Davamlı inkişafın Naxçıvan nümunəsi
Azərbaycan çağdaş dünyanın iqtisadi-siyasi və hərbi qüdrətinə görə nəinki bölgənin, eləcə də dünyanın bir çox inkişaf etməkdə olan ölkələri ilə müqayisədə öncül yerdədir. Dövlətin inkişafını şərtləndirən səbəb kimi iqtisadi inkişaf əsas götürülür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəldiyi ilk illərdən ölkənin bütün bölgələrində iqtisadi inkişafı təmin etmək üçün regionların xüsusiyyətləri əsas götürülməklə inkişaf planları hazırlanmışdır. Eyni zamanda bölgələrdə həmin işlərin hansı formada həyata keçirildiyini yerindəcə müşahidə etmək məqsədilə cənab Prezident İlham Əliyev mütəmadi olaraq səfərlər edir.
Bu bölgələrdən biri də Azərbaycanın ayrılmaz hissəsi olan, unikal təbiəti ilə məşhur olan, buna görə də imperiya və şovinist siyasət nəticəsində əsas torpaqdan ayrı salınan Naxçıvandır.
Hakimiyyətdə olduğu 18 il ərzində cənab Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına 15 dəfə səfər edib. Cənab Prezidentin hər səfəri Muxtar Respublikanın nəinki iqtisadi inkişafı, eləcə də bölgənin taleyüklü məsələlərinin həllində mühüm əhəmiyyətə malik olmuşdur. Bu cür səfərlər Naxçıvanla bağlı maraqlı qüvvələrə bir növ xüsusi mesajdır desək yerinə düşər.
Naxçıvan Muxtar Respublikası iqtisadi potensialına görə çoxsahəli sənaye və aqrosənaye bölgəsidir. Son illərdə Muxtar Respublikada həyata keçirilən iqtisadi islahatlar nəticəsində azad sahibkarlıq, xüsusi mülkiyyət, biznesin bütün sahələrinin inkişafı nəzərə çarpacaq dərəcədə inkişaf etmişdir.
Cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə Naxçıvan Muxtar Respublikasının yaxın xarici ölkələrlə, xüsusilə İran, Türkiyə və MDB ölkələri ilə ticari-iqtisadi əlaqələri daha da genişlənmişdir. Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Kənd təsərrüfatının inkişafını təmin edən əsas amillərdən olan su ehtiyatlarının olması, onlardan səmərəli istifadənin təşkili üçün bu sahədə də kifayət qədər işlər görülmüşdür. Muxtar Respublikanın əsasən düzənlik ərazilərində ətlik-südlük, dağlıq ərazilərində isə ətlik-yunluq heyvandarlığın inkişafı daim diqqət mərkəzində saxlanılmaqla davamlı artım təmin edilmişdir. Süni Mayalanma Mərkəzinin açılması nəticəsində yaxın 4-5 ildən sonra Naxçıvanda südçülük sahəsində artıq bütün işlər tamamlanmış olacaq. Bu da öz növbəsində Muxtar Respublikanın gələcəkdə süd və süd məhsullarına tələbatını ödəyəcək.
Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artım tempinə görə rekorda imza atan bölgədir. Ümumi daxili məhsul istehsalı 10 dəfədən çox artıb. Son 15 ildə Naxçıvan Muxtar Respublikasının büdcəsi artıq Ermənistanın dövlət büdcəsi ilə müqayisə olunur. Heç şübhəsiz ki, dinamik inkişafın qurucusu və təminatçısı öz dəst-xətti ilə dünya siyasi liderlərindən seçilən, bölgədə və dünyada sülhün və ədalətin bərqərar olmasına çalışan Müzəffər Ordunun qalib Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevdir.
Mübariz SÜLEYMANOV,
Bakı Dövlət Universitetinin Qazax filialının baş müəllimiFacebook-da paylaş