Türkiyə və Azərbaycanın qardaşlığı əbədidir
"Bir millət iki dövlət"
Heydər Əliyev "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri
bizim kədərimizdir"
Mustafa Kamal AtatürkTürk dünyasının
iki böyük tarixi şəxsiyyətlərindən tarixi iqtibaslar gətirməyim heç də təsadüfi
deyildir. Məhz bu tarixi şəxsiyyətlərin öz dövrlərində dedikləri bu fikirləri
bugünkü Azərbaycan və Türkiyə qardaşlığının bariz nümunəsidir. Türkiyə və Azərbaycan
qardaşlığının kökləri tarixin müxtəlif dövrlərinə söykənir. Hər iki dövlət müxtəlif
tarixi inkişaf dövrləri keçmişdir. Bunu da qeyd etmək lazımdır ki, hər bir ölkə
daxili və xarici siyasətini, iqtisadiyyatını, idarəetməsini, beynəlxalq əlaqələrini
düzgün formada qurub inkişaf etdirdikcə regionda güclü dövlətə çevrilir. Bu
yüksəliş isə heç də bütün ölkələr tərəfindən birmənalı qarşılanmır.
Təssüflər olsun
ki, ölkəmiz də belə dövlətlərdəndir. Onu gözü götürməyənlər və hər yolla
müdaxilə edib zəiflətməyə çalışanlar çoxdur və onlardan istənilən qədər
danışmaq olar. Lakin bir də daima ölkəmizin yanında olan və heç bir dəstəyini əsirgəməyən
bir qardaşı, dostu var Azərbaycanımın. Tarixi əsrlərə söykənən şanlı Türkiyə. Bax
bu qardaşlıqdan, hər iki ölkənin əsrlər boyu davam edən münasibətlərindən söz
açmaqdan Vətənini sevən hər kəs kimi mən də qürur duyuram.
Bu gün iki qardaş
ölkənin əlaqələrinin dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi
tarixi təməllərə söykənir. Təbii ki, xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə
və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə
doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub.
Bildiyimiz kimi, türk xalqlarının kökü eyni genetik-mənəvi başlanğıcdan
qaynaqlanır. Biz elə bir xalqın övladlarıyıq ki, tarixdə çox az xalq bizim
keçdiyimiz əzəmətli yolu keçib. Diqqət yetirsək görərik ki, bizim şanlı türk
xalqlarının tarixi bahadırlıq, alplıq, ərənlik tarixidir. O həm də bəşəriyyəti
qüdrətli sənət inciləri ilə zənginləşdirən, ucu-bucağı görünməyən bir mənəviyyat
xəzinəsidir. Türkün böyüklüyü elə bir həqiqətdir ki, onu danmaq, görməzdən gəlmək
mümkün deyil!
Hələ 1918-ci il 28
mayda yaradılmış və şərqin ilk müsəlman-türk dövləti olan Azərbaycan Xalq
Cümhuriyyətinin daxili-xarici hücumlardan müdafiəsində və möhkəmlənməsində o
zamankı Osmanlı dövlətinin misilsiz köməyi olub. Belə ki, Osmanlı hökuməti I
Dünya Müharibəsindən sonra ağır şərtlər altına düşməsinə baxmayaraq, Azərbaycanın
ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi
qüvvələrini Azərbaycana köməyə göndərdi. Onun rəhbərlik etdiyi Qafqaz İslam
Ordusu və Azərbaycan korpusu Gəncədə, Yevlaxda, Göyçayda, Kürdəmirdə və digər
bölgələrdə aparılan ağır döyüşlərdə eser-menşevik, daşnak qoşunlarını
darmadağın edərək sentyabrın 15-də Bakıya daxil oldu. Bakının "Sentrokaspi
diktaturası”ndan azad olunduğu gün tariximizin ən şanlı səhifələrindəndir.
Tarixi dostluq,
qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında
qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın, ölkələrimizin
bu bağlılığı hər iki dövlət başçılarının çıxışlarında da hər zaman təsdiqlənir.
Hələ Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu zaman Azərbaycan-Türkiyə
qardaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verib. Ümummilli Lider
Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi
olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də
hər iki dövlətin vətəndaşları üçün örnəkdir.
Ulu Öndərin bu
sitatı isə bütövlükdə iki ölkə əlaqələrinin hərtərəfli izahını vermiş
olur: "Bizim xalqlarımız əsrlər boyu
bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, bir dilli xalqlarıq. Bizim
milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də
bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin
əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə
bağlayıb, bir–birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini
əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr
əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik,
inkişaf etməliyik”.
Ümummilli Liderin
layiqli davamçısı Prezident İlham Əliyev də öz siyası xəttində hər zaman Türkiyə
ilə münasibətlərə xüsusi önəm vermiş və bunu öz sözləri və əməlləri ilə təsdiq
etmişdir. Prezident İlham Əliyevin türk dünyası haqqında bu sitatını xüsusi
vurğulamaq istərdim: "Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və
reallaşdırılan layihələr bunu təsdiqləyir, aramızdakı qardaşlıq, dostluq əbədi
olacaq, XXI əsr türk dünyası əsri olacaq”.
Bundan əlavə, Praqada
dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı proqramının 5
illiyi”nə həsr olunan Sammit zamanı yaşanan hadisəni də xatırlatmaq yerinə düşər.
Belə ki, Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan
prezidenti Sammitin plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq ”qondarma soyqırımı” məsələsini qabardıb və Türkiyəni əsas tənqid
hədəfi kimi seçib.
Lakin Sammitdə
iştirak edən Azərbaycan Prezidenti çıxışı zaman bildirib ki, "Bu gün təəssüf
ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən
hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri
yoxdur. Ancaq mən burdayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu
deyə bilərəm”. Bu tarixi çıxış bir daha sübut etdi ki, Azərbaycan da hər zaman
Türkiyənin yanındadır və onun mövqeyini müdafiə etməyə hazırdır.
Türkiyənin beynəlxalq
ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməyə
çağırması günümüzün reallıqlarındandır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
ərazisinin bir hissəsini işğal etməsinə cavab olaraq rəsmi Ankaranın təcavüzkar
dövlətlə sərhədlərini bağlaması ilə Türkiyənin Azərbaycanın mövqeyini təkcə
sözdə yox, həm də əməli işdə dəstəkləyən bir dövlət olduğunu ortaya qoymuşdur.
Bildiyimiz kimi, 2020-ci
il iyulun 12-i günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan
Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya
qurğularından atəşə tutmağa başladı. Nəticədə Azərbaycanın 12 hərbçisi və 1
dinc sakini şəhid olub, 4 hərbçisi yaralandı.
Bu döyüşlər zamanı
Türkiyə öz mövqeyini ortaya qoyaraq Azərbaycanın yanında olduğunu vurğulayıb.
Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında Azərbaycana
"sonuna qədər dəstək veriləcəyini” bildirib: "Dost və qardaş Azərbaycana qarşı
Ermənistan tərəfindən hücumları şiddətlə pislədiyimizi bildirmək istəyirəm.
Hücumun Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhədlərdə, ağır
silahlarla həyata keçirilməsi bu hadisənin Azərbaycana qəsdən edilən bir hücum
olduğunu göstərir. Türkiyə Azərbaycanın haqqına, hüququna, torpaqlarına qarşı hər
cür hücumun qarşısında olmaqda əsla tərəddüd etməyəcək”.
Sevindirici haldır
ki, bu dəstək Türkiyə Prezidentinin bəyanatı ilə yekunlaşmadı. Eləcə də digər rəsmi
şəxslərin dəstəyi bizi qürurlandırdı. Türkiyənin Milli Müdafiə naziri Hülusi
Akarın söylədiyi sitatı və bütün dünyaya verdiyi mesajı bir daha xatırlayaq: "Xocalıda
bütün dünyanın gözü qarşısında soyqırımı törədən, Dağlıq Qarabağı işğal edən
Ermənistana qarşı bütün imkanlarımızla Azərbaycanın, azərbaycanlı silahlı
yoldaşlarımızın sonunadək yanındayıq. Azərbyacan yalnız deyil. Azərbaycanda
olmaqdan onur və qürur duyuruq”.
Eləcə də Müdafiə
naziri Zakir Həsənovun: "İnşallah, Azərbaycan Silahlı Qüvvələri Türkiyə Silahlı
Qüvvələrərinin dəstəyi ilə öz vəzifəsini yerinə yetircək" deməsi Azərbaycan
torpaqlarını işğaldan azad etməsinin heç də uzaqda olmamasının mesajı idi.
Mövcud vəziyyətlə əlaqədar
olaraq son hadisələr sübut etdi ki, Ali Baş Komandanın əmrini gözləyən, onu dəstəkləyən,
yanında olan minlərlə vətəndaşın Vətən eşqi, azadlıq sevdası bizi qələbəyə
yaxınlaşdıran birliyimiz, gücümüzdür.
Bu həssas dönəmdə
Türkiyə rəsmiləri ilə yanaşı, Türkiyə xalqından da Azərbaycan xalqına böyük dəstək
görmüş olduq. Yaxın günlərdə Türkiyə xalqının Azərbaycanla bağlı sorğularındakı
cavabları ilə qardaşlığını hiss etmiş olduq. Onlar arasında "Dağlıq Qarabağda
savaş başlarsa, düşünmədən gedərəm” deyən qan qardaşlarımız vardı. Bunu başqa
heç bir millət Azərbaycan üçün etməz. Bu bir daha "Türkün türkdən başqa dostu
yoxdur” ifadəsini təsdiqləmiş oldu!
Azərbaycan-Türkiyə
münasibətləri bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün,
məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda,
bir sira sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Əminliklə deyə
bilərəm ki, bu dostluq, qardaşlıq əbədi yaşayacaq. Çünki biz bir-birimizə
qanımızla, canımızla, dilimizlə, dinimizlə bağlıyıq!
Sonda fikirlərimi
öz əsərlərində Vətən, millət mövzusuna toxunan Azərbaycan poeziyasının azadlıq
və hürriyyət mücahidlərindən biri olan Məhəmməd Hadinin "Türkün nəğməsi” şeirindən bir parça ilə
yekunlaşdırmaq istəyirəm. Bu parça qardaşlığımıza, birliyimizə, mübarizəmizə ithaf
olunsun!
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Qan ilə qazandıq zəfəri, verməriz əldən,
Xof eyləmədik atəşi-dəhhaşə düvəldən,
İstərsə cahan çevrili varsın da təməldən,
Türkün üzü çevrilməyəcək səmti-əməldən,
Türklər geriyə dönməyəcək müslih əməldən,
Yüksək yaşamaq istər ikən cümlə miləldən.
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?Saqif QURBANOV,
Qazax rayon Aslan Kəmərli
adına Kəmərli kənd tam orta məktəbin tarix müəllimi
Facebook-da paylaş