• Təqvim

  • Unutma

  • Maraq



Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin kollektivi Vətən müharibəsində şəhid olmuş məzunlarının xatirəsini yad ediblər

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------


Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci il illər ötsə belə tarixi Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə bir ömür boyu minnətdar olacağıq.

Vətən, torpaq, yurd naminə canını fəda edərək Şəhidlik zirvəsinə ucalan və şəhadəti ilə ölümsüzlüyə qovuşan oğullarımızı yad etmək hər birimizin borcudur.


Bu gün Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin kollektivi də Vətən müharibəsində şəhid olmuş məzunları - baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlunun, Qocayev Niftalı Zakir oğlunun və əsgər Allahverdiyev Sakit Şahin oğlunun əziz xatirələrini yad ediblər.

Şəhidlərimizin valideynlərinin, ibtidai sinif müəllimlərinin, sinif rəhbərlərinin və məktəblilərin iştirakı ilə keçirilən görüşdə igid Vətən oğullarının orta məktəb illərinə, döyüş yollarına nəzər salınıb, şəhidlərimiz haqqında olan xoş xatirələr şagirdlərə çatdırılıb. Şəhidlərimizə həsr olunmuş şeirlər səslənib.

Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, Çaylı kənd məscidinin dini icmasının sədri Sahilə Orucova çıxış edərək ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun qazandığı böyük Qələbədən söz açıblar. Tarixi qələbədə payı olan İsmayıl, Niftalı, Sakit kimi qəhrəman oğullarımızın hər birimizin fəxri olduğunu qeyd ediblər. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, yaralı qazilərimizə bir ömür boyu borclu olduğumuzu söyləyiblər. Gələcək nəsillərin şəhidlərimizin döyüş yolunu öyrənərək vətənpərvər ruhda böyüməsində bu cür anım tədbirlərinin böyük rolu olduğunu vurğulayıblar. Şəhidlərimizə, onların ailələrinə göstərilən dövlət qayğısından danışaraq bugünkü anım tədbirini də həmin qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.  

 

Şəhidlərimizin valideynləri övladlarına göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev başda olmaqla, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Pandemiya və müharibədən sonra məktəblərdə keçirilən ilk dərsin övladlarına, eləcə də Vətən müharibəsi şəhidlərinə həsr olunmasını yüksək qiymətləndiriblər. Bu tədbirin təşəbbüskarı olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkür ediblər. Bugünkü anım tədbirini rayon rəhbərliyinin şəhidlərimizə olan növbəti qayğısı kimi dəyərləndiriblər. Övladlarının daim qəlblərdə yaşaması üçün bu cür anım tədbirlərini təşkil edən və əməyi keçən hər kəsə razılıqlarını ifadə ediblər.

Sonda məktəblilər şəhidlərimizə həsr olunmuş şeirlər söyləyərək onlara olan ehtiramlarını bildiriblər.

Şəhid baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlu


Şəhid İsmayıl Qəsəbov 6 iyul 1991-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitimişdir. 2009-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2011-ci ilin aprel ayında hərbi xidmətdən tərxis olunmuşdur. 28.12.2012-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinə qəbul olmuş və orada xidmət etmişdir. Sonra xidmətini "N” saylı hərbi hissədə davam etdirmişdir. DİN-nin DQ-nın "N” saylı hərbi hissəsində XTD-də, 5-ci XƏQ-nun, 2-ci XƏ yarım qrupunda atıcı qumbaraatan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) baş çavuş İsmayıl Qəsəbov 07.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 12.11.2020-ci il tarixdə doğulub boya-başa çatdığı Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Ailəliydi, Mərd və Uğur adlı iki azyaşlı oğul övladı yadigar qalıb. Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan baş çavuş İsmayıl Qəsəbovun döyüş meydanında göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhidimiz ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şəhid Qocayev Niftalı Zakir oğlu


Şəhid Niftalı Qocayev 20 noyabr 1994-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 2001-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitimişdir. 2013-cü ilin yanvar ayında Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2014-cü ilin iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. 01.11.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 02.11.2020-ci il tarixdə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi. Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan şəhid Niftalı Qocayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.

Şəhid əsgər Allahverdiyev Sakit Şahin oğlu


Şəhid Sakit Allahverdiyev 24 dekabr 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş "N” saylı hərbi hissənin Qərargah bölüyünün 3-cü mühafizə tağımının 3-cü mühafizə manqasının atıcısı Sakit Allahverdiyev 13.11.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Sakit Allahverdiyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.

Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi Sakit Allahverdiyev də Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacaq. Şəhidlər ölmür, əbədi yaşayırlar! Şəhidimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik.

GOYEZEN.AZ



Facebook-da paylaş