Vətəndaşlar Prezidentə yazırlar: “Sizin kimi Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızın işğaldan tam azad olunacağına inanırıq və Allahın köməyi ilə belə də olacaq”
Sentyabrın 27-dən başlayan Azərbaycanın haqq savaşında şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlər, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələr, azad etdikləri bir sıra yaşayış məntəqələri, əldə etdikləri digər qələbələr ölkə vətəndaşları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ünvanlanmış məktublardan da aydın şəkildə görmək olur.
Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanın və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini bildirirlər. Təbriklərini, istəklərini də Ali Baş Komandana ünvanladıqları məktublarda çatdırırlar. Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubları təqdim edirik.
İmran Nəsibovdan,
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Mən, 1955-ci ildə Qazax rayonunun indiki Aslanbəyli kəndində anadan olmuşam, ali təhsilli mühəndis elektrikəm, ehtiyatda olan zabitəm, YAP-ın üzvüyəm, Heydər Əliyev siyasətinin daimi dəstəkçisiyəm.
1987-ci ildə mənim anadan olduğum Qazax rayonunun İncədərəsi ərazisinin (Aslanbəyli, Qaymaqlı, Kəmərli) 2 min hektar meşəsi heç bir əsas olmadan ermənilərə verildi. Respublikanın o vaxtkı rəhbəri demişdi ki, elə bilin bu torpağı mənə hədiyyə edirsiniz. Dişlərində şirə qalan ermənilər bundan sonra Qazaxın 7 kəndini işğal etdilər və ardınca 1988-ci ildə Qarabağ məsələsini qaldırıb ərazilərimizi işğal etdilər. Mən əminəm ki, o vaxt respublikamıza Heydər Əliyev rəhbərlik etsəydi, bu məsələlər baş verməzdi.
İndi Sizin kimi Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızın işğaldan tam azad olunacağına inanıram və Allahın köməyi ilə belə də olacaq. Mənim oğlum Azərbaycan Ordusunun zabitidir. Döyüşlərdə yaralanıb, hal-hazırda müalicə alır, tezliklə sağalıb yenidən döyüşə getməyini istəyirəm. Baxmayaraq itkilərimiz olur, təki Vətənimiz sağ olsun. Mən özüm də döyüşə hazıram.
İşğaldan azad olan ərazilərimizin dağılmış elektrik təsərrüfatının bərpa olunmasında iştirak edib Vətən qarşısında öz borcumuzu yerinə yetirəcəyəm.
Sizin rəhbərliyiniz altında qələbəmizə inanıram. Sizə uğurlar arzulayıram və Sizin qələbə münasibətilə Milli Qəhrəman adı almağınızı səbirsizliklə gözləyirəm. Allah Sizə yar olsun!
Hörmətlə,
Nəsibov İmran Abdulla oğlu.
Azərbaycan Respublikası, Qazax rayonu.
Məmməd Omarovdan,
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Şairlər, tarixi şəxsiyyətlər və hərbçilər Vətəni Qazax elinin ürəyində Sizin xüsusi yeriniz var. Siz Vaqifin, Əliağa Şıxlinskinin, Fərrux ağa Qayıbovun, Səməd Vurğunun ruhunu şad etdiniz. XXI əsrin birinci yarısında dünya prezidentləri sırasında Allahın say-seçmə bəndəsi kimi tarixə düşdünüz.
Həsrətlə gözü yollarda qalan Qarabağ torpağını amansız, hiyləgər, faşist ermənilərin işğalından birdəfəlik azad etməyə yol tapdınız, müzəffər Ordumuzu qələbələrə ruhlandırdınız. Bu haqq yolunda Sizə və əsgərlərimizə yeni-yeni uğurlar arzulayıram.
Allah Sizi və Ordumuzu qorusun!
Hörmətlə,
Məmməd Omarov
82 yaşlı təqaüdçü müəllim
Azərbaycan Respublikası, Qazax rayonu, Daş Salahlı kəndi.
Zaur Rzayevdən,
Hörmətli cənab Ali Baş Komandan.
Vətənimiz Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonlarımızın azadlığı uğrunda rəhbərliyiniz altında başladılan və uğurla davam etdirilən döyüş əməliyyatları illərdir bütün Azərbaycan xalqının həsrətində olduğu ən böyük arzunun, əzəli və tarixi torpaqlarımızın geri qaytarılmasının çox yaxın zamanda reallığa çevriləcəyinə hər birimizdə əminlik hissi oyadır.
Ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ərəfəsində torpaqlarımızın azad olunması uğrunda iştirakçısı olduğum döyüş əməliyyatları zamanı da bir çox ərazilər, mühüm strateji yüksəkliklər düşmən tapdağından azad edilmişdir.
Cənab Prezident, şərəfli hərbi xidmətimi fasiləsiz olaraq döyüş bölgələrində keçirməyimi və döyüş təcrübəsinə malik olmağımı nəzərə alaraq, Vətən qarşısında müqəddəs borcumu yerinə yetirmək üçün mənim döyüş bölgəsinə, Qarabağımızın azadlığı uğrunda gedən uğurlu döyüş əməliyyatlarına cəlb olunmağım ilə bağlı göstəriş verməyinizi xahiş edirəm.
Əmr verin, rəşadətli Ordumuzun Qələbə əzmi ilə mən də torpaqlarımızın geri qaytarılmasında, mənfur erməni quldurlarının Qarabağdan çıxarılmasında və ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə iştirak edim. Sizin Komandanlığınız altında döyüş əmrinə müntəzirəm.
Hörmətlə,
Zaur Rzayev
Ehtiyatda olan gizir
Azərbaycan Respublikası, Qazax rayonu, Aşağı Əskipara kəndi.
Facebook-da paylaş