Qazaxda gənclər Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər
Şəhidlərimizi tanıyaq və
tanıdaq--------------------------- Yola saldığımız 2020-ci il 44 günlük Vətən müharibəsi
ilə müstəqil Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Ölkə Prezidenti,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə
aparılan 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ işğaldan azad
edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 27 sentyabrdan başlayıb
10 noyabrda şanlı Zəfərlə yekunlaşan İkinci Qarabağ müharibəsində Ali Baş
Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri,
hərbçiləri "Dəmir yumruq” əməliyyatını uğurla başa çatdıraraq döyüş meydanında
əsl qəhrəmanlıq göstərdilər. 44 günlük Vətən müharibəsi dövlətimizin və
ordumuzun gücünü bütün dünyaya bir daha nümayiş etdirdi. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44
günlük İkinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın
hər qarışı uğrunda son damla qanına qədər döyüşdü. Qazaxın igid, mərd oğulları
da Qarabağ adlı haqq savaşında döyüş meydanında göstərdikləri şücaətlə adlarını
xalqımızın qəlbinə əbədi həkk etdilər. Bu gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandana və
onun rəhbərliyi altında bizi Qələbə ilə sevindirən şanlı ordumuzun əsgərlərinə,
zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə və
yaralı qazilərimizə minnətdardır. 44 günlük Vətən müharibəsində bizlərə böyük Qələbəni,
şanlı Zəfəri bəxş edən igid Vətən oğullarının, eləcə də torpaqlarımızın ərazi
bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirələrini əziz tutmaq,
onları yad etmək hər birimizin vətəndaşlıq borcudur. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax
nümayəndəliyinin əməkdaşları
və könüllüləri də şəhidlərimizi, qazilərimizi, onların ailələrini hər zaman diqqətdə
saxlayırlar. Fəaliyyətə başladıqları ilk gündən ənənə halını alan bu cür
ziyarətlər bu gün də davam etdirilir. Belə ki, gənclər "VətənimİZ”
layihəsi çərçivəsində mütəmadi olaraq şəhidlərimizin
məzarlarını ziyarət edir, ailələrinə baş çəkir, onlara olan vətəndaşlıq
borclarını qaytarırlar. Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları və könüllüləri
bu dəfə "VətənimİZ” silsilə fəaliyyətləri çərçivəsində İkinci Qarabağ
müharibəsində qəhrəmancasına şəhid olmuş Qazax rayonunun Ürkməzli kəndindən olan igid Vətən oğullarının məzarlarını ziyarət ediblər. Gənclər "Vətən uğrunda” və "Füzulinin
azad olunmasına görə” medalları ilə təltif olunmuş Ürkməzli kənd sakini, şəhid
gizir Şükürov İlkin Aslan oğlunun, "Qarabağ”
ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə” və "Kəlbəcərin azad
olunmasına görə” medalları ilə təltif olunmuş Ürkməzli kənd sakini, şəhid
gizir Nağıyev Anar Sahib oğlunun, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə
görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif
olunmuş Ürkməzli kənd sakini, şəhid çavuş Pənahov Elməddin Məqsəd oğlunun, Ürkməzli
kənd sakini, şəhid çavuş Kərimov Kamil Ələddin oğlunun məzarları
üzərinə gül dəstələri qoyub, igid Vətən oğullarının ruhlarına olan
ehtiramlarını bildiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş