• Təqvim

  • Maraq



Qazaxda Vətən müharibəsi şəhidi baş çavuş İsmayıl Qəsəbovun doğum günü ailə üzvləri ilə birlikdə qeyd olunub


Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci il illər ötsə belə tarixi Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük Zəfərə, unudulmaz tarixi Qələbəyə imza atdı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə bir ömür boyu minnətdar olacağıq.

Vətən, torpaq, yurd naminə canını fəda edərək Şəhidlik zirvəsinə ucalan və şəhadəti ilə ölümsüzlüyə qovuşan oğullarımızdan biri də şəhid baş çavuş Qəsəbov İsmayıl Nəbi oğludur.

Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid şəhidimizin bu gün doğum günüdür. Vətən torpaqlarının azadlığını canı, qanı bahasına qoruyaraq Şəhidlik zirvəsinə ucalmış baş çavuşun bu gün yaşasaydı 30 yaşı tamam olacaqdı.

Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı Qazaxda da hər zaman örnək götürülür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizi və onların ailələrini hər zaman diqqət mərkəzində saxlayır. Fəaliyyətə başladığı ilk gündən rayon rəhbərliyi tərəfindən əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələri və məzarları ziyarət olunur, igid Vətən oğullarının əziz xatirələri dərin ehtiramla yad edilir.İlk gündən əsası qoyulan ənənə bu gün də davam etdirilir.

Rayon rəhbərliyinin tapşırığına əsasən bu gün 30 yaşını qeyd etdiyimiz baş çavuş İsmayıl Qəsəbovun dadoğum günü unudulmayıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatındaVətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva şəhidimizin doğum günündə ailə üzvləri və yaxınları ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.



Şəhidimizin ruhuna dua oxunduqdan sonra İsmayıl Qəsəbovun ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər. Şəhidimizin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olaraq İsmayıl kimi oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də İsmayılın xatirəsinin daim əziz tutulacağını bildiriblər.


Müavin Gulaya Həsənova rayon rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdırıb, Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan müavin həmin qələbədə payı olan İsmayıl kimi qəhrəman oğullarımızı yad etməyin, şəhidlərimizin göstərdikləri igidliyi, qəhrəmanlığı bugünkü və gələcək nəsillərə nümunə göstərməyin hər birimizin vətəndaşlıq borcu olduğunu qeyd edib. Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin daim qəlblərdə yaşayacağını qeyd edən müavin şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.

Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov şəhid baş çavuşumuz haqqında ürək sözlərini bölüşərək Vətən torpaqlarının azadlığını hər şeydən üstün tutan İsmayıl kimi qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Bir qazi olaraq şəhidlərimizin, yaralı qazilərimizin ailələrinə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışan S.Çobanov bunun bariz nümunəsi olaraq Vətən müharibəsi şəhidlərinin xatirəsinə yazılmış "Qanları ilə dastan yazanlar” kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən 338 nəfər qazaxlı şəhidin xatirəsini əbədiləşdirən guşənin yaradılmasını nümunə göstərib. Bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.


Deputat köməkçisi Arzu Musayeva çıxış edərək Ülviyyə xanımın səmimi ürək sözlərini çatdırıb, şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edib. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər kəs üçün örnək olduğunu bildirib. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də həmin diqqət və qayğının davamı olduğunu qeyd edib.

Şəhidimizin anası Kəmalə Carçıyeva şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə onu yad etdikləri və təbrikə gəldikləri üçün rayon rəhbərliyinə razılığını ifadə edib. Oğlunun xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını İsmayılın timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi dəyərləndirib.

Şəhidimizin həyat yoldaşı Lalə Qəsəbova rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə və onların ailələrinə daim qayğı ilə yanaşan, əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələrini və məzarlarını ziyarət edən rayon rəhbərliyinə təşəkkürünü çatdırıb.

Baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlu


Şəhid İsmayıl Qəsəbov 6 iyul 1991-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2009-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2011-ci ilin aprel ayında hərbi xidmətdən tərxis olunmuşdur. 28.12.2012-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinə qəbul olmuş və orada xidmət etmişdir. Sonra xidmətini "N” saylı hərbi hissədə davam etdirmişdir. DİN-nin DQ-nın "N” saylı hərbi hissəsində XTD-də, 5-ci XƏQ-nun, 2-ci XƏ yarım qrupunda atıcı qumbaraatan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) baş çavuş İsmayıl Qəsəbov 07.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 12.11.2020-ci il tarixdə doğulub boya-başa çatdığı Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Ailəliydi, Mərd və Uğur adlı iki azyaşlı oğul övladı yadigar qalıb.

Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan baş çavuş İsmayıl Qəsəbovun döyüş meydanında göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhidimiz ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə” medalları, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı” ordeni, "Kəlbəcərin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Bu gün torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş İsmayıl Qəsəbov kimi qəhrəman oğullarımızla hər kəs fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyir. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuz olan şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır. Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!.





 

GOYEZEN.AZ



Facebook-da paylaş