Vətəndaş məktubundan: “Cənab Prezident, Sizin qızıl hərflərlə yazdığınız tarixi anları görmək bizi çox qürurlandırır” YENİLƏNİB
Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurması, bir sıra yaşayış məntəqələrini azad etməsi, əldə etdiyi digər qələbələr vətəndaşlarımız, xaricdə yaşayan soydaşlarımız, həmçinin bir sıra digər ölkələrin vətəndaşları tərəfindən böyük sevinclə qarşılanır. Onlar sevinc və qürur hisslərini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə yazdıqları məktublarda ifadə edirlər.
Qazax sakinləri də Ali Baş Komandanın və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini ünvanladıqları məktublarda böyük ruh yüksəkliyi ilə çatdırırlar. Prezidentin saytına ünvanlanmış növbəti məktubu təqdim edirik.
Xəzəngül Məhərrəmovadan,
Hörmətli cənab Prezident.
Ulu öndərimiz Heydər Əliyev hər zaman beynəlxalq səviyyədə etdiyi çıxışlarında bildirirdi: ''Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir''. Bu gün Heydər Əliyev dühasının layiqli davamçısı olaraq Sizin rəhbərliyinizlə şanlı Ordumuz işğaldan azad edilən torpaqlarımıza zəfər bayrağını sancır. Sizin qızıl hərflərlə yazdığınız tarixi anları görmək bizi çox qürurlandırır. Çünki, bütün bunların təməlində Sizin qətiyyətli, uğurlu və cəsarətli siyasətiniz dayanır.
Dəyərli rəhbərimiz, mənim 68 yaşım var. Təqaüddə olan tibb işçisiyəm. Mən də Sizin tapşırığınızla Azərbaycan əsgəri üçün əlimdən gələn köməyi etməyə hazıram. Siz Azərbaycan xalqının qayğıkeş Liderisiniz. Uca Tanrı Sizi qorusun.
Dərin hörmətlə,
Xəzəngül Məhərrəmova
Azərbaycan Respublikası, Qazax rayonu.
Qədir Mustafayev və başqalarından,
Hörmətli cənab Prezident, Ali Baş Komandan!
Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənirik. Erməni faşistlərinin uzun illər ərzində ölkəmizə etdiyi təcavüzdən artıq xalqımızın səbri tükənib və onlara qarşı mübarizədə hamımız Sizi dəstəklədiyimizi bildiririk.
Hörmətli Ali Baş Komandan, şanlı Ordumuz Sizin əmriniz əsasında ərazimizi erməni quldurlarından təmizləmək üçün hücuma keçdi və qürurverici nəticələr əldə edirlər. Biz inanırıq ki, bütün işğal olunmuş ərazilərimiz erməni işğalçılarından təmizlənəcək və xalqımız öz doğma torpaqlarımıza qayıdacaq!
Hörmətlə,
Mustafayev Qədir Adil oğlu,
Alməmmədov Ruslan İbrahim oğlu,
Bayramov İqbal Məhəmməd oğlu,
Həməşəyev Tacəddin Ziyaddın oğlu və başqaları (9 nəfər),
Qazax Suvarma Sistemləri İdarəsinin işçiləri
Azərbaycan Respublikası, Qazax rayonu.
Cavid Mehdiyevdən,
Möhtərəm cənab Prezident.
İllərlə həsrətində yaşadığımız Vətən torpaqlarına qovuşmaq arzumuzun gerçəkləşəcəyi gün lap yaxındadır. Bu sevinci Siz bizlərə bəxş edirsiniz. Zərgər dəqiqliyi ilə hesablanmış uğurlu daxili və xarici siyasətiniz hamımızı ruhlandırır.
Mən də, öz növbəmdə, Sizə bu yolda uğurlar arzu edirəm. İşlədiyim Qazax Suvarma Sistemləri İdarəsinin işçiləri adından Sizi və xalqımızı təbrik edirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram. Biz qazaxlılar hər zaman əmrinizdə canla-başla hazırıq.
Sizin qətiyyətiniz, müdrikliyiniz, uzaqgörənliyiniz böyük Ulu Öndərdən gələn irsdir. Siz dünya şöhrətli lidersiniz.
Cənab Ali Baş Komandanımız, Ordumuzun əldə etdiyi bütün nailiyyətlər, eləcə də televiziya vasitəsilə seyr etdiyimiz hər bir çıxışınız bizə qüvvət verir, bizi ruhlandırır.
Cənab Prezident, var olun, sağlam olun. Bir ömür boyu bizim rəhbərimiz olmağınızı ulu Tanrıdan istəyirəm, dua edirəm.
Biz qazaxlılar, həmişə olduğu kimi, Sizin ətrafınızda sıx birləşərək, yaşından və cinsindən asılı olmayaraq, müsəlləh əsgərinizik. Torpaq uğrunda döyüşməyə həmişə hazırıq. Hər an əmrinizi gözləyirik.
Biz Sizinlə fəxr edirik. Ulu Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Mehdiyev Cavid Mayıl oğlu.
Azərbaycan Respublikası, Qazax rayonu Abbasbəyli kəndi.
Lalə Alıyevadan,
Möhtərəm cənab Prezident, Ali Baş Komandan.
Bir vətəndaş olaraq bu çətin günlərdə Sizə təşəkkür məktubu yazmaqla ən səmimi hisslərimizi izhar etmək istədim. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən müharibədə apardığınız uzaqgörən siyasət üçün, rəşadətli Ordumuzun düşmənə layiqincə cavab verməsinə Ali Baş Komandan kimi rəhbərlik etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, cəbhədən gələn sevindirici qələbə xəbərləri ilə torpaqlarımız erməni işğalından azad olunacaq, üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanacaq.
Hörmətli cənab Prezident, biz hər zaman Sizi dəstəkləmişik, Sizinlə fəxr etmişik və edirik. Bundan sonra da belə olacaq. Fəxr edirik ki, Sizin kimi uzaqgörən Prezidentimiz var. Allah Sizi qorusun. Sizi Azərbaycan xalqına çox görməsin.
Hörmətlə,
Alıyeva Lalə Fərman qızı.
Azərbaycan Respublikası, Qazax rayonu.
Facebook-da paylaş