• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, Qələbənin bizim olacağına heç bir şübhəmiz yoxdur!”


27 sentyabrdan başlayan haqq savaşımız hər gün yeni qələbələrlə, zəfərlərlə hərb tariximizə və yaddaşlara yazılır. Tarixin səhifələrinə qızıl hərflərlə yazılan bu döyüşdə bu gün düşmənlə yanaşı, bütün dünya dövlətləri Azərbaycanın və onun şanlı ordusunun gücünü, qüdrətini görür. Şanlı ordumuz öz gücünü, nəyə qadir olduğunu cəbhədə qazandıqları uğurlar, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələr və azad etdikləri bir sıra yaşayış məntəqələri ilə göstərirlər. Ordumuzun qazandığı nailiyyətləri könül xoşluğu, fərəh hissi ilə qarşılayan Azərbaycan xalqı əldə edilən qələbələrə görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan Ordusuna sonsuz minnətdarlıqlarını bildirirlər. Bunu hər gün ölkə başçısına ünvanlanmış sevinc, fərəh, qürur dolu məktublardan da görmək olur. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanın və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini bildirirlər. Təbriklərini, istəklərini Ali Baş Komandana ünvanladıqları məktublarda çatdırırlar. Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubları təqdim edirik. 

Ülfət İsmayılovdan, 

Hörmətli cənab Prezident,

Mən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq hərbi xidmət keçmiş, hazırda ehtiyatda olan hərbi qulluqçu kimi qismən səfərbərlik elan olunduğu andan könüllü olaraq ön cəbhəyə döyüşə getmək üçün müraciət etmişəm. Doğma torpaqlarımızın mənfur düşməndən azad edilməsində mənim də zərrə qədər payım olmasını çox istəyirəm. Şəhidlərimizin qisasını almaq, onların ruhunu şad etmək üçün yenidən ordu sıralarına qayıtmaq, qəhrəman əsgərlərimizlə çiyin-çiyinə işğalçılara qarşı vuruşmaq ən böyük arzumdur.

Biz, Qazax rayonunun sakinləri qazandığınız böyük uğurlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sayənizdə 30 ilə yaxındır düşmən əlində olan torpaqlarımız azad olunur. Bütün Azərbaycan xalqı Sizin televiziyadakı çıxışlarınızı və müsahibələrinizi maraqla dinləyərkən çox sevinir və ruhlanır.

Doğma torpaqlarımız uğrunda döyüşlərdə həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. İgid əsgərlərimiz də onların qanını yerdə qoymurlar, düşmənə layiqli cavab verirlər.

Çox hörmətli cənab Prezident, Qarabağ torpaqları uğrunda xain düşmənə qarşı canımdan və qanımdan belə keçməyə həmişə hazıram. Əmrinizi gözləyirəm.

Allah Sizi, Ordumuzu və xalqımızı qorusun!

Böyük hörmətlə,

İsmayılov Ülfət Müzəffər oğlu, ehtiyatda olan hərbçi.

Azərbaycan Respublikası, Qazax rayonu, Fərəhli kəndi.

 

Aygün Dilbozovadan, 

Çox hörmətli cənab Prezident.

Mən və işlədiyim Qazax Suvarma Sistemləri İdarəsinin kollektivi bir vətəndaş olaraq bu çətin və şərəfli günlərdə Sizə təşəkkür etməyi özümüzə borc bilirik.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən müharibədə apardığınız müdrik və qətiyyətli siyasətiniz nəticəsində Ali Baş Komandanı olduğunuz rəşadətli Ordumuz düşmənə layiqincə cavab verir. Sizə dərin təşəkkürümüzü bildiririk.

Əziz Prezidentimiz, Allah Sizi xalqımızın üstündən əskik etməsin, var olasınız. Uca Tanrı Sizi Azərbaycan xalqına çox görməsin. Sizin yürütdüyünüz daxili və xarici siyasəti ürəkdən bəyənirik, Sizi hər zaman dəstəkləyirik. Azərbaycan xalqı xoşbəxtdir ki, Sizin kimi Prezidenti var. Əminik ki, tezliklə cəbhədən gələn sevindirici qələbə xəbərlərini bizə çatdıracaqsınız. Torpaqlarımız tez bir zamanda işğaldan azad olunacaq və üçrəngli Bayrağımız Qarabağda dalğalanacaq.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Dilbozova Aygün Bahadur qızı.

Azərbaycan Respublikası, Ağstafa rayonu, Daşkəsəmən kəndi.

 

Nailə Bənnayevadan, 

Əziz Prezident, Müzəffər Ali Baş Komandan!

Sizə Qazax rayon sakinləri adından bütün işlərinizdə uğurlar diləyir, bizə yaşatdığınız qələbə sevincləri üçün sonsuz təşəkkürümüzü bildiririk.

Vətən uğrunda canından keçən şəhidlərimizə Uca Allahdan rəhmət diləyirik.

Qələbənin bizim olacağına heç bir şübhəmiz yoxdur!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Bənnayeva Nailə.

Azərbaycan Respublikası, Qazax rayonu.


Ceyhun Həsənovdan, 

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!

Hərbi xidmətdə olduğum dövrdə gizir olaraq ağır hərbi texnikaları idarə etmişəm.

Aprel döyüşləri zamanı dəfələrlə döyüşmək üçün hərbi komissarlığa müraciət etsəm də, müraciətim qəbul edilmədi.

Vətənimin bu şərəfli günündə Ordu sıralarına yazılaraq ön cəbhədə vuruşmaq, dövlətimin sərhədlərinin bütövlüyü uğrunda canımdan keçmək ən böyük istəyim, arzumdur.

Vətən bizim hamımızındır!

Qələbə bizimdir, zəfər bizimlədir!

Hörmətlə,

Həsənov Ceyhun Cavanşir oğlu.

Azərbaycan Respublikası, Qazax rayonu, Dəmirçilər kəndi.



Facebook-da paylaş