Türkiyə-Azərbaycan birgə hərbi təlimləri iki dövlət arasındakı birliyin, qardaşlığın növbəti təzahürü oldu
Bir millət, iki qardaş ölkə olan Azərbaycan
ilə Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün bütün dünya dövlətlərinə əsl
örnək, iki dövlət arasında bütün sahələr üzrə olan əməkdaşlıq isə hər kəs üçün
nümunədir. Qardaş ölkə olan Türkiyənin Azərbaycana bütün sahələrdə dəstək
olması, xüsusilə də Ermənistanın Azərbaycana qarşı olan işğalçılıq siyasətini daim
pisləməsi, bu sahədə bütün imkanlarını səfərbər etməsi, sözün əsl mənasında, tam
dəstək olması qürurverici olmaqla yanaşı, bir daha onu sübut edir ki, doğurdan
da Azərbaycan və Türkiyə dövlətləri arasında olan qardaşlıq münasibəti
sarsılmazdır. Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana
uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru
qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş
atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirilməsi də bunu bir daha
nümayiş etdirdi. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli
texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və
hava hücumundan müdafiə vasitələri cəlb edildi. Plana əsasən təlimlər avqustun
1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi
aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı,
Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirildi. Türkiyə Azərbaycan müstəqillik qazandıqdan
sonra Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. O zaman orduda kadr
çatışmazlığı var idi. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq
inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin
proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il Azərbaycan və Türkiyə
silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər.
Prezident İlham Əliyev avqustun 13-də
Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi
nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin
çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar
arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və
faydası var. Prezident bildirib: "Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm
Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin
keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur.
Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq
buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti
təzahürüdür”. "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə
Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” 2020-ci il
fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş cari ilin iyulun 2-də qüvvəyə
minmişdir. İki ölkə arasında hərbi əməkdaşlığın bugünkü
vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir: - Birincisi, NATO ilə əməkdaşlıq
sənədləri. Bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan
Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir; - İkincisi, Azərbaycanın
təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr; - Üçüncüsü, Türkiyənin
milli regional maraqları və həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri
ilə bağlıdır. 2009-cu ildən etibarən Türkiyənin milli təhlükəsizlik sənədlərində
dəyişiklik prosesi başlayıb; İki ölkə arasında hərbi əməkdaşlıq
baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların
hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi
sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Perspektivdə iki ölkə
arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni
imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini
davam etdirməkdə qərarlıdır. Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar
qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi
Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur.
İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə
mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır. İki ölkə arasında hərbi təhsil, kadrların
hazırlanması sahəsində əməkdaşlığın inkişafı prioritet sahələrdən biridir. Bu
istiqamətdə ciddi planların olduğu bildirilir. Ermənistan, Yunanıstan və Kipr arasında hərbi
əməkdaşlıqla bağlı Azərbaycan narahatdır. Ermənistan ərazilərimizi işğal etmiş
ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən
didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə
etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik
Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Ermənistan aqressiv davranır. Dövlət sərhədində
son gərginliklər Ermənistanın təxribatıdır, terror aktı törətmək üçün sonuncu cəhd
zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanılıb və o, artıq
etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi
güdüb. Ermənistan Azərbaycana düşmən mövqedədir və
bu onların qərarı olub. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı
narahatlıq doğurur. Ermənistanın təxribatından dərhal sonra Azərbaycan
Rusiyadan Ermənistana intensiv silah təchizatına reaksiya göstərib. Aktiv
toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq 2 sentyabra qədər
Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük
reysləri həyata keçirilib. Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir.
Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə
edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər. Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq
dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdə Azərbaycan Türkiyəni dəstəkləyir.
Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz
heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik.
Biz dəstəyi türk qardaşlarımızdan da görürük. Beynəlxalq ictimaiyyət
növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində
olmasına şahidlik etdi. Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil,
bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Beynəlxalq tədbirlər
zamanı dəfələrlə bu qarşılıqlı dəstəyin şahidi olmuşuq. Yunanıstanın Azərbaycandakı
səfirini qəbul edərkən ölkə başçısı tərəfindən səsləndirilmiş sözlər: "Türkiyə
təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd
etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” – sadəcə
siyasi mesaj kimi qəbul olunmamalıdır. Bu cür sözlər etibarlı siyasətin əxlaq fəlsəfəsini
özündə əks etdirir. Mövcud yanaşma isə yalnız özünə inanan və potensialına güvənən
siyasi liderlərə məxsus olan keyfiyyətdir. Cənab Prezident
Yunanıstanın səfirini qəbul etdiyi zaman istifadə etdiyi ritorika yalnız güclü
dövlət başçılarına xasdır. Prezidentin: "Mən istəyirəm ki, siz bizim
mövqeyimizi biləsiniz” kimi sözləri Azərbaycan açıq diplomatiyasına işarə edir.
Bizim dövlət başçımız o nadir ölkə rəhbərlərdəndir ki, ikili standartlar siyasətini
açıq tənqid edir. Düşünürük ki, dövlət başçısı tərəfindən həmin görüşdə səsləndirilmiş
sözlər ümumən Azərbaycanın mövqeyini, gücünü və beynəlxalq münasibətlər
sistemində yerini nümayiş etdirir. GOYEZEN.AZ
Facebook-da paylaş