Azərbaycanda dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqabəti unudub bir yumruq kimi birləşdilər
2020-ci il iyulun 12-də Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə
basqınından və ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda əsl Ali
Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanır. Siyasi
baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı
olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri
unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir
nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etmişlər. Ölkə ərazisində fəaliyyət göstərən siyasi
partiyalar da bu prosesdən geri qalmamışlar, praktiki olaraq Azərbaycanın müstəqillik
tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı
olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə
müxtəlif yanaşma tərzini bir yana qoyaraq, həmrəylik nümayiş etdirmiş və Ali
Baş Komandanın yanında olduqlarını bəyan etmişlər. Çoxdan arzuladığımız, digər ölkələrin siyasət
mədəniyyətində həsəd və qibtə ilə izlədiyimiz an nəhayət yetişmişdir. Azərbaycanda
da dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin
əsgərləri kimi təhlükəni dəf etmək üçün bir yumruq kimi birləşmişlər. 43 partiya sədrinin imzaladığı Birgə Bəyanatda
birmənalı şəkildə bildirilir: "Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş
Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin
təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması
istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında
sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan
qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli
tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm
Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin
şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə
hazır olan müsəlləh əsgərik”. Bu birgə bəyanatdan sonra Vətəndaş və
İnkişaf Partiyasının sədri Əli Əliyev, Respublikaçı Alternativ Partiyasının sədri
İlqar Məmmədov, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Azərbaycan
Xalq Partiyasının sədri Pənah Hüseyn ayrıca bəyanatlar verərək Vətənin düşmən təcavüzünə
məruz qaldığı günlərdə Ali Baş Komandana və ordumuza dəstək olduqlarını demişlər. Siyasi partiyaların vəziyyəti düzgün dəyərləndirmələri
və analiz etmələri, son hücumların məhz sərhəd zonasında baş verməsinin təsadüfi
olmadığı, Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız
Dağlıq Qarabağla məhdudlaşmadığını bildirmələri, Ermənistanın təcavüzünün təsdiq
edilməsi baxımından əhəmiyyətlidir. Ordumuzun Tovuz istiqamətində düşmən
hücumunun qarşısını alması, canlı qüvvələrini və texnikalarını məhv etməsi xalq
tərəfindən coşqunluqla qarşılanmışdır. Xalq-ordu həmrəyliyi çərçivəsində
döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəlmişdir.
Ancaq əfsuslar olsun ki, hər zamankı kimi onların arasına Azərbaycan Xalq Cəbhəsinin
tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər
törətməyə çalışmışlar. Buna baxmayaraq heç bir daxili və xarici siyasi güc, Azərbaycan
dövlətinin qətiyyətliyini, gücünü, Ali Baş Komandan-xalq həmrəyliyini şübhəyə
ala bilməz. Azərbaycan xalqı hər şeyi görür, qiymət verir. Azərbaycan dövləti də
xalqı ilə birlikdədir, xalqını dinləyir, hər bir addımını onunla məsləhətləşir,
gələcəyini onunla birlikdə planlaşdırır və həyata keçirir. Siyasi partiyalar milli həmrəylik nümayiş
etdirərək Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduqlarını birmənalı
olaraq dilə gətirsələr də təəssüf ki, bəzi siyasi çevrələr bu təlatümlü günlərdə
hadisələrə münasibət bildirməyərək kənardan müşahidə etməyə üstünlük vermişlər.
Yəqin ki, onlar adətləri üzrə yenə də hansı isə neqativ məqamlar axtarmağa, özlərini
fərqli göstərmək üçün tənqid etməyə, mənasız xırdalıqları qabartmağa üstünlük
verəcəklər. Əlbəttə, Azərbaycan xalqı da bu çətin günlərdə kimin kim olduğunu
görür, hansı siyasi güclərin Vətən və dövlətçiliyi siyasi ambisiyadan üstün
tutduğunu görür, onlara ən layiqli cavabını isə seçkilərdə verərək, layiq
olduqları yeri göstərir. GOYEZEN.AZ
Facebook-da paylaş