• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, Sizin Ali Baş Komandanlığınız altında Azərbaycan Ordusu şanlı tarix yazır. Sayənizdə bizim olan, bizə qayıdır” - YENİLƏNİB


Azərbaycanın sentyabrın 27-dən başlayan haqq savaşı hər gün yeni qələbələrlə hərb tariximizə qızıl hərflərlə yazılır. Bu gün təkcə düşmən deyil, eyni zamanda, bütün dünya dövlətləri Azərbaycanın və onun şanlı ordusunun gücünü, qüdrətini izləyir. Şanlı ordumuz öz gücünü, nəyə qadir olduğunu cəbhədə qazandıqları uğurlarla, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, azad etdikləri bir sıra yaşayış məntəqələri ilə nümayiş etdirir. Azərbaycan xalqı ordumuzun qazandığı nailiyyətləri könül xoşluğu, fərəh hissi ilə qarşılayaraq ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan Ordusuna sonsuz minnətdarlıqlarını bildirirlər. Azərbaycanın əldə etdiyi qələbə zəfərləri münasibətilə ölkə başçısına ünvanlanmış minnətdarlıq məktublarının sayı isə gündən-günə daha da artır. Hər gün ölkə başçısına sevinc, fərəh, qürur dolu məktublar yazılır. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanın və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini bildirirlər. Təbriklərini, istəklərini Ali Baş Komandana ünvanladıqları məktublarda çatdırırlar. Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubları təqdim edirik. 

Cəfər Həsənovdan, 

Hörmətli cənab Prezident,

Mənim hal-hazırda sevincimin həddi-hüdudu yoxdur. Sizi və Azərbaycan xalqını, rəşadətli Ordumuzu qələbələr münasibəti ilə təbrik edirəm. Sizin daxili və xarici siyasətiniz və Azərbaycan xalqının iradəsi sayəsində mənfur düşmən tapdağı altında inildəyən torpaqlarımız işğaldan azad olunur. Sizin Ali Baş Komandanlığınız altında Azərbaycan Ordusu şanlı tarix yazır. Sayənizdə bizim olan, bizə qayıdır.

Cənab Prezidentim, dilbər guşəmiz olan Şuşada qələbə paradının keçirilməsini və özümün də həmin paradda iştirak etməyimi arzulayıram.

Yaşasın Azərbaycan Prezidenti, yaşasın Azərbaycan xalqı, Yaşasın Azərbaycan Ordusu.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Həsənov Cəfər Mədət oğlu,

Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Qazax şəhəri.


Tamara Əliyevadan, 

Əziz Prezidentim.

Mən Qazax rayonunda yaşayıram. S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdiyəm. Vətənimi çox sevirəm. İşğaldan azad edilmiş torpaqlarımıza görə çox sevinirəm və Sizi təbrik edirəm.

Əsgər əmilərimə də təşəkkürümü bildirirəm. Azərbaycan inamla addımlayır. Mən əminəm ki, bizim Qələbəmizə az qalıb. Arzum budur ki, böyüyəndə azad edilmiş torpaqlarımıza gedim.

Sizə işlərinizdə uğurlar arzulayıram. Mən Sizi çox sevirəm.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əliyeva Tamara Aqil qızı, məktəbli.

Azərbaycan Respublikası, Qazax rayonu.


Samirə Quliyevadan, 

Hörmətli cənab Prezidentim,

Biz Qazax rayonunda yaşasaq da qəlbimiz Qarabağımızla döyünür. Sizin Komandanlığınızla rəşadətli Ordumuzun şücaəti sayəsində torpaqlarımız qarış-qarış işğaldan azad olunur.

Cənab Prezidentim, Sizə və şanlı Ordumuza təşəkkürümüzü bildiririk.

Sizin xalqa hər bir müraciətinizi diqqətlə, qürurla izləyirik. 26 Oktyabrda xalqımıza etdiyiniz müraciət bütün ailəmizi sevinc göz yaşlarına qərq etdi. Bir daha Sizinlə fəxr etdik. Sizin yumruğunuz xalqımızın möhkəm birliyidir. Biz fəxr edirik ki, Sizin kimi Ali Baş Komandanımız var.

Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların valideynlərinə Allahdan səbir diləyirik.

Allah mətin əsgərlərimizə yar olsun! Dualarımız üstünüzdən əskik olmasın!

Cənab Prezidentimiz, bizə bu sevinci yaşatdığınıza görə Sizə minnətdarıq.

Mən fəxr edirəm ki, azərbaycanlıyam!

Hörmətlə,

Quliyeva Samirə Ələddin qızı.

Azərbaycan Respublikası, Qazax şəhəri.



Facebook-da paylaş