• Təqvim

  • Maraq



BDU-nun Qazax filialının kollektivi əldə edilən böyük Qələbəyə görə ölkə Prezidentinə minnətdarlıq məktubu ünvanlayıb


27 sentyabrdan başlayan haqq savaşımız hər gün yeni qələbələrlə, zəfərlərlə hərb tariximizə və yaddaşlara yazıldı. Və nəhayət 10 noyabrda Azərbaycan xalqı Qarabağ adlı böyük qələbənin sevincini yaşadı. Hansı ki, həmin qələbə ilə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında haqq savaşına çıxan Azərbaycan Ordusunun əsgər və zabitləri öz adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazdırdılar. Bu döyüşdə düşmənlə yanaşı, bütün dünya dövlətləri Azərbaycanın və onun şanlı ordusunun gücünü, qüdrətini gördü. Şanlı ordumuz öz gücünü, nəyə qadir olduğunu cəbhədə qazandıqları uğurlar, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələr və azad etdikləri yaşayış məntəqələri ilə göstərdilər. Ordumuzun qazandığı nailiyyətləri könül xoşluğu, fərəh hissi ilə qarşılayan Azərbaycan xalqı əldə edilən qələbələrə görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi və Azərbaycan Ordusunu təbrik edir, qazanılan qələbəyə görə sonsuz minnətdarlıqlarını bildirirlər. Bunu hər gün ölkə başçısına ünvanlanmış sevinc, fərəh, qürur dolu məktublardan da görmək olur. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanı və şanlı Ordumuzu təbrik edirlər.

Növbəti minnətdarlıq məktubu Bakı Dövlət Universitetinin Qazax filialının kollektivi tərəfindən ünvanlanıb. Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu həmin məktubu təqdim edirik. 

Arif Rüstəmovdan, 

Möhtərəm cənab Prezident.

Sentyabrın 27-dən başlayıb Dağlıq Qarabağ uğrunda gedən haqq savaşımız bizim qələbəmizlə, tarixi zəfərimizlə başa çatdı. Tarixin səhifələrinə qızıl hərflərlə yazılan bu Qələbə düşmənlə yanaşı, bütün dünya dövlətlərinə Azərbaycanın və onun şanlı Ordusunun gücünü, qüdrətini göstərdi. 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi Sizin qətiyyətiniz və igid oğullarımızım qəhrəmanlığı nəticəsində Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. Bizim birliyimizin təntənəsi olan bu böyük Qələbənin əldə olunmasında Siz yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradə nümayiş etdirərək, bütün təzyiqlərə mərd-mərdanə sinə gərib onların hamısını dəf etdiniz, öz prinsipial mövqeyinizdən bir an belə dönmədiniz. Biz müharibə dövründə Xalq-Prezident, Ordu-Xalq birliyinin bir daha şahidi olduq.

Möhtərəm cənab Prezident, bu gün xalqımız tarixi bir günü yaşayır. Hər birimiz Sizinlə, qazandığımız Qələbə ilə qürur duyuruq. Bu tarixi günü, bu qüruru bizə Siz - müzəffər Ali Baş Komandan İlham Əliyev, şanlı Azərbaycan Ordusu bəxş etdiniz. BDU-nun Qazax filialının bütün professor, müəllim və tələbələri adından əldə edilən böyük Qələbəyə görə Sizə sonsuz minnətdarlığımızı, inam və etimadımızı bildiririk. Tanrı Sizi qorusun!

Dərin hörmətlə,

BDU-nun Qazax filialının kollektivi adından

Arif Rüstəmov

Direktor

Azərbaycan Respublikası, Qazax şəhəri.



Facebook-da paylaş