27 Sentyabr – Anım Günü Vətən yolunda canından keçən Şəhidlərimizə dərin ehtiramın ifadəsidir
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib” sözlərini qürurla xatırlayırıq. Ölkə başçısının da səsləndirdiyi kimi, “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”. Müharibənin qaçınılmazlığına gəlincə rəsmi İrəvanın işğalçı siyasəti və saxtakarlığı müharibəni qaçılmaz etdi. Rəsmi İrəvan Azərbaycana qarşı uzun illər ərzində düşmənçilik siyasəti aparırdı. Tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti 200 ildən çox davam edirdi. Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları dövrdən etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. İfrat millətçilik üzərində qurulmuş Daşnaksutyun siyasəti hər kəsə yaxşı məlumdur. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Rəsmi İrəvanın “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasına gəlincə 1948-1956-cı illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1987-ci ildən başlayaraq daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. O da yaxşı məlumdur ki, xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Bağanıs Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. “İkili standartlar” siyasətinə gəlincə müharibəni təhrik edən əsas amillərdən biri beynəlxalq təşkilatların “ikili standartlar” siyasəti oldu. Münaqişəsinin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Birləşmiş Millətlər Təşkilatı (BMT) işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Belə ki, Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir. Müharibəni təhrik edən erməni təxribatlarına gəlincə 30 il ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. Azərbaycan xalqı işğalla heç zaman barışmamışdır. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar vermişlər. Sülhsevər və tolerant Azərbaycan xalqının “səbir kasasına” son qoymuş hərbi təxribat bütün dünyanın gözü qarşısında baş verdi. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Şanlı Qələbə ilə bitmiş 44 günlük Vətən müharibəsi illər ötsə də heç zaman unudulmayacaq. İşğaldan azad olunmuş ərazilərə gəlincə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Qələbə hərbi-siyasi yollarla təmin edildi. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür. Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur. Qələbəmiz milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Biz şəhidlərin qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. Anım Günü dərin ehtiramın ifadəsidir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Dövlət hər zaman öz əsgərinin yanındadır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olmuşdur. Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması mühüm addım idi. Yeni medal və ordenlərin Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı. Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılır. Muzeydə Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini nümayiş etdirəcək. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 18 mindən yuxarı hərbiçi öhdəliyə götürülmüşdür, 93 milyona yaxın vəsait müvafiq istiqamətlər üzrə xərclənmişdir.
Facebook-da paylaş