Ziyalılarımız yazır: “Cənab Prezident, Sizin siyasətinizin arxasında yenilməz bir qüvvə - Azərbaycan xalqının sınmaz iradəsi dayanır”
Hörmətli cənab Prezident. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan Sizin rəhbərliyinizlə
iqtisadi və siyasi cəhətdən daha da inkişaf edərək dünya dövlətləri arasında öz
yerini getdikcə möhkəmləndirir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva
ilə birlikdə əzmlə həyata keçirdiyiniz uğurlu və məqsədyönlü siyasətin nəticəsidir
ki, ölkəmizin iqtisadi gücü artmış, hərbi qüdrəti möhkəmlənmiş, xalqımızın
sosial rifahı, insanların həyat səviyyəsi yüksəlmişdir. Bütün bu uğurları
qədirbilən Azərbaycan xalqı görür və Sizin gərgin əməyinizi hər zaman yüksək
qiymətləndirir, xalqın öz Prezidentinə olan inam və etimadı daim artır. Möhtərəm cənab Prezident, Qazax mahalının tanınmış ziyalılarının
təşkilatçılığı ilə yaradılmış "Qazax” Xeyriyyə İctimai Birliyi yarandığı gündən
həmişə dövlətçiliyə sədaqət nümayiş etdirmiş, erməni təcavüzünə məruz qalan
Qazax mahalında cəbhə xəttinə baş çəkmiş, yerli sakinlərə mənəvi dayaq
olmuşdur. Ötən ilin sonlarından dünyanı cənginə alan koronavirus pandemiyasının
ölkəmizdə yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyinizlə ciddi
mübarizə və sosial müdafiə tədbirləri həyata keçirilməyə başlanıldı və
qabaqlayıcı tədbirlər həyata keçirildi. Ölkə əhalisinin sağlamlığını daha üstün
tutan tədbirlər bu gün də davam etməkdədir. Pandemiyaya qarşı mübarizə ilə
əlaqədar Sizin qlobal miqyasda çağırış və təşəbbüslərinizin dünya birliyi
tərəfindən yüksək hörmət və ehtiramla qəbul olunması ölkəmizin beynəlxalq
nüfuzunu gücləndirməklə yanaşı, bu bəşəri bəlaya qarşı bütün dünyanı həmrəyliyə
səsləyir. "Qazax” Xeyriyyə İctimai Birliyi pandemiyanın yayılmasına qarşı mübarizə
ilə əlaqədar Sizin "Biz birlikdə güclüyük!" çağırışınıza səs verərək
Qazax və Ağstafa rayonu üzrə minlərlə aztəminatlı ailəyə yardım etmişdir. Möhtərəm cənab Prezident, qürur hissi ilə qeyd etmək istərdik ki, ordu
quruculuğu sahəsində düşünülmüş strateji siyasət kursu çərçivəsində Sizin
rəhbərliyinizlə görülmüş işlər, həyata keçirilmiş tədbirlər nəticəsində ən
müasir silah-sursat, döyüş texnikası ilə təchiz olunmuş Silahlı Qüvvələrimiz bu
gün dünyanın 50 aparıcı ordusu sırasındadır. Azərbaycan xalqı və dünya
ictimaiyyəti yenilməz ordumuzun qüdrətini şanlı Aprel zəfərində, Naxçıvan
döyüşlərində və Tovuz rayonu istiqamətində düşmənin törətdiyi növbəti
təxribatın qarşısının alınmasında gördü. İyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu
istiqamətində erməni silahlılarının təxribatı nəticəsində mövqelərimiz ağır
artilleriya silahlarından atəşə tutuldu. Cəbhədə baş verən qanlı döyüşlərdə
əsgərlərimizlə yanaşı generalımız və yüksək rütbəli zabitlərimiz də şəhid oldu.
Azərbaycan Ordusunun generalı ilə əsgərinin ön cəbhədə çiyin-çiyinə vuruşması
bu ordunun qüdrətindən xəbər verir. Sizin tapşırığınıza əsasən, Azərbaycan
Ordusu düşmənə ağır və sarsıdıcı zərbələr endirərək onun onlarla texnikasını və
çoxlu sayda canlı qüvvəsini məhv edərək şəhidlərimizin tökülən qanlarının
qisasını aldı. Allah bütün şəhidlərimizə rəhmət etsin. Sizin düşünülmüş, müstəqil, qətiyyətli və düzgün siyasətiniz sayəsində
Azərbaycanın iqtisadi, sosial, mədəni sahələrdə, eləcə də müqəddəs
torpaqlarımızın etibarlı müdafiəsi sahəsində əldə etdiyi böyük uğurlar
xalqımızı ruhlandırır. Sizin qətiyyətiniz dünyaya bir daha nümayiş etdirir ki,
istər ölkə daxilində, istərsə də ölkə xaricində heç bir qüvvə Azərbaycan
dövləti ilə "zor dilində” danışa bilməz. Çünki Sizin siyasətinizin arxasında
yenilməz bir qüvvə - Azərbaycan xalqının sınmaz iradəsi dayanır. Möhtərəm cənab Prezident, Sizin apardığınız daxili və xarici siyasəti bütün
varlığımızla dəstəkləyir, dövlətimiz və dövlətçiliyimiz yolunda apardığınız
genişmiqyaslı işlərdə Sizə yeni uğurlar arzulayırıq. Sizi əmin edirik ki, hər
zaman bir çağırışınızla Sizin ətrafınızda yumruq kimi sıx birləşərək ölkəmizin
inkişafı və dövlətimizin mənafeləri naminə birgə addımlayacağıq. Hörmətlə, Teymur Bünyadov Akademik, tarix elmləri doktoru Nərimanov Həsənzadə Xalq şairi, Heydər Əliyev mükafatı laureatı İlham Pirməmmədov "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim Azərbaycan Respublikası, Bakı şəhəri. 27 iyul 2020-ci il
Facebook-da paylaş