Əsas Səhifə > Gənclər > Qazaxda gənclər Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər

Qazaxda gənclər Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər


25-05-2021, 17:08

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Yola saldığımız 2020-ci il 44 günlük Vətən müharibəsi ilə müstəqil Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 27 sentyabrdan başlayıb 10 noyabrda şanlı Zəfərlə yekunlaşan İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri "Dəmir yumruq” əməliyyatını uğurla başa çatdıraraq döyüş meydanında əsl qəhrəmanlıq göstərdilər. 44 günlük Vətən müharibəsi dövlətimizin və ordumuzun gücünü bütün dünyaya bir daha nümayiş etdirdi.

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşdü. Qazaxın igid, mərd oğulları da Qarabağ adlı haqq savaşında döyüş meydanında göstərdikləri şücaətlə adlarını xalqımızın qəlbinə əbədi həkk etdilər.

Bu gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandana və onun rəhbərliyi altında bizi Qələbə ilə sevindirən şanlı ordumuzun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə və yaralı qazilərimizə minnətdardır.

44 günlük Vətən müharibəsində bizlərə böyük Qələbəni, şanlı Zəfəri bəxş edən igid Vətən oğullarının, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirələrini əziz tutmaq, onları yad etmək hər birimizin vətəndaşlıq borcudur.


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları və könüllüləri də şəhidlərimizi, qazilərimizi, onların ailələrini hər zaman diqqətdə saxlayırlar. Fəaliyyətə başladıqları ilk gündən ənənə halını alan bu cür ziyarətlər bu gün də davam etdirilir. Belə ki, gənclər "VətənimİZ” layihəsi çərçivəsində mütəmadi olaraq şəhidlərimizin məzarlarını ziyarət edir, ailələrinə baş çəkir, onlara olan vətəndaşlıq borclarını qaytarırlar.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları və könüllüləri bu dəfə "VətənimİZ” silsilə fəaliyyətləri çərçivəsində İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Qazax rayonunun Ürkməzli kəndindən olan igid Vətən oğullarının məzarlarını ziyarət ediblər. Gənclər "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Ürkməzli kənd sakini, şəhid gizir Şükürov İlkin Aslan oğlunun, "Qarabağ” ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Ürkməzli kənd sakini, şəhid gizir Nağıyev Anar Sahib oğlunun, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Ürkməzli kənd sakini, şəhid çavuş Pənahov Elməddin Məqsəd oğlunun, Ürkməzli kənd sakini, şəhid çavuş Kərimov Kamil Ələddin oğlunun məzarları üzərinə gül dəstələri qoyub, igid Vətən oğullarının ruhlarına olan ehtiramlarını bildiriblər.






GOYEZEN.AZ


Geri qayıt