Prezident İlham Əliyev: Azərbaycan Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır
Əsrlərboyu
Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olub. Bizim coğrafi
yerləşməmiz və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaradıb.
Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Əminəm ki,
Azərbaycan hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü
rolunu oynayır. Bizim cəmiyyətdə multikulturalizm ənənələri dərin köklərə
malikdir. Siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanda müxtəlif millətlərin,
dinlərin və etnik azlıqların nümayəndələri hər zaman sülh və ləyaqət şəraitində
yaşayıblar. Müstəqil olandan sonra Azərbaycan bu səbəbdən dünya
multilkulturalizm mərkəzlərindən birinə çevrilib. GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir
ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış
68-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2015-ci il aprelin
28-də III Qlobal Bakı Forumunun rəsmi açılış mərasimindəki nitqində söyləyib. Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin
buraxılışına məsul olduğu çoxcildliyin 68-ci kitabındakı materiallar 2015-ci
ilin martından may ayınadək olan dövrü əhatə edir. Nəşrdə Prezident
İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərinə, Ər-Riyadda və Ciddə
şəhərlərində keçirdiyi görüşlərə, Məkkədə Ümrə ziyarətində olmasına və Mədinədə
Peyğəmbər məscidini ziyarət etməsinə, Türkiyə Respublikasına və Rusiya
Federasiyasına işgüzar səfərlərinə dair materiallar toplanıb. Həmçinin
dövlətimizin başçısının Azərbaycana rəsmi səfərə gəlmiş Birləşmiş Ərəb
Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Vyetnam Sosialist
Respublikasının Prezidenti ilə görüşləri, Azərbaycan-Vyetnam biznes-forumunda
çıxışı, mətbuata bəyanatı, Fransa Prezidentinin ölkəmizə işgüzar səfəri zamanı
apardığı danışıqlar barədə informasiyalar yer alıb. Azərbaycan
Prezidentinin Serbiya, Rusiya, İtaliya, Malta, Fransa, Latviya, Yaponiya,
Türkiyə, Almaniya və digər dövlətlərin, Avropa İttifaqı, BMT, İslam Həmrəyliyi
İdman Federasiyası, Asiya İnkişaf Bankı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu
və Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizə səfər etmiş yüksəkvəzifəli
şəxslərini qəbul etməsini, Bakıda keçirilən beynəlxalq tədbirlərin
iştirakçıları ilə görüşləri əks etdirən materiallarla bu kitabda tanış olmaq
mümkündür. Nəşrə dövlətimizin
başçısının XVIII Avrasiya İqtisadi Zirvə toplantısının, "Azərbaycan və Şərqi
Anadolunun türk-müsəlman əhalisinin soyqırımı” mövzusunda II Beynəlxalq Elmi
Konfransın, "İslam maarifçiliyi və müasir dövr” mövzusunda Beynəlxalq
Konfransın, "Bakı Ürək günləri” IV Beynəlxalq Konqresin iştirakçılarına
məktublarının, Pasxa bayramı münasibətilə Azərbaycanın Pravoslav Xristian
İcmasına təbrikinin, digər məktub və təbriklərinin mətnləri də daxil edilib. Bu kitabda
"Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıqla bağlı dövlətimizin başçısının
Avropa Oyunları parkının, Veloparkın, Bakı Su İdmanı Sarayının açılış
mərasimlərində iştirakına, Bakı İdman Sarayında, Heydər Əliyev adına İdman
Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlığına dair
informasiyalar, birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimində
çıxışı da əksini tapıb. Çoxcildliyin
68-ci kitabına Prezident İlham Əliyevin Bakı "Ağ şəhər” bulvarında tikinti
işlərinin gedişi ilə tanışlığına, "AITF-2015” XIV Azərbaycan Beynəlxalq Turizm
və Səyahətlər Sərgisi, XXI Azərbaycan Beynəlxalq Qida Sənayesi və IX Azərbaycan
Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanışlığına dair materiallar, III
Qlobal Bakı Forumunun, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış
mərasimlərində, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik
toplantısının sessiyasında nitqləri daxil edilib. Həmçinin kitabda dövlətimizin
başçısının Bakıda "Rossiya-24” telekanalına, Vyetnam İnformasiya Agentliyinə
müsahibələrinin mətnləri yer alıb. Nəşrə
Prezident İlham Əliyevin Astara rayonuna, Lənkəran şəhərinə səfərlərinə,
bölgələrdə infrastruktur obyektlərinin açılış mərasimində iştirakına, sənaye və
mədəniyyət müəssisələrində yenidənqurma işləri ilə tanışlığına, ictimaiyyət
nümayəndələri ilə görüşlərinə dair materiallar, Nazirlər Kabinetinin 2015-ci
ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunan iclasında giriş və yekun nitqləri daxil edilib. Kitabda
"Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri də verilib. "Azərnəşr”
tərəfindən buraxılan 68-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC)
materiallarından istifadə olunub. "İlham Əliyev. İnkişaf - məqsədimizdir”
çoxcildliyinin 68-ci kitabı çapdan çıxıb
Facebook-da paylaş