Qazaxda Vətən müharibəsinin şəhidi baş çavuş İsmayıl Qəsəbovun övladının doğum günü qeyd olunub
Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci il illər ötsə belə tarixi Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi, tarixi ədalət bərpa olundu. Vətən müharibəsində yeni tarix yazıldı. Bu gün hər bir azərbaycanlının ürəyi bu şanlı tarixi hadisəyə görə qürur hissi ilə döyünür, milli birliyimiz möhkəmlənir, hər kəs ölkəmizin daha da inkişaf edəcəyinə əminliklə inanır. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə bir ömür boyu minnətdar olacağıq.
Vətən, torpaq, yurd naminə canını fəda edərək Şəhidlik zirvəsinə ucalan, şəhadəti ilə ölümsüzlüyə qovuşan oğullardan biri də "Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan şəhid baş çavuş Qəsəbov İsmayıl Nəbi oğludur.
Bu gün igid Vətən oğlunun övladı Mərd Qəsəbovun 3 yaşı tamam olur.
Bu gün dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbiçilərimizə dərin hörmət və ehtiramla böyük diqqət və qayğı göstərir. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən müharibəsinin şəhidi İsmayıl Qəsəbovun övladının doğum gününü də unutmadı. Bu gün 3 yaşını qeyd edən Mərd balamızı tək qoymayan rayon rəhbəri öz ənənəsinə sadiq qalaraq şəhid övladının ad gününü təbrik etdi.
Rayon rəhbərliyinin tapşırığına əsasən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Gülnar Quluyeva və Teybə Hüseynova, RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov Çaylı kəndində şəhidimizin ata ocağında olub,övladının doğum gününü ailə üzvləri ilə birlikdə qeyd ediblər. Şəhidimizin ilk övladı olan Mərd balamıza hədiyyələrini təqdim edib, rayon rəhbərliyinin adından səmimi ürək sözlərini və təbriklərini çatdırıblar. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qazandığı tarixi Qələbədə payı olan İsmayıl Qəsəbov kimi oğullarımızın daim qəlblərdə yaşayacağını bildirib. Bu gün şəhidlərimizlə, qazilərimizlə hər birimizin fəxr etdiyini, Azərbaycan xalqı var olduqca şəhidlərimizin də var olacağını qeyd edib. Dövlətimiz, ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov şəhidimizin övladını təbrik edərək onun hər birimizin övladı olduğunu bildirib. Bu gün İsmayıl Qəsəbovla təkcə qazaxlıların deyil, bütöv Azərbaycanın fəxr etdiyini, qürur duyduğunu söyləyib. İsmayıl kimi qəhrəman oğullarımızın ailələrinə, övladlarına sahib çıxmağın hər birimizin borcu olduğunu qeyd edib.
Şəhidimizin anası Kəmalə Carçıyeva şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Nəvəsinin doğum günündə onu yad etdikləri və təbrikə gəldikləri üçün rayon rəhbərliyinə razılığını ifadə edib. Oğlunun xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını İsmayılın timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi dəyərləndirib.
Şəhidimizin həyat yoldaşı Lalə Qəsəbova rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə və onların ailələrinə daim qayğı ilə yanaşan, əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələrini və məzarlarını ziyarət edən rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. Bu gün oğlunun ad gününü təbrik etməsini şəhid ailələrinə və ömür-gün yoldaşı İsmayılın ailəsinə göstərilən növbəti qayğı kimi qeyd edib.
Şəhid baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlu
Şəhid İsmayıl Qəsəbov 6 iyul 1991-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitimişdir. 2009-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2011-ci ilin aprel ayında hərbi xidmətdən tərxis olunmuşdur. 28.12.2012-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinə qəbul olmuş və orada xidmət etmişdir. Sonra xidmətini "N” saylı hərbi hissədə davam etdirmişdir. DİN-nin DQ-nın "N” saylı hərbi hissəsində XTD-də, 5-ci XƏQ-nun, 2-ci XƏ yarım qrupunda atıcı qumbaraatan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) baş çavuş İsmayıl Qəsəbov 07.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 12.11.2020-ci il tarixdə doğulub boya-başa çatdığı Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Ailəliydi, Mərd və Uğur adlı iki azyaşlı oğul övladı yadigar qalıb.
Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan baş çavuş İsmayıl Qəsəbovun döyüş meydanında göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhidimiz ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bu gün torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş İsmayıl Qəsəbov kimi qəhrəman oğullarımızla hər kəs fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyir. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuz olan şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır. Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!.
GOYEZEN.AZ
Facebook-da paylaş