İki qardaş ölkə arasında münasibətlərin ən ali zirvəsi - Şuşa Bəyannaməsi
15 iyun 2021-ci ildə
Azərbaycanın şanlı tarixində ilk dəfə olaraq Şuşa şəhərində Azərbaycan liderinin xarici dövlətin - qardaş Türkiyə Respublikasının başçısı ilə müttəfiqlik münasibətləri
haqqında imzaladıqları Şuşa Bəyannaməsi xalqımızın qurtuluşu, müstəqilliyimizin
xilası gününə daha da möhtəşəmlik qatdı. Eyni zamanda Qars müqaviləsinin 100-cü
ildönümü ərəfəsində imzalanan Şuşa Bəyannaməsinin Azərbaycanla Türkiyə
arasında münasibətlərin hərbi-siyasi və iqtisadi sahədə müttəfiqliklərinin rəsmi şəkildə elan edilməsi baxımından böyük rəmzi mənası vardır. Şuşa
Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi, Azərbaycan ilə Türkiyənin
qardaşlığını bütün dünyaya bildirən bir mesaj kimi iki qardaş ölkə arasında
tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşada dalğalanan
Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyinin təcəssümüdür. Şuşa
Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırdı, ölkələrimiz
arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etdi.
Şuşa Bəyannaməsi həm də çoxşaxəli müttəfiqliyin rəmzidir. Bəyannamə sayəsində
Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı.
Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə
birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət,
təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Şuşa Bəyannaməsi
həmçinin bölgədə inteqrasiya proseslərini stimullaşdırır, əhatəli sülhə yol
açır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının
inteqrasiyası üçün də əlavə imkanlar yaradır. Şuşa Bəyannaməsi əraziyə yeni
sərmayə qoyuluşu prosesini stimullaşdıracaq, regionun artan investisiya
potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və
Şuşa ətrafının gözəl turizm imkanları açılacaq. Şuşa Bəyannaməsi
Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə
tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və
bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu
artıracaq. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və
iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası
keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bəyannamə Azərbaycan ilə
Türkiyə arasındakı tarixi münasibətlərə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri
Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin
əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki: "Azərbaycanın sevinci
sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər
Əliyev demişdir ki: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Azad olunmuş ərazilərin yenidən qurulması
prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Vətən
müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan
yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq
mövcuddur. Əməkdaşlıq sayəsində yeni iqtisadi
perspektivlər yaranıb. Ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi
əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər
kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı
dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa
çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan
nəqliyyat layihəsidir. Hərbi əməkdaşlıq
Bəyannamənin strateji əhəmiyyətini daha da artırır. Müdafiə sahəsində
əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması
tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə
sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır.
İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar.
Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. İkinci Qarabağ
müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana
birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından
Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı
müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Şuşa
Bəyannaməsi ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə
bəyanatla təqdir edilmiş və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən
dəstəklənmişdir. Ceyhunə HÜSEYNOVA, Qazax Rayon Heydər Əliyev Mərkəzinin
direktoru
Facebook-da paylaş