Prezident İlham Əliyev: Azərbaycan özünün tarixi ilə qürur duyur
Azərbaycan özünün tarixi ilə qürur duyur. Müxtəlif dinlərin nümayəndələri ölkəmizdə əsrlərboyu
sülh və ləyaqət şəraitində yaşayıblar. Bu gün bizim tarixi abidələrimiz həmin
mədəni müxtəlifliyi özündə əks etdirir. Bizim gücümüz mədəni
müxtəlifliyimizdədir. Multikulturalizmin alternativi yoxdur.
GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir
ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış
86-cı kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2018-ci il aprelin
5-də "Qoşulmama hərəkatı”nın Bakıda keçirilmiş nazirlər konfransının açılış
mərasimindəki nitqindən götürülüb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti
kitabındakı materiallar 2018-ci ilin mart-may aylarını əhatə edir.
Kitabda Prezident İlham Əliyevin Ankarada
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci
iclasında çıxışının mətni, qardaş ölkəyə rəsmi səfəri çərçivəsində sənədlərin
imzalanma mərasimi haqqında məlumat, Azərbaycan və Türkiyə prezidentlərinin
mətbuata bəyanatlarla çıxışlarının mətnləri yer alıb.
Nəşrə dövlətimizin başçısının Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığına səfərinə, habelə Azərbaycana səfər etmiş
İran İslam Respublikası Prezidenti ilə görüşünə dair informasiyalar,
Azərbaycan-İran biznes-forumunda söylədiyi nitqin mətni daxil edilib.
Çoxcildliyin 86-cı kitabında Prezident İlham Əliyevin
Belarus, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Rusiya və
digər dövlətlərin, NATO-nun, ATƏT-in, Şanxay Əməkdaşlıq Təşkilatının,
Beynəlxalq Memarlar İttifaqının, Dünya Turizm Təşkilatının Azərbaycana səfər
etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair məlumatlar toplanıb.
Kitabda, həmçinin 2018-ci ilin aprelində keçirilmiş
Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunları, növbəti müddətə
Prezident seçilmiş İlham Əliyevin andiçmə mərasimi barədə materiallar verilib.
Oxucu bu nəşrdə ölkə rəhbərinin Bərdə rayonunda
pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində nitqinin
mətni, Xaçmaz və Xızı rayonlarına səfərləri haqqında informasiyalarla da tanış
ola bilər.
Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya
agentliyinə müsahibəsinin mətni, Azərbaycanın Pravoslav xristian icmasına Pasxa
bayramı münasibətilə təbriki, "XX əsrdə türk-müsəlman xalqlarına qarşı
soyqırımları” mövzusunda beşinci beynəlxalq elmi konfransın iştirakçılarına
məktubu və digər məktubları da çoxcildliyin 86-cı kitabına daxil edilib.
Bu kitabda Nazirlər Kabinetinin 2018-ci ilin birinci
rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
anadan olmasının 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə
dövlətimizin başçısının söylədiyi nitqlərin mətnləri yer alıb.
Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar”
göstəriciləri verilib.
"Azərnəşr” tərəfindən buraxılan 86-cı kitabın
hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə
olunub.
Facebook-da paylaş