Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməlidir
2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs
rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət
sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə
hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Hər zaman olduğu kimi, bu təxribatın da qarşısı uğurla alındı. Azərbaycan
Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzduruldu,
onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirildi. Azərbaycan
Ordusunun əks-tədbirləri adekvat xarakter daşıdı və Ermənistanın təxribatına qətiyyətli
cavab verildi. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın
hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirdi, nəticədə düşmənin texnikası və
canlı qüvvəsi məhv edildi. Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi
növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini
aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə
daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar
dərin böhran yaşanır. Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol
Paşinyan faktiki olaraq ölkədə diktatura qurub. Bütün siyasi rəqiblərini təqib
edir, həbs edir. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla
mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının
boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi
Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Azərbaycanla sərhəddə törədilən
təxribat da Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz
idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan bu
cür addımı ilə hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti
tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan
qaldırmaq mümkün olacaq. Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı
müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla
problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün
heç bir əsas yoxdur. N.Paşinyan hakimiyyəti itirməkdən qorxur. Yeganə məqsədi
hansı vasitə ilə olursa- olsun hakimiyyətini qorumaqdır. N.Paşinyanın
demaqoqcasına vəd etdiyi "çiçəklənmə” isə reallaşmır. N.Paşinyan xarici siyasətdə də uğursuzluğa düçar olub. Bütün dünya
ictimaiyyəti martda Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində təşkil
etdiyi "seçki” şousunu qəbul etməyərək Azərbaycanın ərazi bütövlüyünə dəstəyini
təsdiq etdi. Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da
artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır.
Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin
beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik
etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın
təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar
qəbul edilməsi Ermənistanı, erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı
istəməyən xarici qüvvələri ciddi narahat edir. Prezident İlham Əliyevin Soçidə "Valday” Beynəlxalq Diskussiya
Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət
Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik
Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi,
dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri
və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Hər kəsə o da yaxşı məlumdur ki, Respublika Prezidenti cənab İlham
Əliyevin dünyanın 130-dan çox ölkəsi tərəfindən BMT Baş Assambleyasının COVID-19
pandemiyasına qarşı videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində
xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə Ermənistan
oldu. Bu bir daha həm mənəvi cılızlığı, həm də Ermənistanda Azərbaycanafobiyanın
hansı həddə çatdığını göstərir. Ölkədaxili problemlərdən və xarici siyasətdə iflasdan diqqəti
yayındırmaq məqsədilə Ermənistan belə bir avantüraya getdi. Ermənistan tərəfindən
sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan
münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini
işğalda saxlamaqdan ibarətdir. Ermənistan uzun müddətdir ki, belə hərbi
avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını
(KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi
işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə
dostluq münasibətləri vardır. Əminik ki, KTMT ölkələri Ermənistanın məkrli niyyətini
yaxşı başa düşürlər. Dünyanın COVID-19-a qarşı mübarizə apardığı şəraitdə Ermənistan tərəfindən
bu hücum və təxribat əməlinin törədilməsi bir daha sübut edir ki, Ermənistanın
BMT Baş katibinin COVID-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi
riyakarlıqdan başqa bir şey deyildir. Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin
mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti
çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər
haqqında məlumatları gizlətməsi Ermənistan
ictimaiyyətində ciddi narazılıq doğurub. Ermənistanda etiraz aksiyalarına
başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid
edirlər. Ermənistan hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini
ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddiaları yalan və
dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal
sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar. İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən də hiddətlə
qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların
toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan
azad etmək kimi çağırışlar səsləndi. Bu, bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik
hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Lakin indi 1990-cı illərin əvvəlləri
deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı
müdafiə etmək məcburiyyətində qalsınlar. Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz,
silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan
yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq
və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş
təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistanın
təxribatlarına sərt formada cavab verilir və veriləcəkdir. Bu gün Azərbaycan
güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə
qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən
torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin
üzərinə düşür. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq
siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməlidir. GOYEZEN.AZ
Facebook-da paylaş