Əsas Səhifə > Manşet / Rəsmi > “Cənab Prezident, Sizin siyasətinizin arxasında yenilməz bir qüvvə - Azərbaycan xalqının sınmaz iradəsi dayanır”

“Cənab Prezident, Sizin siyasətinizin arxasında yenilməz bir qüvvə - Azərbaycan xalqının sınmaz iradəsi dayanır”


27-07-2020, 22:15


Hörmətli cənab Prezident.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan Sizin rəhbərliyinizlə iqtisadi və siyasi cəhətdən daha da inkişaf edərək dünya dövlətləri arasında öz yerini getdikcə möhkəmləndirir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə əzmlə həyata keçirdiyiniz uğurlu və məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmizin iqtisadi gücü artmış, hərbi qüdrəti möhkəmlənmiş, xalqımızın sosial rifahı, insanların həyat səviyyəsi yüksəlmişdir. Bütün bu uğurları qədirbilən Azərbaycan xalqı görür və Sizin gərgin əməyinizi hər zaman yüksək qiymətləndirir, xalqın öz Prezidentinə olan inam və etimadı daim artır.

Möhtərəm cənab Prezident, Qazax mahalının tanınmış ziyalılarının təşkilatçılığı ilə yaradılmış "Qazax” Xeyriyyə İctimai Birliyi yarandığı gündən həmişə dövlətçiliyə sədaqət nümayiş etdirmiş, erməni təcavüzünə məruz qalan Qazax mahalında cəbhə xəttinə baş çəkmiş, yerli sakinlərə mənəvi dayaq olmuşdur.

Ötən ilin sonlarından dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyinizlə ciddi mübarizə və sosial müdafiə tədbirləri həyata keçirilməyə başlanıldı və qabaqlayıcı tədbirlər həyata keçirildi. Ölkə əhalisinin sağlamlığını daha üstün tutan tədbirlər bu gün də davam etməkdədir. Pandemiyaya qarşı mübarizə ilə əlaqədar Sizin qlobal miqyasda çağırış və təşəbbüslərinizin dünya birliyi tərəfindən yüksək hörmət və ehtiramla qəbul olunması ölkəmizin beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, bu bəşəri bəlaya qarşı bütün dünyanı həmrəyliyə səsləyir.

"Qazax” Xeyriyyə İctimai Birliyi pandemiyanın yayılmasına qarşı mübarizə ilə əlaqədar Sizin "Biz birlikdə güclüyük!" çağırışınıza səs verərək Qazax və Ağstafa rayonu üzrə minlərlə aztəminatlı ailəyə yardım etmişdir.

Möhtərəm cənab Prezident, qürur hissi ilə qeyd etmək istərdik ki, ordu quruculuğu sahəsində düşünülmüş strateji siyasət kursu çərçivəsində Sizin rəhbərliyinizlə görülmüş işlər, həyata keçirilmiş tədbirlər nəticəsində ən müasir silah-sursat, döyüş texnikası ilə təchiz olunmuş Silahlı Qüvvələrimiz bu gün dünyanın 50 aparıcı ordusu sırasındadır. Azərbaycan xalqı və dünya ictimaiyyəti yenilməz ordumuzun qüdrətini şanlı Aprel zəfərində, Naxçıvan döyüşlərində və Tovuz rayonu istiqamətində düşmənin törətdiyi növbəti təxribatın qarşısının alınmasında gördü.

İyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlılarının təxribatı nəticəsində mövqelərimiz ağır artilleriya silahlarından atəşə tutuldu. Cəbhədə baş verən qanlı döyüşlərdə əsgərlərimizlə yanaşı generalımız və yüksək rütbəli zabitlərimiz də şəhid oldu. Azərbaycan Ordusunun generalı ilə əsgərinin ön cəbhədə çiyin-çiyinə vuruşması bu ordunun qüdrətindən xəbər verir. Sizin tapşırığınıza əsasən, Azərbaycan Ordusu düşmənə ağır və sarsıdıcı zərbələr endirərək onun onlarla texnikasını və çoxlu sayda canlı qüvvəsini məhv edərək şəhidlərimizin tökülən qanlarının qisasını aldı. Allah bütün şəhidlərimizə rəhmət etsin.

Sizin düşünülmüş, müstəqil, qətiyyətli və düzgün siyasətiniz sayəsində Azərbaycanın iqtisadi, sosial, mədəni sahələrdə, eləcə də müqəddəs torpaqlarımızın etibarlı müdafiəsi sahəsində əldə etdiyi böyük uğurlar xalqımızı ruhlandırır. Sizin qətiyyətiniz dünyaya bir daha nümayiş etdirir ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində heç bir qüvvə Azərbaycan dövləti ilə "zor dilində” danışa bilməz. Çünki Sizin siyasətinizin arxasında yenilməz bir qüvvə - Azərbaycan xalqının sınmaz iradəsi dayanır.

Möhtərəm cənab Prezident, Sizin apardığınız daxili və xarici siyasəti bütün varlığımızla dəstəkləyir, dövlətimiz və dövlətçiliyimiz yolunda apardığınız genişmiqyaslı işlərdə Sizə yeni uğurlar arzulayırıq. Sizi əmin edirik ki, hər zaman bir çağırışınızla Sizin ətrafınızda yumruq kimi sıx birləşərək ölkəmizin inkişafı və dövlətimizin mənafeləri naminə birgə addımlayacağıq.

Hörmətlə,

Teymur Bünyadov

Akademik, tarix elmləri doktoru

Nərimanov Həsənzadə

Xalq şairi, Heydər Əliyev mükafatı laureatı

İlham Pirməmmədov

"Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim

Azərbaycan Respublikası, Bakı şəhəri.

27 iyul 2020-ci il


Geri qayıt