Prezident İlham Əliyev: “Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə Türkiyə və Azərbaycan arasında əlaqələri müttəfiqlik səviyyəsinə qaldırmışdır”
2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsi ilə xalqımızın yaddaşına və hərb tariximizə qızıl hərflərlə yazıldı. 44 gündə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 30 illik Vətən həsrətindən sonra düşmən tapdağında qalan torpaqlarımızı azad etdi. Ali Baş Komandanın "Dəmir yumruğ”u ətrafında sıx birləşən xalqımızın birliyi, igid Vətən oğullarının döyüş meydanında düşməni layiqincə məhv etməsi bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan güclü dövlətdir və bütün çətinliklərin öhdəsindən gəlməyə qadirdir.
Bəli, bu gün Azərbaycan xalqı, 30 illik Vətən həsrəti çəkən soydaşlarımız artıq işğaldan azad olunan şəhər və rayonlarımızın azadlığa qovuşduğu günü qürurla, fəxrlə qeyd edirlər. Həmin ərazilərimizdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinə baxıb fərəh hissi keçirirlər. Artıq həmin torpaqlar nüfuzlu dövlət adamlarını, mötəbər qonaqlarını qəbul edir, qarşılayır. Müqəddəs torpaqlarımızda həyat yenidən canlanır. 2021-ci ilin 26 oktyabr tarixi də yaddaşlara əbədi həkk olundu. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş torpaqlara səfər etməsi ilə yadda qaldı. Oktyabrın 26-da Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış edərkən söylədikləri fikirlərlə iki qardaş ölkənin dostluğunu, birliyini bütün dünyaya bir daha nümayiş etdirdilər. Həmin bəyanatlarda iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığın tükənməz perspektivi bir daha diqqətə çatdırıldı. Ölkə Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi: "2021-ci il 15 iyun tarixində Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə Türkiyə və Azərbaycan arasında əlaqələri müttəfiqlik səviyyəsinə qaldırmışdır”.
2021-ci il 26 oktyabr tarixində Füzuli Beynəlxalq Hava Limanının birgə açılışı birliyin gücünün nümayişi oldu. Həmin açılışla bütün dünyaya bir daha mesaj verildi ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Dövlətimizin başçısının da vurğuladığı kimi: "Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də iki ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir”.
26 oktyabrda bütün dünya böyük gücə çevrilmiş birliyin şahidi oldu. Ölkə rəhbərinin də vurğuladığı kimi: "Şuşada və Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi tarixi hadisələrdir. Bu tarix birlikdə yazılır. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik”. Bəli, bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib.
Hər kəsə o da yaxşı məlumdur ki, ölkə başçısının da dediyi kimi: "İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olmuşdur. Müharibənin ilk saatlarında Türkiyə bəyan etdi ki, Azərbaycan tək deyil və Türkiyə Azərbaycanın yanındadır. Bu addım Azərbaycan üçün çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi”.
Bu gün əminliklə qeyd edə bilərik ki, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri dünyaya bir mesajdır. Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Ölkə başçısının dili ilə desək, bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir.
Birgə bəyanatda Türk Şurasından da danışıldı. Türk Şurasının təsirli beynəlxalq təsisat olması bir daha vurğulandı. Gələn ay Azərbaycanın Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcəyi qeyd olundu. Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələrinin daha da güclənəcəyi və bütün Türk dünyası üçün yeni imkanlar açılacağı bildirildi.
Zəngəzur dəhlizinin strateji əhəmiyyəti bir daha diqqətə çatdırıldı. Ölkə başçısı çıxışında bildirdi ki: "Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Cari ilin 26 oktyabr tarixində təməli qoyulmuş avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində ölkələrimiz istəklərinə nail olacaqdır”.
Respublika Prezidentinin də söylədiyi kimi: "Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq. Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək”. Bəli, 26 oktyabrda bütün dünya bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə qardaşlığının əbədi, dönməz, sarsılmaz olduğunun bir daha şahidi oldu.
GOYEZEN.AZ
Facebook-da paylaş