• Təqvim

  • Maraq



“Biz öz kəndimizə qayıdacağıq”

Qazax rayonunun Qızıl Hacılı kəndinin işğalından 25 il ötür


“Biz öz kəndimizə qayıdacağıq”
Qazax rayonunun 7 kəndi işğal olunmuşdur. Bunlardan biri Qızıl Hacılı kəndidir. Kəndin işğalından 25 il ötməsinə baxmayaraq Vətən yarası kənd sakinlərinin qəlbində sağalmayıb. Məcburi köçkünlük həyatı yaşamaq bu kənd sakinlərinin də taleyinə yazılıb.

Qızıl Hacılı kəndi ilə bağlı xatirələrini bizimlə bölüşmək üçün redaksiyamıza kəndin ziyalı ağsaqqalı Hacı Xasayevi dəvət etdik. Hacı müəllimin dediklərindən:

- Qızıl Hacılı kəndi Qazaxın ən qədim yaşayış məskənlərindəndir. Orada elə daşlar var ki, üzərindəki yazılar hansı əlifba ilə yazıldığı bilinmir. Qədim tarixə malik olan Qızıl Hacılı kəndinin başı çox bəlalar çəkib. Mənfur ermənilər müxtəlif illərdə kəndə 3 dəfə hücum çəkib, od vurub yandırıblar. 1905, 1918 və 1992–ci illərdə. Hər dəfə də kənd eyni istiqamətdən hücuma məruz qalıb. Mən 1992–ci ildə kənddə məktəb direktoru işləyirdim. Ermənilər kənd sakinlərindən xəbər göndərdilər ki, Hacı müəllimə deyin, saqqallılar Leynakanda yerləşiblər, sizin kəndə hücuma hazırlaşırlar.

Mənim evimdə ratsiya vardı. Dərhal rayona zəng vurub rayon rəhbərinin köməkçisinə məsələni danışdım. Bildirdim ki, bizə kömək göndərin. Vəziyyət ciddidir. Lakin heç bir xəbər çıxmadı. Mənim iki maşınım var idi, bir avtobus da əlavə gətirtdim. Ermənilər əsas yolu bağlamışdılar. Mən daşlı-kəsəkli yolla elə gecə ikən qocaları, qadınları və uşaqları kənddən rayon mərkəzinə gətirtdim. Bir daha rayon partiya komitəsinə zəng vurub vəziyyəti bildirdim. Lakin oradan da bir kömək olmadı.

Ermənilər kəndin “Satılmış Dağ” adlanan yüksəkliyindən 11 may saat 06:15 radələrində kəndə hücum etdilər. Üç yerdən yaşıl rəngli fişəng açıldı. Biz aşağıda idik. Ermənilər isə yüksəklikdən atəş açırdılar. Başımıza güllə yağışı yağdırırdılar. Heç bir yerdən kömək olmasa da kənd sakinləri Xasməmməd Mustafayev, Allahverdi Qocayev, Hafiz Məmmədov, Hacı Nəzərov, Ayət Məmmədov, Fərman Namazov, Rəsul Məmmədov özlərini odun-alovun içinə ataraq kəndi müdafie edirdilər. Lakin düşmən güclü idi. Ona görə də bu döyüşdə 2 nəfər yaralandı. Ölən və əsir düşən olmasa da, 11 nəfər mühasirədə qaldı.

Kənd sakinləri, qadınlar rayon mərkəzindəki hərbi hissənin qarşısına yığışaraq buna etirazlarını bildirdilər. Bundan sonra 1 BTR və 1 tank köməyə göndərildi. Onların köməyi ilə kənd azad edildi və ermənilər geri çəkildilər. Lakin ermənilər kənd məktəbini, 8 yaşayış evini yandırmışdılar. 1 avtobus və 1 traktor aparmışdılar, evləri talan etmişdilər.

Bundan sonra kənddə hərbi batalyon yerləşdirildi. Biz arxayın olduq ki, daha kənd qorunur. Dörd, beş ay hərbiçilər kəndə nəzarət etdilər. Lakin bir gecə Abbasbəyli kəndindən mənə zəng edib bildirdilər ki, hərbiçilər müəmmalı şəkildə kəndi tərk ediblər. Kənd sahibsiz qalıb. Biz kənd sakinlərinin əlindən nə gəlirdi ki?... Beləcə yiyəsizlik üzündən ermənilər heç bir müqavimətlə rastlaşmadan yenidən kəndə girdilər. Olan, qalan nə vardısa yenidən talan etdilər. Elə ailələr vardı ki, hələ toy lenti darvazasından açılmamışdı, gəlini öz cehizini istifadə etməmişdi, xonçalar açılmamışdı.

Kənddə 56 ev vardı ki, mənfur ermənilər onların hamısının külünü göyə sovurdular. İnsanların neçə illər qazandıqlarını, min bir əziyyətlə tikib-qurduqlarını ermənilər darmadağın etdilər. Onlar təkcə kəndi deyil, kəndlə bərabər bizim şirinli-acılı xatirələrimizi, hər dağında, daşında olan izlərimizi yandırdılar, qocalarımızın məzarını, körpələrimizin dədə-baba yurdunu viran qoydular. Bizi elimizdən, obamızdan etdilər.

Kəndimizin üç şəhidi var - Sərdar Hüseynov, Babək Quliyev, Ədalət Hüseynov. Onlar respublikamızın ayrı-ayrı bölgələrində torpaqlarımızın müdafiəsi zamanı öz həyatlarını qurban veriblər.

Bu gün Qızıl Hacılı kəndinin işğalından 25 il ötür. Kəndin yenidən salınması üçün bütün sənədlər imzalanıb, yer ayrılıb, smeta layihəsi təsdiq olunub. Smetada kənd sakinləri üçün ev, orta məktəb, tibb məntəqəsi, poçt və digər tikintilərin aparılması nəzərdə tutulub. Zaman su kimi axır. Lakin qəlbimdə bir inam var. İnanıram ki, biz tezliklə öz torpağımıza, doğma kəndimizə qayıdacağıq.

GOYEZEN.AZ


Facebook-da paylaş