• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, bütün azərbaycanlıların qəlbi Sizinlə döyünür”


Sentyabrın 27-dən başlayan Azərbaycanın haqq savaşında şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlərə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrə, azad etdikləri bir sıra yaşayış məntəqələrinə, əldə etdikləri digər qələbələrə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ünvanlanmış minnətdarlıq məktubları gündən-günə daha da artır. Hər gün ölkə başçısına sevinc, fərəh, qürur dolu saysız-hesabsız məktublar yazılır. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanın və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini bildirirlər. Təbriklərini, istəklərini də Ali Baş Komandana ünvanladıqları məktublarda çatdırırlar. Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubları təqdim edirik. 

Zərifə Mustafayevadan, 

Əziz Prezidentim, möhtərəm Ali Baş Komandanım.

Son günlər cəbhədə qazanılan uğurlara görə bir şəhid ailəsi olaraq mən Sizi ürəkdən təbrik edirəm. Qazax rayonunun ən ucqar nöqtəsi olan Quşçu Ayrım və Məzəm kəndlərinin əhalisi adından, xüsusən də analar adından Sizə və müzəffər Ordumuza minnətdarlığımızı bildirir, böyük Qələbə sevinci arzulayırıq. Gün o gün olsun ki, üçrəngli bayrağımız Şuşada, Xankəndində dalğalansın. Qarabağ öz həqiqi sahibinə qovuşsun.

Bütün azərbaycanlıların qəlbi Sizinlə döyünür. Xeyir-dualarımız şanlı Ordumuzladır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qoy onların ruhu yağı düşməndən təmizlənmiş doğma Qarabağımızın səmasında sülh göyərçinləri kimi qanad açsın və şad olsun!

Hörmətlə,

Zərifə Mustafayeva

Azərbaycan Respublikası, Qazax rayonu, Quşçu Ayrım kəndi.


Taryel Nəsibovdan, 

Çox hörmətli Prezidentimiz, Azərbaycanın qəhrəman oğlu.

Allah Sizin kölgənizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin. Siz bu gün tarix yazırsınız.

Mənim 71 yaşım var. Söz tapa bilmirəm ürəyimdən keçən hissləri ifadə etməyə. Nə desəm Sizin üçün az olar. Bircə arzum budur ki, Sizi Allah qorusun, Allah qorusun, Allah qorusun!

Biz, bütün qazaxlılar Sizin arxanızdayıq. Sizi çox sevirik.

Hörmətlə,

Taryel Nəsibov

Əməkdar məşqçi

Azərbaycan Respublikası, Qazax rayonu, Kosalar kəndi.



Facebook-da paylaş