Serbiya və Rusiyanın Ermənistana olan hərbi dəstəyi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır
Ermənistan 1991-ci ildə müstəqilliyini elan
etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində
qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda bu ölkənin ərazisində
Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir. Ermənistan bu günə qədər təhlükəsizlik
sahəsində əməkdaşlığı əsasən Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxıstan,
Qırğızıstan və Tacikıstan ilə inkişaf etdirməyə çalışır. Ermənistanın Rusiya ilə
hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq
perspektivi yüksək olmayıb. Almaniyada fəaliyyət göstərən "Bonn
International Center for Conversion” (BICC) təşkilatının hazırladığı "Global
Militarisation Index'” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış
dövlətdir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı,
Ümumi Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə
xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb. Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə
hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlardan biri odur ki,
döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana
Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli
döyüş sursatı göndərilib. Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində
anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu. Başqa cür ola bilməzdi.
Həqiqətən də, çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib.
Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar
yardım göndərdi. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə
Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Bu faktla əlaqədar olaraq, Azərbaycan hökumətinin
reaksiyası özünü çox gözlətmədi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən verilən məlumata görə, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili
Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə
dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici
İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın
ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan
qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf
doğurduğu bildirilib. Serbiyanın Ticarət və Telekommunikasiya
naziri Rasim Ljajic bildirib ki, Bakının beynəlxalq təşkilatlardakı səsi
Serbiya üçün olduqca vacibdir. Biz indi Azərbaycan hakimiyyətinin nümayəndələriylə
danışmalı və bu vəziyyətin hər hansı bir şəkildə əlaqələrimizə xələl gətirməsinə
imkan verməməliyik, əlimizdən gələni etməliyik ki, gələcəkdə bənzər hallara yol
verilməsin. Avqustun 7-də Serbiya Prezidenti Aleksandr
Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında
Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş
hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan
istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib, vəziyyətin
araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli
nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Bu çərçivədə Serbiyanın Baş
nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri
Neboyşa Stefanoviç Azərbaycanı ziyarət edib. O, jurnalistlərə deyib ki, mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə
biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik
sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda bugünkü
görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas
informasiyalrın mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər
üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz
rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə
gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə
ilə 7 reys silah daşınıb. Gürcüstan silahların özünün hava sərhədindən
daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan
olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Qeyd edək ki, bu ölkələrdən Qazaxıstan
və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri
olmasına baxmayaraq Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların
özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər. Son günlərdə Rusiya Ermənistana xeyli silah
verib. Bu silahlara radio elektron mübarizə vasitələrindən "Krasuxa”,
"Avtobaza”, "Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını
"söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək
mümkündür. Rusiya Ermənistana satdığı silahları dünya
silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır ki, bu da Ermənistana
olduqca ucuz başa gəlir. Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı məlum
deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında
hər iki ölkənin KİV-də heç bir məlumata rast gəlinmir. Avqustun 12-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə
telefonla zəng edib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun
12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın
törətdiyi təxribat barədə məlumat verib. Dövlətimizin başçısı Ermənistanın növbəti
təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Prezident
İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış
məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin
dağıldığını və yararsız hala düşdüyünü bildirib. Prezident İlham Əliyev Ermənistanın
bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan
münaqişəsinə cəlb etmək olduğunu qeyd edib. Ermənistan-Azərbaycan sərhədində baş vermiş
toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana
hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan
ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin
diqqətinə çatdırıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş
vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və
İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana
daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və
telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu
vurğulayıb. GOYEZEN.AZ
Facebook-da paylaş