• Təqvim

  • Maraq



Bu gün cəbrayıllılar doğma torpaqlarının işğaldan azad olunduğu günü qürurla qeyd edirlər


Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci il illər ötsə belə tarixi Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.

2020-ci ilin 4 oktyabr günü həm xalqımız, həm də cəbrayıllılar üçün yaddaqalan bir gündür. Çünki oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür. Həmin tarixi günü cəbrayıllılar fəxr və qürur hissi ilə xatırlayırlar. Çünki 27 il davam etmiş işğala son qoyulub. ArtıqCəbrayıllılar rayonun 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi günü deyil, azad olunduğu tarixi qeyd edirlər. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi ki, indi həmin şəhərdən, qəsəbə və kənddən heç nə qalmayıb, hər şey yerlə-yeksan edilib. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. 52000 nəfər əhalisi olan, 1050 kv.km-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Cəbrayılın infrastrukturu da zəngin idi. Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayon Tarix-Diyarşünaslıq Muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi.

İşğal nəticəsində təkcə yaşayış məntəqələri deyil, maddi-mədəni abidələr də dağıdılıb. Dağtumas kəndi yaxınlığında yerləşən "Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi”, "Canqulu” və "Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki "Başıkəsik Gümbəz”, Sirik kəndindəki "Qala”, Diri dağındakı "Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı”, Şıxlar kəndindəki "Dairəvi Türbə”, Xubyarlı kəndindəki "Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmış maddi-mədəni abidələrimizdir.  

Bu gün Cəbrayılın azad olunması isə Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. Cəbrayıla Böyük Qayıdışın başlanğıcı hələ 2016-cı ilin aprelində qoyulmuşdu. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabrında Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktyabrdaMehdiliÇaxırlıAşağı MaralyanŞəybəy və Quycaq kəndlərini, 4 oktyabrda isə Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdilər. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad olundu. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Ən əsası da bu gün azad olunan ərazilərə üçrəngli Azərbaycan Bayrağı sancılıb ki, qürurla dalğalanmaqdadır.

2020-ci il təkcə Qələbə ili kimi yaddaşlara həkk olunmadı, eyni zamanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş torpaqlarımıza, o cümlədən Cəbrayıla səfəri ilə yadda qaldı. 2020-ci il noyabrın 16-da, Qələbədən 6 gün sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan Bayrağını qaldırdı.Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan Bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir.

Bu gün Cəbrayılın adı qəhrəmanlıq və şücaət təcəssümünə çevrilib. 2020-ci il noyabrın 26-da "Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu məhz "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Bu gün fəxr və qürurla bir daha söyləyə bilərik ki, doğma torpaqlarımızın qaytarılması xalqımızın şərəfli tarixidir. 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Təbii ki, onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır.

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində qazandığımız tarixi Qələbə həm də onu sübut etdi ki, 27 il ərzində kağız üzərində qalmış qətnamələri şanlı Azərbaycan Ordusu 44 günə icra etməyi bacardı. Otuz ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susdu və münaqişəni həll etmədi. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü demədi. Azərbaycan xalqı ümid edirdi ki, dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. İyirmi yeddi il ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış etdi. Əvəzinə, təcavüzkarın tamahı daha da böyüdü. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzində işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoyuldu. Düşmənlə yanaşı, bütün dünyaya bir daha bəyan etdik ki, Azərbaycan güclü dövlətdir və düşməni istənilən an məhv etməyə qadir olan güclü ordusu var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 4-də, doğma Cəbrayılın düşməndən azad edildiyi gün yenidən o rayona səfər etməsi də xalqımız və cəbrayıllılar üçün tarixi gün kimi yaddaşlara yazıldı. Cəbrayılda bir çox açılış və təməlqoyma mərasimlərində iştirak edən, rayon ictimaiyyəti ilə görüşən ölkə Prezidenti bir daha onu sübut etdi ki, Cəbrayılın işğaldan azad olunduğu gündən bir il arxada qalsa da, həmin gün əlamətdar hadisə kimi bu gün də qürurla qeyd edilir. İllərdir düşmən tapdağında qalan torpaqlarda həyat yenidən başlayır. Cəbrayıllılar doğma torpaqlarına qayıdacaq və rayonun əvvəlki şöhrəti yenidən bərpa olunacaq. Cəbrayıllılar həmin günü səbirsizliklə gözləyir. Ali Baş Komandanın Cəbrayıla olan son səfəri də bunu bir daha sübut etdi ki, o gün elə də uzaqda deyil.

GOYEZEN.AZ



Facebook-da paylaş