"Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş qazaxlı şəhid gizir Tahir İsmayılovun xatirəsini ehtiramla yad edirik
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------
Yola saldığımız 2020-ci il müstəqil Azərbaycanın tarixinə şanlı səhifə kimi yazıldı. Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 27 sentyabrdan başlayıb 10 noyabrda şanlı Zəfərlə yekunlaşan İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək dövlətimizin və ordumuzun gücünü bütün dünyaya bir daha nümayiş etdirdilər.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşdü.
Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksələn oğullarımızdan biri də gizir İsmayılov Tahir Niyazi oğludur.
Şəhid Tahir İsmayılov 30 yanvar 1988-ci ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur.1994-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin I sinfinə daxil olmuş, 2003-cü ildə həmin məktəb-liseyin IX sinfini bitirmişdir. 2003-cü ildə Qazax Dövlət Sosial-İqtisadi Kollecinə daxil olmuş və 2006-cı ildə həmin kolleci bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2007-ci il tarixdə həqiqi hərbi xidməti başa vurmuşdur. 31.01.2009-cu il tarixdən 11.04.2009-cu il tarixə qədər Bakıda Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) hərbi kursantlıq kursunda hərbi kursantlıq oxumuş, 16.04.2009-cu il tarixdən 23.08.2012-ci il tarixə kimi "N” saylı hərbi hissədə gizir olaraq xidmət etmişdir. 26.04.2014-cü il tarixdən yenidən hərbiyə qayıdaraq xidmət etməyə başlamışdır. "N” saylı hərbi hissənin 1-ci motoatıcı bölüyün 2-ci tağım komandirinin müavini gizir Tahir İsmayılov 25.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd-Hadrut rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Qubadlının azad olunması uğrunda gedən döyüşdə isə şəhid olmuşdur. Şəhid gizir Tahir İsmayılov 26.10.2020-ci il tarixdə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Niyazi və Uğur adlı iki azyaşlı oğlan övladı yadigar qalıb. Böyük oğlu Niyazi İsmayılov Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin III, kiçik oğlu Uğur İsmayıllı isə II sinif şagirdidir.
Bütün şəhidlərimiz kimi gizir Tahir İsmayılovun da xatirəsi hər zaman əziz tutulur. Şəhid gizirimizin göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhidimizi yad etmək hər birimizin vəzifə borcudur. Bizlər də şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edərək ailəsinə və yaxınlarına başsağlığı verir, səbir diləyirik. Ruhu qarşısında baş əyirik.
GOYEZEN.AZ
Facebook-da paylaş