-Türkiyə əməkdaşlığını şərtləndirən əsas amillərdən biri dövlət başçımızın həyata keçirdiyi xarici siyasətin əsas tərkib hissəsi, hər iki ölkənin dövlət başçılarının dostluğa, qardaşlığa əsaslanan əlaqələri, səmimi münasibətləridir.
Ölkələrimiz arasında bütün sahələrdə - siyasi, humanitar, hərbi və s. olduğu kimi iqtisadi sahədə də əlaqələr daim güclənir, daim genişlənir.
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri müstəqilliyimizin ilk illərindən inkişaf etməyə başlamış, 1994-cü ildən sonra həyata keçirilən xüsusi mərhələnin əsası qoyulmuşdur. Türkiyə ilə iqtisadi əlaqələrimiz dərin tarixi köklərə, strateji tərəfdaşlığa söykənən münasibətlərdir. Bu ölkə ilə iqtisadiyyatımız böyük inkişaf potensialına malikdir.
Türkiyə Azərbaycanın apardığı mübarizəyə, Qarabağ məsələsində ilk günlərdən dəstək vermiş, bütün imkanları ilə azərbaycanlıların yanında olduğunu və öz qardaşlıq dəstəyini göstərmişdir. Xalqlarımızın dostluğu, qardaşlığı həm siyasi, həm də iqtisadi sahədə möhkəmlənir.
Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Neft, qaz kəmərinin, dəmir yolunun reallığa çevrilməsi hər iki xalq arasında əlaqələrin möhkəmliyini daha da artırır.
Hazırda Azərbaycan-Türkiyə arasında iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır. Cari ilin 29 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman hər iki ölkə arasında həyata keçirilən layihələrlə yanaşı, yeni layihələr haqda müzakirələrin aparılması da bu dediklərimizin bariz nümunəsidir. Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman bir daha əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirdi. Dövlət başçısı qeyd edib ki, nəqliyyat sahəsi həmişə ön sıralarda olub və İkinci Qarabağ müharibəsindən sonra bunun önəmi daha da artıb. Son illər Bakı-Tbilisi-Qars dəmiryolu ilə yüklərin həcmi daha da artıb. Bu yol üzərindən daşınan yüklərin həcminin artması nəqliyyat layihələrinin səmərəliliyinin əsas göstəricisidir. Naxçıvana dəmiryolunun çəkilməsi ilə Azərbaycan və Türkiyə arasında daşımalar asanlaşacaq, Zəngəzur dəhlizi hər iki ölkə arasında yeni bir bağlantını təmin edəcək.
Bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan-Türkiyə arasındakı münasibətlər bundan sonra da inkişaf edəcək, sürətlənəcək, sülhün və təhlükəsizliyin təmin edilməsinə, iqtisadi inkişafın daha da gücləndirilməsinə yönələcək.
Səidə QOCAYEVA,
Qazax Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi
Facebook-da paylaş