Silahlı Qüvvələrimiz hər bir vətəndaşın qürur mənbəyidir
Azərbaycan xalqının qəhrəmanlıq dastanı XXI əsrdə də davam edir. Azərbaycan
torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd
oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar. Ata-babalarımızdan
əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl
yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini,
dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək
üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Xüsusilə ölkə Prezidenti, Ali
Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi
diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü
siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi,
nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Ən mühüm məqamlardan biri
bundan ibarətdir ki, bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük
inam var. Silahlı Qüvvələrimiz hər bir vətəndaşın qürur mənbəyidir. Bu, olduqca
vacib amildir. Çünki ordu cəmiyyətdə daxili özünə inamı, dövlətə etimadı gücləndirən
əsas faktorlardan biridir. Bu gün Silahlı Qüvvələrimiz dünya reytinqində 50-ci pillədə qərarlaşır.
Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan
dövlətinin prioritet hədəfidir. Bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimiz əhəmiyyətli
rol oynayır. Bizim Silahlı Qüvvələrimiz müharibə vaxtı yaradılıb, Azərbaycan
xalqı bununla fəxr edir. Silahlı Qüvvələrimizin döyüş ruhu yüksəkdir, ordumuz
istənilən vaxt verilən əmri yerinə yetirməyə hazırdır. Mübariz İbrahimov kimi,
Fərid Əhmədov kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı
işğaldan azad edənlərin sırasında olmaq gənclərimizin ən böyük arzusudur.
Müharibədə döyüş də var, şəhidlik də var. Ancaq Vətənə görə döyüşmək,
torpaqlarımız üçün döyüşmək, ölümdən qorxmadan döyüşmək lazımdır. General-mayor
Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov kimi
oğullarımız şəhidliyi özləri seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə,
çağırışçılara vəsiyyət kimi seçmişdi. Onların şəhidliyi əsgərlərə nümunədir. Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətinin, vətənpərvərliyinin
göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz
torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Əks-hücum əməliyyatı aparan hissələrimiz
mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü
ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi
təmin olundu. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə
rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı
dalğalanır. Hər kəs bu qalibiyyətin sevincini yaşayır. Amma məhz Aprel döyüşləri
sayəsində azad olunan Lələtəpə və Talış yüksəklikləri bu rayonlarda yaşayan
insanlarımızı təhlükədən qurtardı. Həm də işğaldan azad etdiyimiz yüksəkliklərdən
Dağlıq Qarabağa nəzarət etmək imkanlarımız genişləndi. Aprel döyüşləri ermənilərin
məğlubedilməz ordu mifini sındırdı və bir daha göstərdi ki, Silahlı Qüvvələrimiz
hərəkətə keçərsə, ermənilər darmadağın olacaqlar. Qısa bir zamanda, yəni 4 gün ərzində
300-dən çox erməni əsgəri məhv edildi, 500-dən çoxu ağır yaralandı, 30 tank,
15-dən çox artilleriya qurğusu və mühəndis istehkam qurğuları məhv edildi. 2018-ci ildə Şərur rayonunun işğal altında olan Günnüt kəndi və ətraf
ərazilər uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad edildi, 11 min
hektar torpağa ordumuzun nəzarəti təmin olundu. Nəticədə, Əlahiddə Ümumqoşun
Ordu düşmənin mühüm strateji yollarına nəzarəti ələ aldı, onun üzərində böyük
üstünlük qazandı. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7
kilometrədək dərinlikdə əlverişli yüksəkliklər ələ keçirildi. Qızılqaya yüksəkliyinin
ələ keçirilməsi İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət
etməyə imkan verdi. Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin
yüksəldilməsi və təminat-təxliyə məqsədilə 50 kilometr yeni yol çəkildi, 60
kilometrdən artıq yararsız yollar bərpa edildi. Strateji əhəmiyyətli Arpaçay Su
Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı
hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri quruldu. Müdafiə rayonunun
qorunmasının təşkili məqsədilə ərazidə qısa müddətdə mühəndis istehkam tədbirləri
görüldü, postlar arasında dayanıqlı rabitə əlaqəsi quruldu, yeni səngərlər
qazıldı. Ön xətdəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə
sistemi yaradıldı. Eyni zamanda bu hərbi üstünlük ordumuzun şəxsi heyətinin
döyüş ruhunu daha da artırdı. Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu,
çıxarıldı, o torpaqlarda Azərbaycanın üçrəngli, şəhid qanı ilə boyanmış müqəddəs
bayrağı ucaldıldı. Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız Vətən
uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi
yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə
yüksəlirlər. Bunun ən son nümunəsini 12 iyulda Azərbaycan – Ermənistan sərhədinin
Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma
keçməsi zamanı gördük. Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə
cəhd edib. Halbuki bu, heç bir məntiqə sığmır. Azərbaycanın Ermənistanla dövlət
sərhədində hər hansı bir hərbi məqsədi yoxdur. Ermənistan işğalçılıq siyasətini
davam etdirir, ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyir.
Amma Silahlı Qüvvələrimizin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin
yüksək hazırlığı sayəsində Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısı
sərt şəkildə alındı. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik
silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı onu itki verərək geri çəkilməyə
məcbur etdi. Ordumuzun generalı döyüşlərdə əsgərlərimizin yanında idi, onlarla
çiyin-çiyinə vuruşurdu. Düşmən 100 nəfərə yaxın canlı qüvvəsini və texnikasını
itirdi. Prezident, Ali Baş Komandan
İlham Əliyevin ətrafında sıx birləşən xalqımız, ordumuzun bu təlatümlü günlərində
də onun yanında oldu, dəstəklədi. Ali Baş Komandan Vətən uğrunda canlarını verən
qəhrəmanlarımızı unutmur, onların, ailələrinin qayğısına qalır və onların qəhrəmanlığını
yüksək qiymətləndirir. İyulun 15-də Prezident İlham Əliyev döyüş zamanı müdafiənin
ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun
anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvin ilə telefonla
danışıb. Dövlətimizin başçısı şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı
verib, onlara Allahdan rəhmət və səbir diləyib. Ali Baş Komandan qeyd edib ki, Vətən
uğrunda şəhid olan hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq,
onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq. Prezident İlham
Əliyev general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailəsinə ev verib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri
Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik
İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Fondun nümayəndələri Ağstafa,
Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə
baş çəkiblər. Tovuz rayonu istiqamətlərində şəhid olan hərbçilərin ailə üzvlərinin
bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən daim Fondun nəzarətində
olacağı bildirilib. Tovuz rayonunda atəşkəsin Ermənistan tərəfindən pozulması zamanı
Silahlı Qüvvələrimiz bir daha öz üstünlüyünü təsdiq etdi. Bu əməliyyatın
Silahlı Qüvvələrimizin şanlı tarixində öz yeri olacaq. Artıq dövlətlər 25-30 il bundan əvvəl olduğu kimi Ermənistanın və erməni
diaspor təşkilatlarının yaydıqları informasiyalara etibar etmirlər. Eyni
zamanda Azərbaycan diasporu da formalaşıb, dünyanın müxtəlif ölkələrində Azərbaycanın
haqq səsinin eşidilməsi üçün fəaliyyət göstərirlər. 14 iyulda Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək
yürüşü həyata keçirildi. Xalq ordusunun və Ali Baş Komandanının yanında
olduğunu, onu dəstəklədiyini ən yüksək səviyyədə göstərdi. Azərbaycan-Ermənistan
dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin
törətdiyi təxribatla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə
bölgəsinə gedərək döyüşmək və lazımi kömək göstərmək istəyən vətəndaşlarımız tərəfindən
çoxsaylı müraciətlər daxil olur. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin çağırışına səs verən 55130-dan çox vətəndaş Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçiblər və müraciətlər davam edir. Azərbaycanda Qadın Sahibkarlığı Assosiasiyasının (AQSİA) üzvləri
Prezidentin çağırışına dəstək verib. Assosiasiya sıralarında birləşən yüzlərlə
sahibkar xanım orduda xidmət göstərməyə hazır olduqların bildiriblər. Ölkənin 43 siyasi partiyası
birgə, 4 siyasi partiyası isə ayrılıqda bəyanat verərək, erməni təxribatına
qarşı mübarizədə Ali Baş Komandanın ətrafında birləşdiyini vurğulayıb. Qardaş Türkiyə Cümhuriyyəti Azərbaycanı tək buraxmadı və təbii ki, Azərbaycana
dəstək nümayiş etdirən ilk ölkə qardaş Türkiyə oldu. Ən yüksək səviyyədə Azərbaycanı
dəstəklədiyini bildirdi. Türkiyənin Prezidenti Rəcəb
Tayyib Ərdoğanın çıxışı Azərbaycana qardaş dəstəyi olmaqla yanaşı, həm də düşmənlərə
mesaj oldu. O, çıxışı zamanı dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfdən
törədilən hücumu şiddətlə qınadığını dilə gətirib: "Bu gərginliyin Ermənistanın
düşünülməmiş hücumundan sonra silahlı toqquşmaya çevrilməsindən narahatıq. Son
hücum iki ölkə sərhədində ağır silahlarla həyata keçirilib. Bu hadisə Dağlıq
Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə və ağır silahlarla törədilib.
Bu hadisə hər hansı sərhəd pozuntusu deyil, birbaşa Azərbaycana qarşı məqsədli
hücum olduğunu göstərməkdədir”; Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib ki, Ermənistan
yeni toqquşma meydanı yaratmaqla, diqqəti işğal etdiyi ərazilərdən başqa
istiqamətə yönəltmək istəyir. Ermənistanın bu günə kimi münaqişənin siyasi həll
yoluna yaxın durmadığını deyən nazir bildirib ki, Ermənistanın etdiyi qəbuledilməzdir:
"Ermənistan ağlını başına yığsın, Azərbaycan tək deyil. Biz Türkiyə Cümhuriyyəti
və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Azərbaycanın
ərazi bütövlüyünün qorunmasına əlimizdən gələn dəstəyi verəcəyik. Biz demişik
ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı həll yolunu seçəcəksə,
biz Azərbaycanın yanında olacağıq. Bu həssas bir cümlədir. Bunu bilərəkdən
dedim”. Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycan-Ermənistan təmas xəttində
davam edən gərginlikdən danışarkən, "İşğalçılığı davam etdirən Ermənistana
qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında olmağa, azərbaycanlı
qardaşlarımıza dəstək verməyə davam edəcəyik” ifadələrini işlədib. Xaricdə yaşayan soydaşlarımız da Prezident ilham Əliyevin yanındadır
və onu dəstəkləyir. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və
Dünya Türk Birliyi təşkilatı, Latviyada yaşayan soydaşlarımız, Birləşmiş
Ukrayna Azərbaycanlıları Konqresi, Ukraynadakı Türkiyənin icma nümayəndələri,
Belorusda yaşayan azərbaycanlılar da öz vətənlərinə dəstəklərini göstərib, erməni
işğalını lənətləyiblər. Macarıstanda fəaliyyət göstərən "Qardaşlıq”
Macarıstan-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyi və Azərbaycan
Evinin birgə təşəbbüskarlığı ilə keçirilən mitinqdə "Erməni təcavüzünü
dayandırın!”, "Qarabağ – Azərbaycandır!”, "Ermənistan beynəlxalq hüquqa
etinasızlıq göstərir!”, "Ali Baş Komandan, biz sizin əsgərlərinizik!” kimi
şüarlar səsləndirilib. GOYEZEN.AZ
Facebook-da paylaş