Döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə 3 medalla təltif olunan qazaxlı şəhid kiçik gizir Elcan Namazov
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------
27 sentyabrdan başlayan Azərbaycanın Vətən müharibəsində, İkinci Qarabağ savaşında əldə etdiyimiz şanlı Qələbə bir daha sübut etdi ki, Azərbaycan dövləti və ordusu böyük gücə, qüdrətə sahibdir. Ən əsası isə Ali Baş Komandanın yaratdığı Vətən Müharibəsi modeli Azərbaycanın Böyük Qələbəsini təmin etdi. 44 gün davam edən bu müharibədə ordumuzun əsgər və zabitləri, hərbçiləri böyük qəhrəmanlıqlar göstərərək torpaqlarımızı erməni işğalından azad etdilər. Xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydular. Və bütün dünya şahidi oldu ki, Azərbaycan dövlətinin öz ərazilərinin işğaldan azad olunması və bərpası uğrunda apardığı şanlı müharibə bizim öz Vətən müharibəmizdir. Bu Vətən müharibəsi bizim Qarabağ müharibəmizdir. 27 sentyabrda başlayıb 10 noyabrda tarixi Qələbə ilə yekunlaşan bu müharibənin isə iki əsas qəhrəmanı vardır – şanlı Azərbaycan Ordusu və bu şanlı ordunun Ali Baş Komandanı Prezident İlham Əliyev. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur.
Vətən torpaqlarının azadlığını, ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də kiçik gizir Namazov Elcan Hidayət oğludur.
Şəhid Elcan Namazov 1 iyun 1997-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2003-cü ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2016-cı ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2018-ci ilin yanvar ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərliyini bitirəndən il yarım sonra sənədlərini "N" saylı hərbi hissəyə verərək 2019-cu ilin iyunundan oktyabrınadək gizirlik məktəbində oxudu. Kiçik gizir rütbəsini alandan sonra, 2019-cu ilin iyunundan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində kiçik gizir rütbəsində çevik alayda xidmət etməyə başladı. Sonra isə gizir rütbəsini alaraq kəşfiyyat bölüyünün kəşfiyyatçısı oldu. Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kiçik gizir Elcan Namazov 16.10.2020-ci il tarixdə Dəmirçilər kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
23 yaşında Şəhidlik zirvəsinə yüksələn Elcan Namazovun döyüş meydanında göstərdiyi igidlik, qəhrəmanlıq ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bu gün hər birimizin borcudur ki, 44 günlük Vətən müharibəsində Azərbaycan tarixinə möhtəşəm Qələbəni, Böyük Zəfəri qızıl hərflərlə yazdıran igid Vətən oğullarını daim yad edək, xatirələrini əziz tutaq. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin, o cümlədən Elcan Namazovun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Ruhun şad, məkanın cənnət olsun Şəhidim!.
GOYEZEN.AZ
Facebook-da paylaş